Thursday, July 23, 2015

Belarusa girişimi əngəlləyən şəxsi tapdım



  Sosial medya son günlər medal sevdası ilə alışıb yanan jurnalistlərlə gündəmdə. Necə -necə insanlar yaxalarını deşdirdilər. Deşilən isə yaxalar deyildi, vicdan, ləyaqət, insanlıq idi. Birdə nə idisə artıq, onu deməyim, özünüz təsəvvür edin. Onlar artıq hakimiyyətə işlədiklərini rəsmiləşdirdilər, deşilən yerləri ilə.
  Medallaşma prosesində bir nəfərdə var ki, o diqqətdən kənar qalıb. Hər zaman olduğu kimi, yenədə səsi çıxmır. Azərbaycanın zəbt edildiyi ildən bu yana baş naziri olan yaşlı bir kişi - Artur Rasizadə. Amma sanmayın ki, ona da "əməkdar jurnalist", "ən yaxşı artist" və.s. kimi medal taxıblar. Ona bu yaşında əslində taxılası bir şey var - yuyulub kəfənlənən vaxtı arxasına pambıq.
  Amma bu qoca yazığı zorla ora-bura sürüyüb əziyyət verirlər, qoymurlar bir ayağı gorda olan kişini rahat otursun evində. Özündə də az iş yoxdu, ölüm ayağıda nə zülümdü özünü deşdirirsən.
İşin başqa maraqlı yanıda var- bu yazıq adam, ölkənin ikinci şəxsi Belarusa gedir, medal alır, amma dövlət televiziyası falan bunu saymır, adını belə çəkmir. Bu qədər dəhşət ölkə başqa yerdə yoxdur - əsl dəlixana.
  Nə isə keçək mövzuya. Yəni Artur dədənin medallanmasına - ona da taxılmasına.

Deməli Artur Rasizadə medalın dəb olduğu günlərdə sinəsinə birini taxdırıb. Amma İlham qağa jurnalistlərə "taxmaqla" məşğuldur deyə, Artur dədə digər diktatorun hüzuruna gedib. O Belarusdan imdad diləyib. İlham qağanın dostu Lukaşenko Azərbaycanın baş nazirinə "taxıb".

  Belarus Prezidentinin rəsmi saytında xəbər verilir ki, Artur Rasizadə "Xalqlar Dostluğu" mükafatına Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmlənməsinə şəxsi töhfəsinə görə layiq görülüb.

  İşə bax ha.. Adam "ticari-iqtisadi" əlaqələri bərkidib. Belarusla "humanitar əlaqələri" inkişaf etdirib. Aha, durun burda 1 dəqiqə. Bu söz (humanitar) mənə nəyisə xatırladır. Deyəsən tapmışam o məlunu.
  Mənim Belarusda adım qara siyahıya salınıb. Bu haqda hələ keçən il sürgün zamanı, konkret desək 26 oktyabr günü Ukraynadan Belarusa gedərkən öyrəndim. Belarus sərhəddində qatardan endirildim və polis şöbəsinə aparıldım. Orada Polis MST-yə salındım və sabaha qədər soyuqda saxlanıldım. 1 gün sonra isə girişimin yasaq olduğunu demiş və deport etmişdilər.
  Deməli Artur Rasizadə Belarusla Azərbaycan arasında humanitar əlaqələrdə inkişafa aparan önəmli fiqur imiş. Yoxsa bu adla ona mükafat verərlərmi. Əsla yox. Diktatorlar yalan, saxtakarlıqdan uzaq olurlar. Hətta özləri açıqlayır ki, "biz o qədər safıq ki, ətrafımız bizi aldadır". Bu qədər saf adamlar yalan danışarmı? Deməli Artur dədə haqda humanitar töhfə falan deyilirsə, o zaman mənim o ölkədə adımı qara siyahıya bu qoca kişi yazdırıb. Axı humanitar işlərə baxır - iki ölkə arasında. Yoxsa durduq yerə mənim adımı ilk dəfə gedəcəyim ölkədə niyə qara siyahıya salsınlar ki?

  Sifarişçim Rasizadə imiş deyə şübhələr yarandı məndə - bu son medaldakı sözlərdən sonra.
  Boşu yerə indiyə kimi İlham qağadan şübhə edirdim ki, o məlun mənim Belarusa buraxılmamamı tapşırıb. Sən demə bu dəfə də İlham qağa hər şeydən xəbərsiz imiş.


Lukaşenko və xanım Əliyeva şad ikən, nədən İlham bu qədər üzgün.

  PS. "Lukaşenko", "İlham Əliyev", "prezidentin heç nədən xəbəri yoxdur" kimi bu üçlük eyni mətndə işlənəndə yadıma başqa bir şey düşür. Wikiliks'in Lukaşenko və Mehriban Əliyeva haqda yazdığı söhbətlər. Və burada da İlham qağanın xəbəri olmayıb, mən buna əminəm.
Doğrudur, fotoya baxanda hiss olunur ki xəbəri var və bu səbəbdən üzgün, sərt üz ifadəsi var. Digər cütlük isə gülümsəyir.

No comments:

Post a Comment