Sunday, July 19, 2015

bunu etməli idim


Partiyamdan istefa verirəm.
26 iyul 2013 ci ildə AXCP sıralarına həbsxanada olarkən, əvvəlki partiyam ADP dən istefa verərək keçmişəm.
AXCP sədri hörmətli Əli bəy Kərimliyə həbsdən məktubla müraciət etmiş və bəyin müsbət cavabını almışdım.
O gün mənim üçün çox dəyərli idi. Çünki Azərbaycan siyasi tarixini yazan, illərlə mübarizədən qopmayan və bütün zorluqlara sinə gərən bir təşkilatın üzvü olmuşdum.
AXCP məni həbsimin sonuna kimi dəstəkləməsi, azad edildikdən sonra da məni yüksək səviyyədə qarşılaması və bu günə kimi dəstəkləməsi çox xoş təəssürat yaratmaqla bərabər, həm də özgüvənimi yüksəltmişdir ki, bunun üçün də partiya rəhbərliyindən, sıravi üzvlərinə kimi hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Aşağıda yazacağım qərarı 1 mart 2015 tarixində vermişəm, amma indi açıqlamalı oldum.
Barəmdə açılan qondarma cinayət işi üzündən gecə ilə vətənimi məcburi tərk etmiş və 10 ay müddətində sürgün həyatı yaşamışam. Hazırda 1 aydan çoxdur ki, Hollandiya hökumətindən siyasi sığınma istəmişəm. 1 gün sonra (bazar ertəsi) yerli Migrasisa Xidməti ilə son görüşüm olacaq və burada özüm haqqında ətraflı bilgi verəcəyəm. Bu bilgilərdə AXCP üzvü olduğumu deməyəcəm (səbəb sonda).
Qeyd edim ki, barəmdə açılan qondarma cinayət işində (CM-nin 274 və 178 ci maddələri), sürgündə hakimiyyət tərəfindən ölkə-ölkə qovulmamda, bir neçə ölkədə girişimin yasaqlanmasında, məruz qaldığım sui qəsddə və son olaraq ailəmin tamamının polis tərəfindən saxlanılmasında AXCP üzvü olmağımın, bu partiyadakı fəaliyyətimin zərrə qədər də olsa payı yoxdur. Hakimiyyətin bu basqılarının tamamı partiyadan ayrı, öz siyasi fəaliyyətimlə bağlıdır ki, bunu da zamanla biləcəksiz.
Sonda əsas məsələyə dönüm.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verirəm.
Partiya ilə hər hansı problemim yoxdur.
Rəhbərliyə, başda Əli bəy Kərimli olmaqla sonsuz hörmətim var.
Bu qərarı ona görə verirəm ki, partiya nizamnaməsindən kənara çıxaraq ictimai-siyasi fəaliyyətlə məşğul oluram və bu da sonda ən çox dəyər verdiyim partiya və sədri Əli bəyə qarşı istifadə edilə bilər. Məsələn Kievdə məruz qaldığım bıçaqlanma olayı Türkiyə mətbuatında yazdığım yazı, "erməni dəyirmanına su tökməyim" iddiası və Zaqataladakı bəzi siyasi fəaliyyətimdir ki, bunların AXCP yə aidiyyatı yoxdur.
Bu gündən etibarən heç bir partiya, təşkilat və ya hərəkatda təmsil olunmayacağam. Fərdi olaraq siyasi fəaliyyətim davam edəcək.
Ümid edirəm ki, bunu başqa yerlərə yozmayacaq, bundan başqa cür istifadə edilməyəcək.
Zamanla bu addımı atmağımı anlayışla qarşılayacağınızdan əminəm.

No comments:

Post a Comment