Monday, June 29, 2015

"inkişaf etmişik" - nə qədər?


RƏSUL MÜRSƏLOV

  Ermənistan paytaxtı Yerevanda "Bagramyan" meydanında minlərlə adam elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbilə on gündən çoxdur ki, tətillər edir, meydanda barrikadalar qurur və orada gecələyir. Bu həm də xalqın öz həyatına biganə qalmamasının göstərişidir. Maraqlısı odur ki, AZTV-nin və hökumət rəsmilərinin tez-tez ağzı köpüklənərək xalqa sırıdığı "Ermənistan acından ölür, hakimiyyət xalqa divan tutur" çıxışlarına qarşı tərs şillə, tutarlı cavabdır. Bəli Ermənistan neft, qaz - təbii sərvətlərlə donanımlı deyil və Rusiyadan asılı vəziyyətdə yaşayır, amma yaşayır. Hər hansı duruma xalq müdaxilə edir, etirazını bildirir, haqqına sahib çıxır və nəticədə istəyinə nail olur. Hakimiyyət isə on gündə müşahidə etdiyimizə görə elə qatı müdaxiləsi ilə yadda qalmayıb. On günlük oturaq tətil, barrikadaların qurulması qarşılığında polis müdaxiləsi su şırnağından irəli keçməyib. Saxlanılanlar çox keçmədən sərbəst buraxılıb və təkrar meydana dönüb. Hakimiyyət isə bu olaylar üzərinə xalqla danışıqlar yolu ilə həllə nail olmağa səy göstərir, xalqla hesablaşır. Bi isə xalqın gücü, əzmi qarşısında heç kimin, heç bir hakimiyyətin duruş gətirə bilməyəcəyinin nümunəsidir. Bu bizə 80 cı illərin sonu Azərbaycan gəncliyinin Sovet imperiyasına qarşı dirənişi, meydan hərəkatını xatırladır. Deməli insanlar toplum olaraq bir arada olduqları zaman istəyinə nail ola bilir. Ancaq nə acıdır ki, bizim toplum olaraq bir arada olmamız artıq 25 il  öncə gömülmüş və bir daha meydanda görünməmişdir. Hər yanı ilə tənqid etdiyimiz Ermənistan xalqı isə hələ də özünün xalq olmasını və bir cəmiyyət kimi bir araya gələ bilməsini bizə göstərməktədir. Azərbaycan despot rejiminin televiziya və digər vasitələrlə xalqa sırıdığı nağıllar isə son görüntülərlə puç olmaqdadır. Bütün vasitələrlə xalqı inandırmağa çalışırlar ki, "Ermənistan çox geridədir, orda yaşam yoxdur, biz onlardan çox güclüyük" və.s
  Nə ilə, hansı yöndən güclüsən?
  Neftin, qazın var deyə? Bunu bir ailə yeyir - Əliyevlər. Bunun ölkəyə aidiyyatı yox.
  Bəlkə orduna görə güclüsən?

  Orduda qeyri döyüş şəraitində hər il yüzə yaxın əsgər öldürülür, Ermənistanda isə yox. Qaldı ki, ordu, hərbi adı çəkməyə, bu yöndən güclü olduğunu deməyə nə haqqın? Torpaqların onların əlində.
  Mədəniyyətdə irəlidəsən?
  Yenə də yox. Hər tərəfli mədəniyyətdə səni üstələyir erməni xalqı. Çünki onların mədəniyyətini öldürən Heydər Babaları olmayıb. Onlar düşünüb ki, xəyanət də olar, amma xalqın mədəniyyətinə əl vurmaq olmaz.

  Təhsildə irəlidəsən?
  Bütün hər kəs Azərbaycanda təhsilin nə səviyyədə olmasından xəbərdardı, yalan satma. Elə TQDK-nın son açıqlaması yetər təhsilin səviyyəsini görməyə - 80% "2" alan şagirdin, pulla qiymət yazdıran tələbələrin var. Avropada təhsil alanları isə "lazımsız" adlandırmaqla təhsilə olan "qayğını" bəlli etmisən.
  

   Durduq yerə insanı yandıracaq acıq verməklə "biz inkişaf etmişik" deməklə inkişaf edilmir Əliyev diktatoru. Budur inkişaf?
  Kreditə sürülən "Range Rover", bankdan alınan kreditlə biznes qurub 1 il ərzində müflis olmaq, təzə tikilidə fəhlə işləməklə, şagird- tələbədən pul almaqla ailə saxlayan müəllim, xəstəni fiziki sağaltmaq üçün ona mənəvi və psixoloji travma vurmaq - pul, rüşvət verməsə əməliyyat masasında ölümə tərk etməklə, insnları soyub soöana çevirməklə məmuriyyətini başa vurmaq, bu yollarla ailə saxlamaq onlardan, Ermənistandan irəlidə olmaq demək deyil və ya Avropaya pul yedirdib Olimpiada düzənləmək, bu məqsədlə xalqın cibindən 8 milyardı oğurlamaq, təqaüdçüyə 120 manat, qaziyə, qaçqına 20-30 manat verməklə iş bitmir - bu deyil inkişaf.
  İnkişaf azadlıq, insanların hür yaşaması, normal şəraitdə təhsil alması, səhiyyədən dövlət hesabına yararlanması, gömrükdən rüşvətsiz sərbəst ticarətini qurması, bir qismət çörəyi rüşvətsiz, halal yolla yeyə bilməsidir.
  İnkişaf demokratiyadır. İnkişaf Rusun boyunduruğu altında olsa belə haqqı uğrunda ona qarşı çıxa bilməsi və buna görə xalqı qırmamaqdır, təhsilə, insanına önəm verməkdir.
  Yoxsa Əliyev rejimi kimi həm rusun, həm digər qüvvələrin boyunduruğu altına girmək, hələ üstəlik xalqını ayaqlamaq deyil inkişaf.
  Cəmiyyəti təhsildən məhrum edərək cahil və kölə kimi kütlə yetişdirmək, insanların gələciyini bu yolla məhf etmək və bunun üzərindən milyardlara sahib olmaq, oğurluq, korrupsiya, qanunsuzluq, özbaşınalıq deyil inkişaf.
  

No comments:

Post a Comment