Tuesday, October 21, 2014

Əfv yazananları bağışlamaq olarmı?

Cumhuriyyət qəzeti
 21.10.2014 - 10:55




  Son günlər gündəmin mövzusu olan əfv haqqında yazmağı düşündüm. Gündəmdən düşməyən əfv məsələsinə hərə bir cür baxış sərgilədi, “onları qınamayın” və s. tipli yazılar yazdı, paylaşdı, müzakirələr etdi. Hər kəs bir don geyindirdi əfv, peşmanlıq ərizələrinə.
Yazanları haqlı çıxartmaq istəkləri, onları “anlamaq” duyğuları və s. Axı nəyə görə düşünmürük ki, haqlı mübarizədə yarımçıq qaçmaq, yarı yoldan dönmək, dostlarını satmağın haqqı yoxdur?

  Kimsə 3- 5 il “srok” çəkməkdə acizdirsə, dözümü yoxdursa hansı mübarizədən danışır? Məgər bilmirdimi bu mübarizədə həbs də var, əziyyət də var, işgəncə də var, ailəyə təzyiq də var.

  Əgər bu sadaladıqlarım olmuşsa…

  İndi düşünün ki, əfv yazdırdıqları həmin gənclərə edilən təzyiqin nəticəsini almış hakimiyyət bundan məmnun olaraq eyni metodları digər siyasi məhbuslar üstündə dənəyəcək. Çünki nəticəsini almış oldu. Niyə, nəyə görə əqidəsindən dönməyən digər siyasi məhbuslar indi əqidəsini satan məhbuslara görə ikiqat əziyyət çəksin? Burda hansı ədalətdən söhbət gedə bilər? Bəs biz ədalət naminə mübarizə aparmırdıqmı? Bu haqsızlıq deyilmi?
  Kimsə deməsin ki, “onların nə çəkdiyini bilmək olmaz, necə təzyiq edildiyini bilmirik”. Bilirik, daha doğrusu bilirəm və deyim siz də bilin.

  Qayıdaq keçən ilə siyasi məhbuslardan əfv istəyən, partiyasından istefa verən və seçkilərdə İlham Əliyevi dəstəklədiyini bildirən Daşqın Məlikov, Rahib Hacıyev (AXCP), İlham Əmiraslanov (hüquq müdafiəçisi), Hilal Məmmədova (jurnalist). Onlarla eyni dönəmdə həbsdə olmuşam və hansı şəraitdə əfv yazdıqlarını bilirəm. Onu deyim ki, onların heç birinə barmaq ucuyla belə toxunulmayıb. Fiziki və mənəvi işgəncə verilməyib. Sadəcə həbsdən çıxacaqları müqabilində əfv yazmaları təklif edilib və yazıblar. Sadəcə Hilal Məmmədov azadlığa buraxılmayıb, onunla da 15 il əvəzinə 5 il hökm oxumaqla razılığa gəliblər.
  Bu əfv, yalvarış ərizələri Əliyevə seçki öncəsi lazım idi və yazdırdı. Yuxarıda adları çəkilən məhbuslar Əliyevə yardım etdilər beynəlxalq qürumlar qarşısında.

  Bununlada zərbə vurdular, xəyanət etdilər mübarizəyə…

  Gələk bu il başlanan siyasi məhbusların peşmanlıq, əfv ərizələrinə  ilk ərizə Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsəvər Mürsəllidən (NIDA) gəldi. Diqqət edin hansı ərəfədə yazıldığına. Yenə də beynəlxalq bir konfransa günlər qala. Hansı ki həmin konfransda Azərbaycanda siyasi məhbus məsələsi gündəmdə olacaq, beynəlxalq təzyiqlə hakimiyyətin önünə onları azadlığa buraxmaq şərti qoyulacaqdı. Azərbaycan hakimiyyəti bir çox siyasi məhbusu azadlığa buraxmağa məcbur olacaqdı. Hansı ki dünya gündəminə ən çox çıxarılan siyasi məhbuslar NIDA- çılar idi və onların da sərbəst buraxılması ilkin məsələ idi. Amma hakimiyyət daha ağıllı davrandı və həmin ərəfədə yazdırdığı əfvlə bütün siyasi məhbuslara zərbəni vurdu. Həmin zərbəni üç gəncin əli ilə, öz içimizdən olanlarla vurdu.

  Bundan sonra da əfv, peşmanlıq ərizələrinin ardı arxası kəsilmədi. Çünki son dönəmdə beynəlxalq təzyiq hakimiyyətin əleyhinə işləməkdə idi və siyasi məhbus məsələsi gündəmdən düşmürdü. Avropanın, hətta ABŞ- ın belə artıq açıq- aşkar Azərbaycandakı siyasi məhbusları müdafiə etməsi
İlham Əliyev rejiminin kabusuna çevrilmiş, siyasi məhbusları sərbəst buraxmamaq artıq mümkünsüzləşdiyi bir zamanda diğər siyasi məhbusların da əfv yazması artıq mübarizəyə, qələbəyə vurulan ən böyük zərbə idi. Sırası ilə Həsən Hüseynli (maarifçi) və Sərdar Əlibəyli (jurnalist) əfv yazdı və elə yazdı, ki sanki bu adamların həbs edilməsində günahkar müxalifətdi. Hətta yazılarında onları siyasi məhbus kimi tanıdığımız üçün bizləri də günahlandırdı, hakimiyyətin atdığı çamuru, iftiranı qəbul etdi və ictimaiyyəti “yalançı” adlandırdı. Yəni “biz cinayət etmişik, amma bəzi təşkilatlar bizi siyasi məhbus adlandırır” dedilər.

  Bundan sonra Əliyev diktaturası bir müddətlikdə saxta hakimiyyətini davam etdirdi və yenə də dalana dirənəndə qalan NIDA- çılara əfv yazdırmaqla yenə öz çirkin oyununa haqq qazandıra bildi.
  Sizləri əmin edirəm ki əfv yazanlara qarşı heç bir ciddi təzyiq olmayıb. Əfv yazdırdıqları məhbusları nə yanvar ayında açıq havada, “praqulda” geyimini əlindən alaraq bir gün saxlayıblar, nə ailəsi ilə görüşünə, telefon danışığına qadağa qoyublar, nə günlərcə “kars”a salıb ac- susuz saxlayıblar, nə yeməyinə zəhər qatıblar, nə də olmazın işgəncələr veriblər. Əfv yazanlara sadəcə azadlığa buraxmaq sözü veriblər. Çıxacaqları azadlıq nə qədər azadlıqdırsa…

  Əfv yazanlar heç olmasa onları, siyasi məhbusları müdafiə etdikləri üçün həbsə atılan Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərovu düşünərdilər. Onlar axı sizləri müdafiə etdikləri üçün bu gün həbsdədirlər. Etdiyiniz, əfv yazmağınız onlara xəyanət deyilmi?
  Son olaraq deyim ki, istənilən təzyiq qarşılığında yazılan peşmanlıq, əfv sınmaqdır, əqidəsini satmaq, mübarizəyə xəyanətdir…

http://cumhuriyyet.az/kose/12842-efv-olunanlari-bagishlamaq-olarmi.html

Saturday, October 11, 2014

Əsas düşmənimiz kimdir - rus, yoxsa erməni?

Cumhuriyyət qəzeti
11.11.2014 - 01:54


Azərbaycan hakimiyyəti televiziyalar vasitəsi ilə “erməni düşmənimizdir” yöndə təbliğat aparır 21 ildir, yeni nəsillərə bunu aşılayır, düşmənçilik ruhunda insanlara psixoloji təsir edir. Eyni təbliğat sistemi Ermənistanda da gedir, türk əleyhinə.
Və hər iki ölkədə bu təbliğatı həyata keçirtdirən qüvvə Rusiyadır. Məqsəd bəlli – düşmən baxışı özündən yayındırmaq.
İndi bu yazıdan sonra məni də ermənipərəst, türk düşməni və s. adlandırmaqla məsələni fərqli yerə yönlədirə bilər hakimiyyət. Necə ki bunu artıq ediblər və məni “vətənə xəyanət”də suçlayıb, barəmdə qondarma cinayət işi açıblar, sürgünə göndəriblər. “Qarabağ münaqişəsinin həlli sülhdədir” dediyim üçün. Olsun, zaman, tarix hər şeyi deyəcək. Kimdir xain görəcəyik, Rusiya agenti Əliyev, ya mən. Bunu biriləri deməlidir, deyirəm.
80- ci illərin sonuna baxdıqda erməni təcavüzü, torpaqların itirilməsi, soyqırım və s. baş verən qanlı olaylar yaddaşımızdadır- unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Burası tamam. Onu deyim ki, bunu edən erməni xalqı deyil, Ermənistan hakimiyyəti idi, bu da hər kəsə bəlli. Hər kəsə o da bəllidir ki, Rusiyanın göstərişi, sifarişi, yardımı ilə təcavüz edilib torpaqlarımıza. İndi mövzunu yayındırmaq üçün deyəcəklər ki tarixə nəzər salaq, əsrin əvvəllərində də ermənilərin bizə xəyanəti olub. Axı tarixə nəzər saldıqda belə yenə eyni situasiya ilə qarşılaşırıq. Yenə rus qüvvələri ermənilərdən istifadə etməklə bizlərə, türklərə qarşı qanlı hadisələr törətmişdi. Hansı tarixi araşdırsaq oradan mütləq rusun barmağı, kirli siyasəti, bir sözlə pisliyi çıxır qarşımıza. Deməli erməni xalqını hakimiyyətləri hər zaman satıb ruslara. Ruslar da bundan istifadə edib istədikləri kimi idarə edib onları. Onların üzərindən üstümüzə gəlib. Bir sözlə ermənilər hər zaman kənardan oynadılan bir dövlət olub, aciz olub, gücsüz olub. Niyə özümüzü o qədər aşağı səviyyəyə salaraq ermənilər düşmənimiz, rəqibimizdir deyirik? Axı bizim düşmənimiz də, rəqibimizdə rus olub əslində. Və ya niyə tarix boyu bizi əsarətinə alan, sömürən rusa qarşı heç bir düşmənçiliyimiz yoxdur? Əslində ermənidən çox rusa qarşı düşmən mövqedə durmalı deyilikmi? Necə olur ki, bildiyimiz halda rusun əli ilə erməni bizi qırıb, qanımızı axıdıb ona nifrət etmirik, onun köləsinə – erməniyə düşmən oluruq?
Məgər 90- cı ildə rus qoşunu Bakıda qanlı yanvar hadisəsini törətmədimi, niyə bunu unuduruq? Niyə erməniyə salam vermək belə olmaz, onlar bizim düşmənimizdir deyir, amma rusun dilini danışmayana “səviyyəsiz” kimi baxırıq? Bizim tarix boyu və indi də ən böyük düşmənimiz rusdur.
Tarix boyu ən böyük düşmənimiz rus olub və biz bunu qabartmırıq, qabartmaqdan qorxuruq, rahata qaşçaraq erməni düşmənimizdir deyirik. Kiçicik bir düşmənlə başımızı qatdığımız üçün kiçik ağılla düşünürük. Elə ki düşmənimizin böyük, qüvvətli olduğunu tam dərk edəcəyik o zaman böyük düşünəcək, böyük hərəkət edəcəyik. Amma hələ ki başımızın üstündə aciz, kiçik düşüncəli və ya xəyanətkar Əliyev rejimi var. İlk öncə bu rejimdən qurtulmalıyıq. Hansı ki, bu rejim ən böyük
düşmənimiz rusun əl altısıdır, qulu, köləsidir.
Burdan “vətənpərvərlərə” səslənirəm: 20 yanvar faciəsi səbəbkarının RUS olduğunu bildiyiniz halda necə olur ki rus dostumuz olur, Xocalı soyqırımını edən erməni düşmənimiz? Axı bu iki faciə arasındakı fərq nədir?

P.S Biriləri bu sualların cavabını versin. Sonra məni ittiham etsin.