Saturday, December 19, 2015

Həbsxana məktubları.

Həbsxana məktubları.

"Allah qismət etsə 50 gündən sonra görüşəcəyik.
Allah qismət etsin, ata ol, onda daha çox başa düşəcəksən məni..
Sən bilirdin axı mən sənsiz çox darıxıram. Sən əsgərdə olanda sənin saroçkanı özümlə gəzdirirdim, hara getsəm yanımda olurdu. Yumamışdım ki, sənin iyini ondan alım". 06.12.2013

                                                         * * *
"Darıxdım sənin üçün. Qəzet (Azadlıq) stolun üstündədi, eləcə sənin şəklinlə danışıram (qəzetdəki siyasi məhbusların şəkli olan bölmə nəzərdə tutulur).
Elə gözəl qar yağır ki, pəncərənin önündə oturub yoldan keçənlərə baxır, sənə məktub yazıram. Qar dayanmadan yağır, yer ağarıb. Elə gözəl görüntü var ki". 12.12.2013

                                                         * * *
"Rəsulum salam.
Ananın gözəl balası, bu camaata baxıb düşünürəm hərdən: hərə bir cür düşünür, ya da heç düşünmür. Sən, mən düşünənləri bunlar niyə düşünmür deyə fikirləşirəm. Az düşünənlər "rahat" yaşayırlar. Gəl bizdə az və avam düşünək. Yoruldum məhrumiyyətlərdən. Bizdə biraz rahatlıq tapaq". 11.08.2013

                                                          * * *
"Havalar yaxşı keçir, qış olmasına baxmayaraq. Dağda qar görünür, şəhərdə (Zaqatala) isə yağmayıb". 23.11.2013

                                                          * * *
"Ordan qoparıb bura, burdan qoparıb ora yapışdırırıq, yenə də bitmir borc-xərc. Suyu da kart sisteminə keçiriblər, qazıda kart sisteminə keçirsələr batdıq biz.
Bilirsən birimizin pensiyasını da sənin adına bağlayıb kəsiblər. İndi birimizin pensiyasını alırıq. Ayın 20 si əlimizə pul keçdi, tez səni düşündük. Yeni ilə görə sənə türməyə bağlama yollayacağıq.
Sən yoxsan deyə dadı duzu yoxdu yeni ilin də.Arada boğazımda qalır yediyim, düşünürəm sən acsan yəgin məhbəsdə". 23.12.2012
                                                          * * *
"Salam mənim balam.Biz yaxşıyıq, bacında yaxşıdı. Bizi düşünmə.
Hər günki qəzeti (Azadlıq) alır, oxuyur, sonra sənin ordakı şəklinə baxıb söhbət edirəm. Rahatlayım beləliklə. Bacı gildən gəldim, indi evə çatmışdım ki, M... zəng etdi, deyir qəzetdə sənin azad edilmən haqqında yazılıb. Baxdım, amma tapmadım. Sonra gənclərin azad edilməsi haqqında (güman ki sutkalıqdan azad edilən haqqında oxuyub) oxudum, çox sevindim buna.
Hamımız yaxşıyıq, bir səndən nigaranıq. Sağol balam, öpdüm. Özünü qoru". 15.05.2013

                                                           * * *
"Salam əziz oğlum.
Səhər yuxudan oyandıq, gördük qazı kəsiblər. Qaza borcumuz var, ödəyə bilmirik. Əvvəllər gecikəndə biraz gözləyirdilər, pensida ödəyərik deyə. Amma indi sənə olan nifrətlərinə görə bir gün belə gözləmir, hətta bahanə axtarırlar bizi əzməyə. Deyirlər başçı tapşırıb. Açıqca deməkdən belə çəkinmirlər. Hər nə isə, sən düşünmə bunları". 18.11.2013

                                                             * * *"Salam anasının gözəl oğlu, canım balam.
Əlimdə olsa dünyanı sənə verərəm. Dünyada nə varsa, kim istəyir onun olsun. Mən səni, balamı istəyirəm. Heç nə gözümdə deyil, yatacaq yerim, yeyəcək çörəyim var, bir tək sən yoxsan.
Ananın gözəli, nə olar məni də düşün. Səni sevən, gözləyən, ümid bəsləyən anan var. Sən mənim 29 illik əməyim, əziyyətlərim, ağrı-acılı günlərimin bəhrəsisən. Sən yaxşı olanda mənə də yaxşı olur. Toyunu görmək istəyirəm.
Fəxr edirəm səninlə, bunun əksini belə düşünmə. Mənimdə hər zaman yaxşı olmusan. Üzümü də hər zaman ağ edən övlad olmusan. Sənin həbsin məni üzmür. İgidliklə, haqlı davan yolunda həbs edilmisən. Mən bunu dərd etmirəm.
Atan sənə yemək falan, birdə biraz pul gətirəcək bu yaxınlarda. Pensiyanı gözləyir.
İnşallah hər şey yaxşı olacaq". 04.09.2013

PS. Bu türməyə göndərilən məktubdan bir hissədir.
Qanunların izin verib, rejimin izin vermədiyi görüş və telefon danışığı yasağına görə məhbus oğlu ilə ancaq məktub üzərindən danışan ananın məktubları.
Bunun kimi onlarla belə məktub var.

No comments:

Post a Comment