Monday, February 22, 2016

HAKİMİYYƏTİN YANINDA OLMALIYIQ.


Dövlətin marağı, təhlükəsizliyi mövzu olanda hökumətin yanında ol deyirlər.

Baxaq, necə olur dövlətin təhlükəsizliyi və mən necə onun yanında olmalıyam və ya belə hal baş verdikdə ola bilmişəmmi indiyə kimi?

Son 3 ildə baş verən bir neçə hadisəyə nəzər yetirək.

2012 ci il. “Evrovision” mahnı yarışması keçirilir Bakıda. Bayıl qəsəbəsində, “Basin” küçəsində insanlar evlərindən çölə atılır, təzyiqə, təqibə məruz qalır.
“Evrovision keçirdirik, ölkəmizi dünyaya tanıdırıq” deyərək büdcəni talan edir, insanlara divan tuturlar.

Müxalifət olaraq meydandayıq, vətəndaşların haqlı etirazını dilə gətirməklə yanaşı, həm də gələcəyə doğru yaşanacaq iqtisadi böhranı əngəlləmək istəyirik, büdcənin talan edilməsi sonucunda irəli illərdə iqtisadi böhran yaşayacağıq deyirik, hayqırırıq…

Nəticədə həbslər, təqib və təzyiqlər…

2013 cü il. Artıq 1 ildir həbsdəyəm. Yəni “dövlət təhlükədə olanda hakimiyyətin yanında ol” deyiminə birə-bir “əməl” edirəm. Bir başa MTN (Milli Təhlükəsizlik Nazirliyi) tərəfindən həbs edilmişəm və bununlada hökumətin təhlükəsizliyi adına ən üst qürumun “podvalında” saxlanılmaqla, deyilən cümləni nöqtə vergülünə kimi yerinə yetirirəm. Daha nə etməliyəm? Yanında deyil, bir başa içindəyəm, “padvalı” olsa belə.

2014 cü il. İqtisadiyyatda geriləmələr müşahidə edilir, ciddi böhranın siqnalları gəlir. Hökumət sinəsini döyür, Olimpiada keçiririk deyir.

Müxalifət meydandadır. Hayqırırıq, büdcəni talamaqdan heç olmasa bir müddətlik əl çəkin, bu ölkəni uçuruma aparırsız, Olimpiada adlı şoudan vaz keçin deyirik…

….. eyni mənzərə.

Növbəti ilin əvvəlindən hökumət, bir başa dictator Əliyev şəxsən çıxış edir və Olimpiadanın uğurundan tut, artan iqtisadi göstəricilərdən danışır, deyir manat dünyada ən sabit valyutadır, hər kəs pulunu manatla saxlasın…

Bir neçə gün sonar manat 34 % dəyərdən düşür və böhran başlayır. Ərzaq bahalanır, işsizlik, yoxsulluq, bank kreditləri insanların boğazına kəndir, üstünə benzin olub tökülür – yandırır diri-diri, körpülərə çıxır və intiharlar…

Müxalifət xalqa məlumatlar verir, bilgilərini bölüşür, hətta “talana son” adlı mitinqlə xalqı hakimiyyətin talama siyasətinə son deməyə çağırır. Xalq susur, “ən azından sabitlikdir”, “allah belə istəyib”, “allah hər xalqa ona layiq basic verir”, “dolların qalxmasının xalqa təsiri yoxdur”, “bu günümüzə şükür” və bu kimi 20 illik hazır şüarları səsləndirir.

Nəticədə yenə də dövlətin təhlükəsizliyi üçün bizlər oluruq ortada. Deyirik bunun yolu azad ticarət, azad məhkəmə və.s –dir. Yəni yenə də dövlətin təhlükəsizliyi üçün program sunuruq.

Bir sözlə, yanında oluruq dövlətin. Hətta bayaq çəkdiyim misaldakı kimi, bir başa içində - İlqar Məmmədov, İntiqam Əliyev, Rəsul Cəfərov və.s siyasi məhbuslarla  (hansı ki, bu adamlar azadlıqda olarsa, onlara imkan verilərsə bu ölkəni böhrandan çıxaracaq şəxslərdir)…

Amma yox, axı biz “ünsürlərik”, ölkənin inkişafını gözümüz götürmür..

2015 ci il. Bakıda “Avropaq Olimpiadası” keçirilir. Bu oyunlara 8 milyard vəsait ayrılıb. Yəni büdcənin 40% qədər.

Dedik etməyin, eyləməyin, xalqa bunca zülm etmək, talamaq olmaz, acı nəticələri olacaq. Dedilər inkişafımızı gözünüz götürmür, “gör nə gözəl açılış oldu, hətta Alim Qasımov xalça ilə uçdu”, “milyonluq Rihanna oxudu” və.s

İlin sonudur, ikinci devalvasiya. Artıq Azərbaycan manatı 100 % dəyər itirib, dünyada ilin ən pis valyutasıdır. Ölkədə aclıq, səfalət, işsizlik, kredit borcları, çarəsizlik insanları ölümə sürükləyir…

Yenə də dövlətin təhlükəsizliyi üçün biz varıq, filan –filan islahatları edin, ölkə batır, xalq yazıqdı deyirik.

… yenə də səs yoxdur.

Elə bu ərəfələrdə indiyə kimi ağızlarda dolaşan “dövlətin təhlükəsizliyi mövzu olanda hakimiyyətin yanında olmaq lazım” mifi də MTN lə bərabər ləğv edilir, Mahmudovun 20 milyardlıq sərvəti ortaya çıxır, onun generalı özünü “asır”, “onun gizli həbsxanası varmış” və.s –lər meydandadır.

Buna rəğmən necə və kimin yanında olaq?

Dövlət qaldımı? Axı hələ 93 cü ildə dövləti Rusiyaya satmısız.

Dövlətin təhlükəsizliyinin təminatçısı quldurluq edib illər boyu və siz onun yanında ol deyirsiz. Quldurun yanında olmağı da quldurun ortağı istəyər.

Və son olaraq Ermənistanın “Monte Melkonian Cyber Army” hakker qrupu bir neçə gün öncə “ASAN” xidmətin bazasını oğurlayıb. Dövlətin bir neçə gün sonar bundan xəbəri olub. Bu nə deməkdir bilirsiz? Yəni ölkənin bütün məlumatlarının toplandığı bazanı rahat şəkildə əldə ediblər və “şanlı”, “regionda lider dövlət”in bundan heç xəbəri belə olmayıb. Nə məlumdur ki, həmin xakker qrupu Müdafiə Nazirliyinin də bazasını oğurlamayıb?

Bəs bizim hərbi hissələrimizi gəzən, əsgərlə yemək yeyir şəkilləri paylaşaraq özünü pop ulduzu kimi aparan, tək qüsuru lazımı gözləmək olan Zakir Həsənovun bundan xəbəri varmı görəsən?

Bunca sualın, yaşananların içində hələ də “dövlətin təhlükəsizliyi” deməyə üz lazım.

Zatən yanındayıq, içindəyik, “padvalına” kimi görmüşük və görürük.

Bizlər çox çalışdıq “yanında” olmağa, siz dışladınız.

Siz öncə bir təhlükəsizlik sözünün anlamını dərk edib çözün.


Rəsul Mürsəlov

http://bakutimes.info/?p=342

No comments:

Post a Comment