Sunday, July 19, 2015

Həbsimdən 3 il keçdi.

Balakən Polis MST. Tək adamlıq kamera /2012 oktyabr

HƏBSİMDƏN 3 İL KEÇDİ - AMMA HƏLƏ DƏ AZAD OLA BİLMİRƏM. SÜRGÜN VƏ MÜHACİRƏT...

   Üç il öncə bu gün, yəni 18 iyul 2012 ci il xüsusi əməliyyatla qara maskalılar tərəfindən saxlanılmış MTN Təcridxanasına aparılmışdım. Həmin gün və ondan sonra yaşanan 7 günü həyatda var olduqca unutmayacağam hər halda.
  8 iyul tarixindən başlamışdı axtarışım. Bir müddət fərqıi rayon və kəndlərdə qalmışdım. 17 iyul axşamı isə yeni köçdüyüm evdə cəmi bir gecə yatdım - səhəri gün isə həbs edildim.
  MTN Təcridxanasında saxlanılırdım. Hər gün kameradan başıma qara maska taxaraq çıxardır, başqa otağa aparır və orada müstəntiqin suallarını cavablandırırdım. Barəmdə Cinayət Məcəlləsinin 281 ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qruplar yaratma), 233 cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və fəal iştirak), 220 (kütləvi iğtişaş) və 221 -ci (xuliqanlıq) maddələri ilə iş açıldığını deyir və bu maddələrə uyğun suallar verilirdi. Hər birindən imtina edirdim. Elə hər gün də bu səbəbdən müstəntiqin otağından çıxarılır və xüsusi otağa - işgəncə otağına aparılırdım. Orada işgəncələrə məruz qalırdım və sonra müstəntiq də ora təşrif buyururdu. Suallar işgəncələr altında davam edirdi. Bir şeyi arzulayırdım - ölməyi. Çünki dözmək olmurdu, satılmaq və ya sınmaqda. Bir yol vardı - ölmək. Bu cür 8 gün davam edən zülmət sonunda bitəcək, yeni və uzun bir yol başlayacaqdı.
  Nəhayət son dəfə başımda maska ilə 26 iyul 2012 də kameradan çıxarıldım və bundan sonra Nərimanov Polis Şöbəsi Müvəqqəti Saxlama Təcridxanasına köçürüldüm. Elə həmin gün rəsmi məlumatla saxlanıldığım bildirilib. Rəsmi məlumata görə 26 iyun 2012 ci il tarixində dövlət sərhəd xəttini qanunsuz keçdiyim üçün saxlanıldığım bildirilir. Buna qədər olan 7 gün ərzində saxlanılmağım isə gizlədilir. Burada isə ciddi qanun pozuntusu, hətta cinayət var.
Qanunlara görə CM-nin 292-ci (Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama),  113-cü (İşgəncə) maddələri şəxsimə yönəlik tətbiq edilmiş və ya pozulmuşdu. Ancaq bununlada bitmirdi və saxlanıldığım zaman vəkilimlə əlaqə, ailəmə xəbər etmə kimi təməl hüquqlarım da əlimdən alınmışdı. Bundan sonra da qanunsuz əməllər davam edirdi.
  Müstəntiq iki günlük qərar verə bilər saxlanılmam üçün və bundan sonra məhkəmə qərarı olması şərtdir. Əks təqdirdə azad edilməli idim. Elə buna görə də 28 iyul bazar günü Səbayel Məhkəməsinə çaxarıldım. Barəmdə iki aylıq həbs -qətimkan tədbiri seçildi və Nərimanov Polisi MST-na köçürüldüm. Qanuna görə məhkəmə qərarı və ya hökmü veriləndən sonra 24 saat ərzində saxlanılan şəxs İstintaq Təcridxanasına köçürülməlidir. Yəni 29 iyul tarixindən o tərəfə MST də saxlanılmam qanunsuz idi və qanunsuzluq üzərində başlayan həbsim kimi bu da davam etdi.
  1 avqust tarixində nəhayət Kürdəxanıya, Bakı İstintaq Təcridxanasına köçürüldüm. Qeyd edim ki, iyul ayı 31-nə kimidir və deməli qanunsuz olaraq 3 gün MST də saxlanılmışam.
Qanun keşikçiləri hər addımda qanun pozmağa davam edirdi.



  Hökm oxunduqda isə saxlanılma tariximdən deyil, rəsmi açıqlamanın olduğu gündən hesablandı. Yəni 18 iyul deyi də, 26 iyul tarixindən hesablama apardı hakim.
Sonda isə 1 il 6 ay azadlıqdan məhrum etmə hökmü çıxmışdı.

No comments:

Post a Comment