Sunday, January 10, 2016

Möhtərəmin kabineti

Rəsul Mürsəlov

Möhtərəmin Kabineti.

Möhtərəm çıxış etdi, bir çox məqamlara toxundu.

Zatən bizim analoqu olmayan nazirlər kabineti toplananda bir tək möhtərəm çıxış edir, nazirlər yazır. Bəlkə də yazmırlar, kağızda şəkil falan çəkirlər. Axı nə yazacaqlar ki? Hər dəfə eyni nağıllardı. İllər keçir, hər şey dəyişir. Dəyişməyən bircə sistemdir, yerinə sayır. Nazirlər... Analoqu olmayan sayda nazirlimiz var, heç biri də bir işə yaramır. Həmişə də kabinet toplantısında hərəsi bir işlə məşğul olur. Ona görə də hərəsi bir sahədə inkişaf edir. Məsələn Kəmaləddin Heydərov o qədər nazirlər kabinetində möhtərəm danışarkən dinləyib, dinləyib sıxılıb ki, artıq özünə məşğuliyyət tapıb. Artıq Kəmalləddin ağa bu sıxıcı vaxtı dəyərləndirmənin yolunu, önündəki kağıza musiqi bəstələməklə keçirir. Axı musiqi kimi çıxış edən insan var qarşısında, ondan "İLHAM" almamaq mümkünmü?

Sabahda filan eşidəcəyik ki, Ağabala rəssam olub, Samir Şərifov repçi, Əli Həsənov rəqqas və.s

Adamlar boş oturacaq deyillər ki, özlərini inkişaf etdirəcəklər əlbət.

Keçək baş rolun qəhrəmanı, möhtərəm İlham ağaya.

Söhbət gəzir ki, bu insan bir ölkənin prezidentidir. düzü mən inanmıram, amma elə deyirlər. Olsun, fərz edək ki, həqiqətən prezidentdir.

Bu möhtərəm insan nazirlərə nə danışdı bu gün? Xatırlayaq.

Maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıq verib. Kimə? Bayaq haqqında bəhs etdiyimiz Samir Şərifova? Axı o rep ilə məşğuldu. Maliyyədən ona nə.

Hələ bir görün nə deyir: "bu kimi məsələlərə ictimai nəzarət olmalıdır". Kim etsin o nəzarəti? İctimaiyyət içəridədi axı. Çöldə olanlar edir də onsuzda, sən dinləmir, görmürsən cənab möhtərəm, analoqsuz DİKTATOR.

Möhtərəm ardınca vurğulayır ki, "ölkədə biznes mühitinin yaxşılaşdırılması şərtdir". İnsan az qalır əlini əlinə vurub "düz deyir də adam" deyə qışqırsın. Amma bu da hər zaman oxuduğu nağıllardan bir parça, yəni yadında qalan hissəsidir, söz olsun deyə deyir. Axı İlham ağa bilməmiş deyil ki, biznes deyəndə, ölkədə öz ailəsinin biznesi var sadəcə, qalanlar ya yoxdu, ya həbsdə, ya da qazandığını sənə verib oturub. Həə, sənin ailə biznesinə söz deyən olubsa, bax o zaman düz deyirsən, biznes mühiti yaxşılaşdırılmalıdır, kimsə onlara gözün üstə qaşın var deyə bilməz.

Möhtərəm sahibkarlara kreditlərin verilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini bildirib. 

Sahibkarlara kreditlərin verilməsi? Sual çıxır ortaya: Dollarla, yoxsa manatla?

Bank sektorunda islahatların aparılması. Bəh-bəh, nə gözəl. Artıq Əliyev ailəsinə məxsus olmayan banklar bağlanacaq. Onsuzda bu bankların sayı çox azdı. 

Diktator sanki bu krizi yalnız özü yaşayır kimi düşünür. Fikir verin, sanki şirkətin toplantısı keçirilir, müdir tapşırıqlarını verir. Hər şeyin sonu şəxsən özünə bağlıdır.

İslahatın ardınca görün nə deyir möhtərəm? Özəl bankların fəallığının artırılması. Yəni özəl bank demək, Əliyevin ailəsinə aid bank deməkdir. Bu böhran vaxtında da öz xeyrini yaxşı güdür, yaman istifadə edir. Dediyim kimi, şirkət idarə edir sanki.

Ardınca nə deyir cənab diktator? Manatın dəyər itirməsindən sonra müşühidə edilən qiymət artımı, yerli məhsullara şamil edilməməlidir. Adama deyərlər ki. yerli məhsul nəyə deyirsən? Ölkədə xaricdən aslı olmayan bir məhsulun adını çək, qiymətini artırmayaq. "Azərsun" deyib bağıra bilərsən. O zamanda bir igid lazım ki, ağzının üstünə şilləni vura, kəs səsivi deyə. Birincisi "Azərsun" sənin şirkətindi və elə ən yaxşı sən bilirsən ki, burda istehsal edilən yağın qutusu da xaricdən gəlir, şəkərin kartonuda. Bu şirkətdə xaricdən gəlməyən bircə fəhlələrdi, onlarında qiyməti artmayıb, hətta azalıb. Bu ölkədə nə istehsal edilir, adını çək, cavabını verim. Heç nə !

Deyir bəzi işbazlar qiymətləri qaldırmaq istəyir. Biri ordan demədi ki, ölkədə 50% qiymət artımı olub, istəyir nə sözdü?

Kim deyə bilər ki, bunu. İlham ağanın biznesini necə vursun rəssam, repçi, bəstəkar nazir?!

Adamda necə üz olmalıdır ki, "mənə məlumat çatıb ki, bəzi işbazlar qiymətləri süni şəkildə artırır" desin?

Soruşsan hardan çatıb məlumat, deyəcək ki, necə yəni hardan çatıb? Yoldaşım, qızlarım məşğuldu bu işlərlə, özüm məşğulam. Bizim ailənin işlərindən xəbərim olmasın?

Hələ bir prokurorluğa iş tapşırır, televiziyalar bu məlumatları işıqlandırsın deyir.

Birincisi prokurorluğun işi məlum, insanları şərləmək, rüşvət almaq, ölüm işlərini ört-bas etməkdən vaxtları yoxdur sənin tapşırıqlarına və ya nağıllarına baş qoşsun.

İkincisi isə televiziya haqqında sizə olmuş bir hadisəni qısa nəql edim, işin nə yerdə olduğunu özünüz düşünün.

Ölkədə müstəqil televiziya yox, bəlli. Bu televiziyaların içində biri var ki, orda olan hadisəyə bilmirsən güləsən, ya ağlayasan.

Deməli İlham Əliyev bir tədbirdə çıxış edir, çıxışında məmur özbaşınalığı, rüşvət falan danışır, məmurları təngid edir. Sonra bu çıxış efirə hazırlananda, redaktor müxbirə deyir ki, çıxışın bu hissəsini kəs, təhlükəli çıxışdır. Təsəvvür edirsiz, adam senzuraya necə qapdırıbsa özünü, hətta sensuranı tətbiq edən diktatorun çıxışına belə təhlükəlidir deyərək senzura tətbiq edir.

İndi bu cür ölkənin başında duran bir DİKTATOR durub ciddi-ciddi iş görməkdən danışır, insanları ələ salır.

Ayıb, ayıb, heç olmasa sus. Çəkil milyardlıq malikanələrindən birinə, qocalığını yaşa, əl çək bu insanlardan.

İki yolun qalıb - ya gedəcəksən, ya da gedəcəksən. Bu il son ilin.

QaynarXeber.Az