Monday, December 14, 2015

KİTAB qalmaqalı - qalmaqallı KİTAB


Bir gün 14 cü kolonda çaxnaşma düşdü. Hər dəfə "yuxarıdan" gələn olanda belə olurdu, bu dəfə  də gəlmişdilər. Mən olan bitəndən xəbərsiz, günorta barakda idim. 5 ci barak, 2 ci yataqxanada yerləşən, girişdə sol tərəfdən ikinci “kupe”, 1 ci mərtəbədəki yerimdə, ədyalın altına bürünmüş, adəti üzrə günorta yuxumu yatırdım.

Burada günortalar yataq yerində yatmaq olmazdı, ağır cəza, suç sayılırdı. Rəisin təlimatına görə günortalar yataq yerində nəinki yatmaq, heç oturmaqda olmazdı. Qanunla, yəni cəzaların icrası məcəlləsinə görə məhkumun saat 14:00-16:00 arası istirahət hüququ vardı. Ancaq hər sahədə olduğu kimi burda da qanunlar yalnız yazıldığı kitabın yarpaqlarında, kitab isə rəflərdə qalır, tozlanırdı.
Bu yasağın səbəbi hər sahədə olduğu kimi, yenədə rəhbərliyin pul qazanması ilə bağlı idi. Belə ki, yasaqlanmış günorta istirahətindən nazor heyyəti pul qazanırdı. Rəis böyük pulları yeyərkən onlara da bir şey verməli idi, o isə bizi, məhkumları vermişdi nazorların əlinə - “fərasətiniz olsun, basın yeyin məhkumu” demişdi. Onlarda rəisin yediyi ətin (məhkum) sümüyünü gəmirə bilirdilər. Hansı birini dindirsən rəisdən şikayətlənirdi, “özü yeyir bizə saxlamır” deyirdilər. Haqsızda deyildilər düzü. Rəisdən onlara yalnız əti didilmiş sümük qalırdı nazorlara.“Nə qədər sümük gəmirsin ki, bu yazıqlar” – deyə düşünür, “üzülürdü” insan.

Məhkum ovlama prosesi belə başlayırdı: Günorta öz yataq yerində uzanır, istirahət edir, gözünün acısını alırdı məhkum. Nazorlar sinsi-sinsi, müxtəlif taktikalarla işə girişir, baraka pusqusu qurur, məhkumları “suçüstü” yaxalamağın hesablarını edirdi. Əlbət buna qarşı məhkumlarında öz metodları vardı. Məhkumlar barak qapısına gözətçi qoyur, nazor gələrkən isə gözətçi parolu səsləndirirdi. Gözətçi yüksək səslə “atas” deyə bağırdığı an barakda ayaqqabılı uzanmış məhkumlar dik atılır, yerlərindəki qırışı düzəldir, guya tumboçkasından bir şey almağa gəlmiş kimi hərəkət edirdilər.

 Maraqlısı o idi ki, məşhur “atas” sözünü, yəni nazorun gəlməsini işarə edən bu anlamsız sözü gəzdiyim beş tür türmənin hər birində eşitmişəm. Yəni “atas” kəlməsi “ümumi dustaq” sözü idi və təbii ki, bunu türmə sistemində işləyən hər bir nazor da bilirdi. Ancaq “yazıq” nazor gözətçinin “atas” deyə bağırmasına nə edərdi, hansı cəzanı verərdi ona? Heç nə edə bilmirdi. Çünki adam “nazor gəlir” deyə bağırmamışdı ki.

 Hər iki tərəf – müştərisini itirmiş nazor və daha ucuz (ən yaxşı halda pir paket siqaret və ya normal zamanda 20 qəpik) qiymətə xidmətini layiqincə davam edən, “vəzifə borcu”nun öhdəsindən gələn, yəni dustaqları nazor bəlasından qurtaran tərəf bir birinə xoş gülümsəmə ilə ürəklərində söyüşlər yağdırırdılar. Nazor onun üzünə söz deməyə cəsarət edirdisə, “20 qəpiklik” məhkum çoxda dərinə gedə bilmirdi. Nazor qəzəbli halda, müştərisini qaçırdığı üçün onun özünü bir gün “yandıracağını”, yəni tələyə salacağını deyir, ardınca isə onu tutduğu halda pul ilə qurtula bilməyəcəyini, rejim rəisinin yanına aparacağını hayqırırdı.

“Bu gün 20 qəpiyim oldu, sabah allah kərimdir” düşüncəsi ilə yaşayan gözətçi məhkum isə xoş gülümsəmə ilə nazoru yola verir, 20 qəpiyini qazanmanın və məhkum yoldaşlarını qurtarmanın sevincini yaşayırdı. Ancaq ürəyində də düşünmədən qalmırdı: “birdən məni “yandırsa”, həqiqətən manatını alıb əl çəkməsə və rejim rəisinin yanına aparsa?”. Suallar beynini qurdalayırdı. Axı həqiqətən rejim rəisin yanına gedəcəyi halda nələrin ola biləcəyini dəfələrlə görmüşdü, bilirdi. Rejim rəisi – adında “rəis” sözü olan bu “cəllad” əlbəttə nazor kimi ucuza iş görmürdü. Onun “haqqı” üç rəqəmli məbləğlə idi. Həm də işgəncə vermə, kars zülmü kimi yüksək “səlahiyyət” sahibi idi. Onu ən yaxşı dustaq Vova anlatırdı: “kəsdiyi başa sorğu yoxdur” deyirdi rejim rəisindən bəhs edərkən.

Gözətçi bilirdi, tanıyırdı rejim rəisini, illərdir onunla eyni kariyerin tozunu udur, Qızıldaşın palçığını tapdayırdı. O iki insanı fəqrləndirən bir neçə cəhət vardı: birində paqon var, digərində Qızıldaşın çöllüyündə tozlanmış çiyinlərini yandıran günəşin solğunluğu. Biri axşam evinə gedirdi, digəri yüzlərlə insanın bir arada yatdığı o soyuq, tozlu baraka. Biri evdə övladlarını sevib əzizləyirdi, digəri qanunların izin verib, telefonçu Cahangirin “pulun yoxdusa sürüş burdan” deməsi ilə balasının səsinə həsrət yaşayırdı. Biri saatlarını sayırdı işdən çıxmaq üçün, digəri illərini sayırdı bu cəhənnəmdən qurtulmaq, azadlığa qovuşmaq üçün.

Gözətçi ona görə yaxşı tanıyırdı rejim rəisini ki, məhkum yoldaşının onun otağında necə alçaldılmasını görmüş, necə işgəncə edilməsinə şahid olmuşdu. Bütün bunlardan sonra isə evinə zəng eərək pul gətirmələrini istəmişdi məhkum yoldaşı – çünki pulu rejim rəisinə verməyə məcburdu. Əks halda canını orda tapşırardı məhkum. Və gözətçi buna görə ehtiyyat etməli idi. Nazorun caynağına keçib, dünən qazandığı 20 qəpiyin burnundan gəlməməsi üçün.

                                                          
* * *
(Kitab qalmaqalı - qalmaqallı Kitab (1 ci hissə) » QaynarXeber.Az)

Yatağımın şiddətli sirkələnməsi ilə oyandım. Üzüqoyulu yatdığımdan kim olduğunu görmürdüm. Kim cəsarət etmişdi yatağımı silkələyib məni yuxudan oyatmağa – deyə düşündüm. Axı nazor heyyəti yaxşı bilirdi ki hər gün günorta yatıram və heç kimin hünəri deyildi oyatsın, yuxuma haram qatsın. Ancaq saat 16:00 “razvoduna” (məhkumların sayım düzülüşü) oyanırdım yuxudan. Bəs bu kim idi deyə başımı qaldırdım, məhkumlardan biri idi, “oyan, zona yoxlama gəlib, əsil sənlikdi” deyib qımışdı. Bəli əsil mənlik idi. Hər dəfə zona aid olmayan, yeni bir paqonlu gələndə ilk mən qarşılayır, zonun özbaşınalıqları haqqında danış, rəisi üzüqara edirdim. Yenə danışmağa, haqsızlıqları hayqırmağa adam düşəcəkdi cənəmin altına. Yerimdən cəld qalxıb gələnin kim olmasını, nə səbəblə Qızıldaşın tozanağına təşrif buyurmasını soruşdum - əynimi geyinərkən.

-      
“Kitab axtarırlar zonda” deyə cavab verdi illərin məhkumu.

-      
Nə kitab? – deyə heyrət etdim.

-      
Samir Sarı “X günü” – dedi.

Yerimdən fırladım və zonun həyətinə çıxdım. Arxeyin, yeni bir maraq axtaran bir qrup məhkum məni gözləyirdi barakın həyətində. Dəstə məni görcək yaxınlaşdı. İçlərindən çoxbilmiş olan birisi məruzə etdi; “deməli Pentensiyar Xidmətdən, Ədliyyə Nazirliyindən 3 nəfər adam gəlib. İndi rəisin otağındadılar. Rəisin çayçısı xəbər verdi ki, onlar Samir Sarı imzasında olan “X günü” adlı kitabın ardınca gəliblər. Zonda belə bir kitab var və onu tapıb aparacaqlar”.

Bu kitab haqqında bilgim var idi, kitabın Heydər Əliyevin o məşhur ölümünə həsr edildiyi, onun ölümünü ironiyalı şəkildə oxuculara çatdırmasını bilirdim. Ancaq heç oxumaq şansım olmamışdı. Həm yazarın “Müsavat” qəzetindəki köşə yazılarını da maraqla oxuyurdum. Maraq məni bürüdü. Nazirlik bir kitabın üstünə bu qədər düşübsə, bu işdə bir iş var deməli. Kitabı tapmaq, qorumaq lazımdır deyə düşündüm. Öz “əhlimə” (zonda əhil bölgə insanlarının bir növ qeyri qanuni təşkilatıdır) xəbər yolladım, həm də başıma toplaşan məhkumlara səsləndim ki, kitabı onlardan qabaq tapmaq lazım. Kitab tez tapılsın və mənə çatdırılsın, mən onlara verməyəcəm onu. Dustaqlara kitabdan çox sonrasındakı proseslər maraqlı idi. Onlar üçün önəmli olan kitabın tapılıb mənə verilməsi, sonrasında isə mənim nazirlik işçiləri, zon rəhbərliyi ilə olan qarşıdurmam maraqlı idi. Bir neçə dəqiqə içində zonda səs yayıldı – kitab tapılsın !

Nazirlikdən gələn heyyəti zon rəisi və müavinləri müşaiyət edirdi. Zonun qapısından içəri addım atmışdılar k, qarşılarını kəsdim. Rəisin rəngi ruhu qaçdı – “bu hardan çıxdı qarşımıza” deyə ürəyində məni söyür, yerdən yerə vururdu. Mən isə onların zonun kitabxanasına getdiyini bilir, buna görə əngəlləməyə, zaman qazanmağa çalışırdım. Ərizələrimin dövlət qürumlarına göndərilmədiyini falan anlatdım. Sonra əlavə etdim ki, Ədliyyə Nazirliyi və Pentensiar Xidmətə olan ərizələrimi hazır siz burda ikən verim çatdırın. Rəis tez araya girib sərt baxışları ilə gözümün içinə zilləndi: “ver ərizələrini yollayaq da” deyib hələ bir minnətdə etdi. Ağalarının yanında boynunu bükmək şansını vermişdi əlimə. Tez sözünün davamını gətirməmiş dilləndim: nə vaxt mənim ərizələrimi yollamısız. Zondakı rüşvətdən şikayət edirəm, qanunsuzluq, özbaşınalıqdan şikayət edirəm, elə buna görə də ərizələrim göndərilmir – deyib nazirlikdən gələn qonaqlardan birinə,  yekə qarın müəllimə baxdım. Qonaq güya Avropa qürumundan gəlmiş biri kimi maraqla və “belə də iş olar” anlayışlı ifadə ilə rəisə baxdı. Bu rəisin azı 1000 manat ziyana düşməsi deməkdi. Digər qonaq, yekə qarından vəzifəcə aşağı olan qara dəftərçəsində qeyd apardı. Çox güman ki, bu hərəkətinə görə rəisin adının qarşısına “+1000 manat” yazmışdı. Rəisin dili pəltəkləməyə, məni necə uzaqlaşdırmağı düşünməyə başlamışdı ki, müavini köməyə çatdı – “yoldaş məhkum, siz ərizələrinizi hazırlayın və sonra mənə çatdırın, mən sizə söz verirəm ki, göndərəcəm”. Rəis müavini, sözdə tərbiyyəvi işlər üzrə müavin olan Natiq Hacıyev aö yalan danışırdı. Elə buna görə də güldüm və əlavə etdim:

- 
Natiq müəllim, bu neçənci yalan vədinizdir? Siz deyildiz mənə deyən ki, “kimdən kimə şikayət edirsən, ordan nə desələr biz onu edirik. Nazirlikdən əmr var, sənin o boş-boş ərizələrin çıxmasın zondan” deyən?

Natiq Hacıyevi elə bil tok vurdu. Qırmızı sifəti daha da qızardı və ulğumunda ilişmiş səsi ilə qonaqlara əli ilə yolu göstərib “buyurun gedək” dedi. Yekə qarın qonaq üzümə baxıb “sən kimsən” deyə sual etdi.

-      
Ad soyadım və ardınca eşitmək istəmədikləri “siyasi məhbus” sözünü əlavə etdim.

Müavinin göstərdiyi istiqamətdə hərəkətə başladılar, səssizcə, heç bir cavab vermədən.

                                                                    
* * *

Kitabxananın önündə bir gözətçi, ordan çıxacaq xəbəri maraqla izləyirdi. Zonda başqa bir abu-hava vardı. Hər kəs kitab axtarışında idi. Rəisdən tut müavinə, nazirlik işçilərindən tut kitabxana çalışanına, dustaqdan tut rəisə işləyən satqın dustağa kimi, hamı, hər kəs axtarışda idi. Kitab yoxa çıxmışdı sanki. Ara sıra biri çıxır ortaya, mən filan yerdə, filankəsin tumboçkasında görmüşdüm deyir, 3-4 nəfər həmin baraka şığıyıyırdı. Amma kitab yer yarılmış, içinə girmişdi. Tapılmırdı, yox olmuşdu.
Nazirlik işçiləri kitabxanadakı bütün kitabları rəflərdən boşaldır, dənə-dənə kitabları incələyirdi. Saatlar keçir, kitabdan səs –soraq çıxmırdı. Və axşam olmuş, kitabxanada tapılmayan kitabı barakda, məhkum tuboçkalarında axtarış başlanmışdı. Bizim barakdakı axtarışda öz 2koykamda” oturmuş, şəxsi tuboçkama mənsiz baxış keçirilməsindən narazı olduğumu bildirmişdim.

 
Yekə qarınlı nazirlik işçisi razılaşdı, “otur  bax, yemirik sənin əşyalarını, kitablarını” dedi. Tumboçkamı böyük həvəs və son ümid yeri kimi incələyən yekə qarın məmur ordan bir neçə kitabı götürdü, diqqətlə baxdı və yerə qoydu. Dəftərlərimi qurdaladı, yazılara nəzər yetirdi. Bir sürü göndərilməmiş ərizələrə baxdı və sonra qazıntıdan qızıl tapmış üz ifadəsi ilə dönüb rəisə baxdı. Bu baxış bayaq dediklərimin təsdiqi idi və buna görə rəisi yolacaqdılar. Bu baxışda “rəis pulu hazırla, yoxsa evini yıxaram” demək ifadəsi vardı. Yazıq rəis isə mal-mal gözünü döyür, “axı yuxarıdan izin olmasa mən kiməm ki, onun ərizələrini saxlayım” deyərcəsinə baxır, necədə zibilə düşdüyünü içində deyir, dodaqlarını gəmirirdi.
 Həqiqətən necə də axmaq sistem idi. Rəisə deyirlər (tək rəis deyil, hər sahədə bu belədir. Sadəcə hazırda söhbətin qəhrəmanı rəisdir) ki, kəs onun səsini. O da rejimə boyun əymiş kölədir, nə desələr edəcək. Sonra ona o sözü deyənlər bunu onun özünə qarşı işlədir, “qanun pozmusan” bahanəsi ilə onun pulunu alır, yolurdular. Bax anlatdığım da bu idi özündən üst vəzifə görəndə boynu bükülən, başqa vaxt aslan kimi kükrəyən zavallıya.
 
Tumboçka eşən yekə qarın “Ovod”un üstündə yaman çox durdu, başını qaldırıb mənə baxdı və “bu nədir” dedi.

-      
Kitab – deyə gülümsədim.

-      
Görürəm kitabdır, bunu oxuyub hökumət dəyişəcəksən?

-      
O kitabı milyonlarla insan oxuyub, hamısı hökumət dəyişib?

Yekə qarının səsi kəsildi. Kitabı da təhlükəli hesab etdiyindən müsadirə üçün rəis müavini qırmızı sifət natiqə verdi. Natiq üzərimdə qələbə çalmış kimi sevinclə kitabı aldı. Bilirdim ki, mübahisə mənasızdı. Ona görə heç mübahisə etmədən dedim sözümü sancım. Ürəyim rahatlasın. Yekə qarına müraciətlə: “o kitabı ilk dəfə 11 ci məktəbdə oxuyarkən, 11-12 il əvvəl oxumuşam, ikinci dəfə 4-5 il əvvəl, üçüncü dəfə isə burda oxuyub bitirmişəm. Hökumət dəyişməyin yolunu daha əzbərə bilirəm, sizə hədiyyəm olsun” dedim və gülümsədim. Daha bir kitabı, Corc Oulelin “1984” ü götürüb uzatdı uşaqtək sevincək olan Natiqə. Əlavə etdim, onu da ikinci dəfə idi oxuyurdum, bitirmişəm.
 Kitabları həqiqətən neçənci dəfə idi oxumuş və bitirmişdim, yoxsa bir gözəl qırğın salardım, dirənərdim. Amma ki, dəftərlərimə əl, dil uzatsaydı. O zaman işin rəngi dəyişərdi. Sadəcə iki “təhlükəli” kitab aşkarlayıb barakı tərk etdilər. Yol üstü dedim bir soruşum, hansı ağılla o iki, bütün dünyanın, ölkəmizin yarısının oxuduğu bu kitabları zərərli hesab ediblər. Yekə qarına müraciətlə “o kitablar niyə zərərli olsun ki” dedim.

-      
Bunu sən yaxşı bilərsən – cavabını verdi mızıldanaraq.

-      
Yəni o kitablarda yazılanlar (əsasən “1984” ü nəzərdə tutaraq) ölkəmizdəki durumu göstərir, ona görə də zərərlidir hə? Birdən dustaqlar bilər ki, hazırki bizim yaşadığımız durumu 65 il öncə qələmə almışdır Oulel? – deyib gülümsədim.

Cavab vermədi. Nə deyəcəkdi ki? Susdu və heç eşitmirmiş kimi davranaraq yoluna davam etdi. Saymazyana, yekə qarnına arxeyin bu padoş sifət nə cavab verə bilərdi ki.
 
Baraklardan da bir şey çıxmayınca yenə rəisin otağına çəkildilər. Ordan çay içib, haqlarını alıb gedəcəkdilər. Rəisin puluna bu ay da gözlənmədik qonaqlar qonmuşdu.

Nazirlikdən “X günü” üçün gələnlər onu tapmayınca, başqa bir müxalifətçini “zərərsizləşdirmişdilər”. Ən azından nazirliyə əli boş getmirdilər.
 Amma bu “X günü”nün axtarışı beynimdə uzun sürə “X” kimi qaldı. Nədən idi bu təlaş? Kim nə demişdi ki, nazirlik bu qədər ciddi düşmüşdü bunun üstünə? Sonralar nə kitab tapıldı zonda, nə də onun axtarışı üçün olan təlaşın anlamı.
  Bir onu bilirdim ki, Samir Sarı imzalı yazar yaman od vurmuşdu “X günü” ilə hakimiyyətə. Kitabı həbsdən çıxandan uzun sürə sonra oxudum. Axtarışa dəyərmiş deyə düşünüb güldüm hətta o günləri xatırlayaraq.
Rəsul Mürsəlov

No comments:

Post a Comment