Friday, December 11, 2015

Ukrayna Parlamentində baş nazir Yasenyuka hücum edən millət vəkilinin görüntülərini izlədim.
Çox sevindim, şad oldum Ukrayna Parlamentindəki bu hadisəyə.

Ukrayna xalqı adına sevindim.

Niyə, nə üçünmü?

Anlatım o zaman.

 Hücum edən tərəf əlində bir dəstə qırmızı gül ilə, çıxış edən baş nazirə yaxınlaşıb, ilk öncə gülü ona verib, sonra isə zor tətbiq edərək onu kürsüdən uzaqlaşdırmağa çalışıb. Hətta gücü çatmadığından onu qucağına alaraq kürsüdən kənarlaşdırıb. Nə gözəl mənzəridir deyilmi?

Davanın olması deyil, azadlığın olmasının gözəlliyini deyirəm.

 Demokratiya bu olsa gərək. Fikir ayrılığı olan yerdə inkişaf var, bu da onun örnəyi. Yəni millət vəkili baş nazirlə razılaşmır və ona etiraz edir (biraz fərqli etiraz şəkli olsa belə).

Millət vəkili, adından da göründüyü kimi millətin müdafiəçisidir. Yəni millətin, onu seçənlərin istəyi, arzusu ilə baş nazirə etiraz edir, onların rifahı uğrunda. Ya xalq çıxıb küçələrdə etiraz etməlidir, ya da xalqın vəkili parlamentdə etiraz etməli, məsələni həll yoluna qoymalıdır.

Normal hökumətlərdə bu hal Parlamentdə tez-tez təkrarlanır, hətta yumuruq davalarına kimi gedib çıxır. Çünki normal olan elə budur, deputatların bir ağızdan razılaşmaması, müzakirə aparması. Sonunda davanın olması əlbət xoş görüntü yaratmır, amma çəkişmənin fonunda olan bu dava inkişafın başlanğıcıdır.

Millət vəkilini xalq seçir ki, onun hüquqlarını ali organda təmsil etsin, onun rifahı üçün qanunları qəbul etsin və ya əksinə. Bu zaman xalqın görəcəyi işi onun vəkilləri edir. Yəni xalq kütləvi şəkildə bir –biri ilə dalaşacaqsa da, artıq bunu onların vəkilləri edir. Mübahisələr, davalar küçələrdən parlamentə daşınır və orda həll edilir. Bu davaya da bu prizmadan baxmaq lazım. Yoxsa bizin susqun cəmiyyət və ona adekvat parlamentdəki “mədəni” görüntü geriçilikdən başqa bir şey deyil.

Bunun, davanın, çəkişmənin olmadığı ölkələrdə isə...

Məsələn bizim Azərbaycan Parlamenti. Və ya başqa adı ilə desək Prezidentin vəkillərinin toplandığı Prezident aparatının qanuniləşdirmə işində səlahiyyətli qürumu...

Prezident tərəfindən təyin olunmuş 125 nəfər (burda haşiyəyə çıxaraq bu sayı 124 də etmək olar, nə də olsa diktatorun xanımı öz “kruqundan” girib parlamentə) zalda əyləşir, başdan nə təlimat gəlsə hamısı bir ağızdan “amin” deyir. Hətta yaşı 80 haqlamış və gəzə bilməyən deputatcığazların əvəzinə də gənc deputatcıqlar masa-masa gəzərək düymələrə basır, başqasının yerinə də “amin” deyir. Hələ utanmadan dövlət quran, oturduğu parlamenti quran Rəsulzadəyə dil uzadır, ağaları tərəfindən dil uzatdırılır.

Hələ baş nazirdən danışmıram. O fağırı heç vaxt parlamentdə, iş başında görmədik ki. Hələ bir ona etiraz edən kimi isə də müzakirə edək. Yaşlı başlı adamdır. Nə dili söz tutur, nə də ayaqları sözünə baxmır ki, on addım atıb parlament tribunasına çıxsın. Onun vəzifəsi susmaq, susmaq və yenə də susmaqdır. Sanki adam “nivdimkadır”. Ara sıra diktatorun diktator dostları yaxasına medal parçası asır ki. Bu adam hələ də yaşayır fikrini cəmiyyətdə oluştura bilsinlər. Məsələn Lukaşenko ona bir medal taxıb ki, bunu yalnız mətbuatdan oxuduq. Heç olmaya iki şəkil də olsa çəkdirib adamı “şərəfləndirməyiblər”. Yəni bu qədər “gözəgörünməz varlıqdır”.

Keçək parlament davalarına. İndi Ukrayna parlamentindəki davadan bizim ağzıgöyçəklərin bir qismi “ayıb olsun”, “belə deputat olar?”, “deputatlar dalaşmamalıdır" kimi sərsəm fikirlər yürüdür. Qınamalı deyil əslində. Adam harda görüb, hardan bilsin ki, deputatlarda fikir ayrılığı normal haldır. Gözünü açandan susqun kölələri, qul kimi deputatları görüb. Birdə deputatxanamızın spikeri Oktay Əsədovun o məhşur sözünü eşidib – “parlament siyasi çəkişmələrin yeri deyil”.

Utanmalı olan susqun parlamentdə oturanlardır.


Rəsul Mürsəlov. 

No comments:

Post a Comment