Sunday, April 30, 2017

Mehmanı birlikdə öldürdük


Bir vaxtlar məni də öldürmüşdüz zindanda, Siz, vətəndaş cəmiyyəti. Siz, siyasilər, demokratlar, insan haqları hayqıranlar.
İndi Mehmanı öldürdük, bu dəfə sizə şərikəm. Birlikdə öldürdük Mehmanı!
2012-ci ilin iyun ayının 18-də həbs edilmişdim. Əslində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları həbs etməmişdi, girov götürmüşdü məni. Yeddi gün durmadan ən ağır işgəncələrə məruz qaldım (hələ də acısını çəkirəm). Yalnız 26 iyun tarixində rəsmi açıqlama oldu – sərhəd pozarkən yaxalanmışam. Sualların üstündən keçirəm – sərhəd pozurdumsa, MTN niyə tuturdu, sərhəd pozana elektrikli işgəncə niyə verirlər, sərhəd pozanı 7 gün girovluqda niyə saxlayırlar və ən əsası bir dəlil varmı göstərməyə sərhəd pozduğuma dair?..
Daha sonra Səbail Rayon Məhkəməsi 2 aylıq sanksiya ilə MTN dən canımı qurtarıb Kürdəxanıya göndərdi. 2 ay keçməmiş siyasilər həbsimdən xəbər tutdu. Ancaq bu xəbərtutma Mehmanın həbsi kimi səssizcə qarşılandı.
Hansı ki, elə 2-3 ay öncə çiyin- çiyinə meydanlarda davamlı aksiyalar keçirirdik, çiyin-çiyinə. Halbuki hər aksiyada həbs edilir, döyülür, söyülürdük, bərabər, eyni məkan, eyni meydanda. Amma mən artıq lazım deyildim heç kimə. Tələm –tələsik Kürdəxanıdan Gəncəyə etap olundum. Tam blokadada idim – telefon danışığı, görüş yasaqdı. Meydan dostlarıma xəbər etdim, vəkil tutun mənə, ciddi işlər dönür başımda. Səssizlik… Mehman kimi ölümə tərk edilmişdim.
556 gün (MTN də saxlanıldığım 7 gün cəza müddətimə sayılmadı, həmin günləri yoxmuş kimi hesab etdilər və üzümə durdular ki, sən 26 iyunda həbs edilmisən, vəssalam) həbsdə yatdım. Nə telefon danışığı, nə də görüş hüququm vardı (mənimlə həbsdə olan digər siyasi məhbuslar bunu təsdiqləyər). Ailəm rayonda, mən Bakıda həbsxanada idim. İndi eşidirəm ki, siyasi məhbuslara yardım edilirmiş (maddi). Bir nəfər barmağını qatlasın ki, bir paket siqaret gətirib, göndərib… Yardım belə “bizim kruq”un uşaqlarına edilib - Mehmanlara olmaz. Yanımda başqa bir siyasi məhbus vardı, partiyası nüfuzlu idi. Onun yanına gələndə bir kitab da mənə vermək olmazdı? Bu bilirsiz siyasi məhbus üçün nə anlama gəlir? Amma heç vaxt olmadı. Ailəm ayda bir dəfə bağlama göndərirdi, onu da məhkumlara demokratik düşərgə, müxalifət göndərib deyirdim. İnamı qırmamaq üçün. Bildikləri halda ki, ziyarətə getdikləri zonda iki siyasi məhbus yatır, yalnız ona gəlirdi xüsusi bağlama. Heç olmasa bir məktub belə atmırdılar içinə ki, bunu da digər siyasi məhbusa ver.
Mehmanda belə yaşayacaqdı, “srok”unun axrına kimi unudulmuş olduğu üçün rejim tərəfindən daima təzyiq altında. Necə ki həbsim boyu unudulmuş siyasi məhbus olaraq təzyiq, kars, döyülmə ilə qaldım.
Mehmana da heç kim kitab göndərməyəcəkdi. Mehmanı da kimsə yad etməyəcəkdi və buna görə də rejim basqısı daima üzərində olacaqdı.
Daha necə qətlə yetirilməyə namizəd mehmanlar var zindanda. Onları da biz öldürəcəyik, nə İlham Əliyev, nə də Mehrian Əliyeva.
Mehmanı biz öldürdük, birlikdə, səssiz qalaraq.
Siz məni öldürmüşdüz, mən də çıxıb sizinlə birlikdə Mehmanı öldürdüm.
Biz birlikdə hələ çox Mehmanları öldürəcəyik. Çünki Mehmanlar NİDA-çı, Cəbhəçi, Müsavatçı deyil. Çünki Mehmanlar bizim “kruqun” uşağı deyil.
 ***
Başqa bir xatırlatma edim, birlikdə törətdiyimiz qətliamlar haqqında.
2015-ci ilin may ayında ailəm, içində 5 yaşlı uşaqdan, hamilə qadından, yaşlısına kimi, toplam 12 nəfər girov götürüldü. Fikrimcə, bu, ilk belə hal idi. Heç kimdən səs çıxmadı. Çünki mən bu “kruq”un uşağı deyildim. Səssizlik bu yolun önünü açdı. Rejim gördü ki, bu cür olay gün üzünə çıxmırsa, deməli, bu metodla daha necə insanlara “xox” gəlmək olar. Ardınca bir yazar, başqa bir jurnalist və s. bu durumla üz-üzə qaldı. Yalnız o zaman məsələ ictimai səviyyədə etiraza, beynəlxalq səviyyədə masaya yatırıla bildi. Çünki o jurnalistin, yazarın və digərlərinin mətbuatı vardı, onlar “bizim kruqun” uşaqları idi.
Rejim sınaqdan keçirir, nəyi, necə, kimə etməklə cəmiyyətdə qorxu yarada bilərəm. Biz susduqca, davam edəcək. Yaradıb, yaradacaq.
Hələ Mehmanla bitmədi, bitməyəcək.
Əsas olan “bizim kruq”du, onlara heç nə olmasın. Mehmanlar da gəlsin, mübarizə aparsın, təşkilat üzvü deyilsə, məhv olsun.
Kimsə daha deməsin insanlar niyə bizə qoşulmur - Mehman olmamaq üçün. Çünki biz mehmanları öldürür, monopoliyamıza daxil olanları göyə qaldırırıq.
Mehman Qələndərovu sayğı ilə yad edirəm. O, demokratiyanın növbəti fədaisi oldu.
Yazı MEYDAN TV də dərc edilib keçid linki - Mehmanı birlikdə öldürdük – Meydan TV

Sunday, April 23, 2017

14 cü kalon - yaşam qiymətləri.


Birqayda olaraq "az-ağır cinayətdə" suçlanan siyasi məhbuslar 14 cü kalona köçürülür.
Bunun əsası hələ Sovet vaxtında qoyulub - milli azadlıq hərəkatı lideri Əbülfəz Elçibəydə bu kalona saxlanılıb.
Adıçəkilən cəzaçəkmə müəssisəsində digər bir çox siyasi məhbus kimi mən də bir ildən çox saxlanılmışam. Orda xatırladığım şərait və biznes aşağıda ətraflı qeyd edirəm:
Kalon dörd bir yandan daş karxanaları ilə əhatə edilib. Düzənlik ərazidə azca külək əsəndə hər yanı daş tozu bürüyür. Şərait olduqca ağırdır.
Gecə yatıb səhər duranda "barak"ı tamamilə ağlara bürünmüş görürsən. Gecə əsən külək daş tozunu barakın içinə kimi üfürür. Toz hər yanı bəyaza bürüyür. Gündüz külək bir az çox olanda isə həyətdə qalmaq mümkün olmur. Tozdan görüş məsafəsi 3-4 metrə kimi düşür.
Ancaq bu rəisə sərf edir. Belə ki, alt paltarına kimi toza bürünən məhkum təbii olaraq duş almaq istəyir. Duşda isə su heç vaxt qurtarmır. Duş biznesi haqqında "hamam" bölümündə.
Bundan başqa su ən çox yaşanan sıxıntılardan biridir. Yüzdən çox məhkumun saxlanıldığı bir barak üçün cəmi 3-4 su krantı var ki, burdan süzülən su ilə qane olmağa məcbursan.
Susuzluğun başlıca səbəbi rəisin kalona gələn su borusunu yaxınlıqdakı daş karxanasına satmasıdır. Yəni zonun suyu minə yaxın məhkuma verilmədən daş karxanasına satılır
Hamam.
20 dəq. 0.8 manatdır. Hələ müştəri məmnuniyyəti üçün resepsion'da üzqırxan stanok da tedilif edilir. Tam xidmət (üzqırxan stanokla birgə + 10 dəq bonus) 1.2 manatdır. Gün ərzində min dustaqdan 200 nəfəri duşa girsə ən aşağısı 160 manat edir - aylıq 4800 AZN.
Telefon otağı.
Bir "vzv" (çağrı) 1 manatdır. Gündə təxminən 200 nəfər telefondan istifadə edir. 200 man× 30 günə = 6000 AZN.
Görüş otağı.
Məhkum qanuni haqqı olan valideyni ilə görüşməyə görə rəhbərliyə 5-20 manat pul ödəməlidir. Bu görüşə gələn qohumun sayına görə artır. Gündə təxminən 50 görüş olur ki, bu da orta hesabla (15 manat) 750 manat edir. Aya vursaq 22.500 AZN edir.
Kompyuter otağı.
Təhsil Nazirliyi və Penitensiar Xidmətin birgə layihəsi olan məhkumlara təhsil xidməti üçün CÇM dövlət hesabından kompyuterlərlə təchiz edilib. Müəyyən bir otaqda müəyyən saatlarda keçilməsi nəzərdə tutulan "təhsil ocağı"nda məhkumlar üçün "iqra salonu" fəaliyyət göstərir.
30 dəq. 1 manatdır. Porno videolara baxmaq ikiqat qiymətədir.
Təxminən gün ərzində 100 manatdan çox xeyir verən "təhsil ocağı" ay ərzində 3000 AZN gəlir gətirən sahədir.
Saç qırxımı.
Ayda bir sıra baxışı zamanı məhkumların saç kontrolu olur. Keçəl qırxılmamaq üçün ödəniləcək məbləğ 5 mantdır.
Qırxımın səhəri günü yarım saat göz gəzdirməklə cari ayın gəlirini hesablamaq mümkündür. Təxminən 200 məhkum 5 manat verib qırxımdan yaxa qurtarırsa bu aylıq 1000 AZN edir.
Bu hələ biznesin tamamı deyil.
Ən çox gəlirli sahə olan məhkəmə sisteminə keçək.
Qanunla az-ağır cinayət törətmiş məhkum cəzasının 1/3 hissəsini çəkdikdən sonra, saxlanıldığı cəzaçəkmə müəssisəsinin mülahizəsinə əsasən, CÇM yerləşdiyi əraziyə uyğun olaraq yerli Məhkəmədə işə baxılır. 14 saylı CÇM də bu görəv Qaradağ rayon məhkəməsinin üzərindədir.

Bununla yanaşı cəzasının 2/3 hissəni çəkən məhkum da eyni proseduranı - məhkəməni keçməklə şərti azadlığa çıxa bilər. Ancaq bütün bu saydığım kağız üzərində olan qanundur.

Əslində isə bu ən gəlirli sahədir.
Qiymət cədvəli isə belədir: Məhkum cəzasının 1/3 hissəsini çəkdikdən sonra məntəqə tipli CÇM yə keçmək üçün qalan müddətinin hər ayı üçün 200 manat müəssisə rəhbərliyinə pul ödəməlidir (təbii ki, bunun yarısı məhkəmə ilə bölüşdürülür). Məsələn: "A" adlı məhkumun barəsində məhkəmə hökmü ilə 3 il azadlıqdan məhrum etmə hökmü var və o bu cəzanın 1 ilini çəkib. Geri qalan iki ilini, yəni 24 ayını məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirmək üçün "A" həbsxana rəisinə hər ay üçün 200 manat, ümumilikdə 4800 manat verməlidir (biraz aşağı salmaq olur qiyməti. yaxşı danışanda. ancaq bu iri summalarda mümkündür - 300-400 civarında).
Cəzasının 2/3 hissəsini çəkən məhkum: "B" adlı məhkumun barəsində də 3 il azadlıqdan məhrumetmə hökmü var, o cəzasının 2 ilini çəkib. "B" cəzasının qalan 1 ilini şərti azadlıqda keçirmək istəyir. bu zaman "B" hər ay üçün 300 manat, ümumilikdə isə 3600 manat ödəməlidir.
Müşahidələrimə əsaslanaraq rahatlıqla deyə bilərəm ki, məhkəmə oyunu ilə aylıq minimum 30 min manatlıq dövriyyədən söhbət gedir.
Bütün bunları hesabladıqda isə aylıq 70 min manat kimi bir məbləğ çıxır qarşımıza. Hələ bura ərzaq məhsullarının satışı, həbsxana daxili mağazanın üçqat qiymətinə satdığı və ordan əldə edilən gəlir, kafedən gələn gəlir və digər bir sıra sahələr aid edilmir.

Sözdə 14 cü kalon haqqında “ən kasıb zon” deyirlər. bu ən kasıb zonun gəliri 70 min manatdırsa digərlərini siz düşünün.

Rəsul Mürsəlov.
23.04.2017

Friday, April 21, 2017

Demokratiya.


Demokratiyanı qısa bir açıqlama ilə belə anlatmaq olar: xalqın özü-özünü idarə etməsi. Demokratiyanı iki qola ayırmaq olar: birbaşa demokratiya, təmsili demokratiya.
Birbaşa demokratiya: Prezidentlik üsul idarəsi. Səlahiyyətlər prezidentin əlində olsada bu bir növ formal xarakter daşıyır. Bu tip quruluşlarda Bələdiyyə, Parlament, yerli icra hakimiyyəti orqanları birbaşa xalqı təmsil edir. Məhkəmələr azad və ədalətli olur. Nəticə etibarilə Prezident xalqla ayaqlaşmağa məcbur olur.
Təmsili demokratiya: Parlament üsul idarəsi ilə ölkə idarə edilir. Parlamenti xalq seçir və parlamentari xalqın hökumətdəki təmsilçisi rolunu oynayır. Ölkə üzrü qərarlar Parlamentdəki müzakirələr və səs çoxluğu ilə qəbul edilir.
Biz birinci qolun üzərində duraq. Çünki ölkəmiz bu üsulda idarə edilir. Bu üsulun (əslində digərinin də) şərtlərinə nəzər yetirək və sonra onların açılışına baxaq.
Demokratiyanın təməl şərtləri. * Bərabərlik. * Azadlıq. * Azad seçki. * Çoxpartiyalılıq. * Təməl haqq və azadlıqlar .
Bərabərlik bütün insanların bərabər hüquqa sahib olması deməkdir. Varlı-kasıb, məmur-fəhlə, işçi-işsiz kimi ayrıseçkilik edilmədən hər kəs bərabər hüquqa malikdir. Qanun hər kəs üçün necə bərabərdirsə, qanundan kənar hər hansı əməl də eyni cür qiymət alır. Heç kim vəzifəsinə görə qanundan yaxa qurtara bilmir. Və heç kim vəzifəsindən istifadə edərək qarşısındakı ilə fərqli tonda danışa, davrana bilmir. Bir fəhlə rahatlıqla bir naziri məhkəməyə verə və haqqını qoruya bilir. Bununlada ədalətli cəmiyyət bərqərar olur.
Azadlıq: Bütün insanlar azaddır və kimsə onların azadlığını məhdudlaşdıra bilməz. Heç kim azad davranışı, sözü və əməli (qanunla tənzimlənən) üçün məsulliyyətə cəlb edilə, hədələnə bilməz. Qanun bütün insanlara bərabər azadlıq verir. Kimsəni hər hansı fikrinin ziddi hərəkətə məcbur etmək olmaz və bunu edən president belə olsa qanunla cəzalandırılır.
Azad seçki: Ən önəmli və kilid nöqtətə məhz bu hissədir. Bütün digər amillər bu hissə ilə bir başa əlaqədardır. Belə ki, azad seçki ilə bütün bir ölkənin mənfi və ya müsbət dəyişikliyi həll edici olur. İnsanların bərabər hüquqlar çərçivəsində, dəstəklədiyi partiya, fərd və ya qərara səsvermə hüququ var. Heç kim vəzifəsi və ya mövqeyindən istifadə etməklə digrə fərd və ya qruplara səsvermə ilə bağlı basqı göstərə bilməz. insanlar güvəndiyi fərd, qrup və ya partiya səs verərək öz gələcək müqəddəratını onlara həvalə etmiş olur. İnsan özü və övladları, bütünlükdə cəmiyyət üçün ən önəmli məqam olan səsverməni azad həyata keçirməlidir. Səsvermə gizli, səs sayımı isə tam aşkar həyata keçirilir. Çoxpartiyalılıq: Demokratiyada istər Prezident, istər Parlament üsul idarəsi olan ölkələrdə çoxpartiyalılıq şərtdir. Parlament idarəetməsi üçün bu ən əsas amil kimi görünsədə, digər idarəetmə - Prezident üsul idarəsi üçün də çoxpartiyalılıq əsas və demokratiyanın vazkeçilməz təməl tərkibidir. Parlamentdə bir deyil, daha çox partiyanın təmsili fərqli fikirlərin ortaya çıxması deməkdir ki, inkişafın əsas dayağı fərqli fikir və bunun müzakirəsidir. Təkpartiyalı sistemlərdə (*missal aşağıda) müzakirəsiz olaraq Prezident Adminstrasiyası tərəfindən (yəni bir nəfərin əmri ilə) göndərilən qərar və ya qanunlar qəbul eilir və bu xalqın deyil, bir şəxsin marağına xidmət etmiş olur. Bununlada inkişaf yalnızca bir şəxsin şəxsi istəkləri ilə əvəzlənir və həmin cəmiyyətlər sürətlə uçuruma yuvarlanır.
*(Məsələn Azərbaycanı nümunə kimi göstərmək olar. Çoxları deyə bilər ki, ölkədə bir çox partiya Parlamentdə təmsil olunur. Ancaq hər kəs mənimlə razılaşar ki, bu sadəcə formal xarakter daşıyır və demokratiya imitasiyasından başqa bir şey deyil. Razılaşarsız ki, Parlamentə deputatlar bir başa prezidentin təyinatı ilə yerləşdirilir və bir ağızdan hamısı ona itaət edir. Hər hansı bir məsələ müzakirəsiz yekdilliklə qəbul edilir.)
Təməl haqq və azadlıqlar: Dini, dili, cinsi, siyasi görüşü, social durumundan asılı olmayaraq hər kəsin təməl hüquq dediyimiz azad yaşamaq hüququ var. Bunu heç kim, heç bir qüvvə yasaqlaya, əngəlləyə bilməz. Təməl haqq və azadlıqlar həm də yuxarıda qeyd etdiyim hüquqların toplamıdır.
Rəsul Mürsəlov. 17.04.2017