Monday, February 8, 2016

Zaqatalada yaşananlar haqda bilmədiklərimiz – Rəsul Mürsəlovla müsahibə.

aktualxeber.info saytında yayımlanan, sonradan hakimiyyətin təzyiqi, müdaxiləsi ilə silinən 6 fevral 2016 tarixli müsahibəmin tam mətni (saytdan kopyalanmışdır).
Zaqatalada yaşananlar haqda bilmədiklərimiz – Rəsul Mürsəlovla müsahibə.

Zaqatalada 30 yanvar tarixinə təyin edilən mitinq nədən baş tutmadı, orda nələr yaşandı, həbs edilənlər kimlərdir və.s suallarımıza mitinqin təşkilatçısı olan siyasi fəal Rəsul Mürsəlovdan cavablar aldıq.
-          Rəsul bəy mitinqin təşkilatçısı siz idiz. Buna hardan zərurət yaranmışdı və tələbiniz kimdən, nə idi?

Bəli mitinqin təşkilatçısı mən və təşkilatımızın üzvləri idi...
-       
  
Hansı təşkilatın?

“Gənc Azərbaycan Hərəkatı”.
Ölkədə baş verən iqtisadi böhran, işsizlik, insanların zatən bərbad olan yaşam səviyyəsinin daha kəskin pisləşməsi, kredit borclarının yığılması və ödənişinin çətinləşməsi – bilirsiz, devalvasiyadan sonra kredit ödənişi iki dəfə çoxalmış, üstəlik böhranın da təsiri ilə ödəniş qabiliyyəti tamamilə məhv olmuşdur – məmurların zor durumda olan xalqa qarşı aqressiyası və.s kimi çox sayda problemlər sadalamaq olar. Zərurət vardı, indi də var.

Fikrimcə meydana xalqın toplanmağı, bir birindən güc alması, qorxunu yenməsi üçün lazımdır. Bu qorxunun yenilməsi təqdirində tələblərimiz, əsasən mitinqin adı olan “bahalaşmaya son” üzərindən olacaqdı. Biz sakit, dinc etiraz edəcək, meydanda insanların problemlərini bildirməsinə şərait yaratmışdıq. İnsanlar jurnalistlər qarşısında öz problemlərini dilə gətirəcəkdilər. İstəyim sadəcə bu idi. Ancaq rejim insanların hansı problemlərdə boğulduğunu bilir, çünki buna zəmini özü hazırlayıb. İndi onların bir araya toplaşması, fikirlərini ifadə etməsi rejimə tərsdir. Çünki hakimiyyət xalqı saymır, onlara öz təbəələri gözündə baxır. Buna görə də gözlərinin açılması, etirazın bildirilməsi sərf etmir və yerindəcə boğdular.

Kimdən tələb edəcəkdik sualına isə İlham Əliyevdən cavabını verirəm. Çünki bütün pisliklərin başında duran tək isim odur. Geri qalanları onun tör-töküntüsüdür.
-       
  
Hətta mitinq haqqında yerli İcra Hakimiyyətinə də rəsmi müraciət etmisiz, doğrudurmu bu?

Bəli. 12 yanvar tarixində Zaqatala rayon İcra Hakimiyyətinə yazılı müraciət edərək 30 yanvar saat 16:00 da şəhər Mədəniyyət Evinin qarşısında “bahalaşmaya son” adı altında mitinq edəcəyimizi bildirmişdik. İH göndərilən müraciəti həm poçt, həm də İH nın internet ünvanına yollamışdıq.
-       
  
Cavab verilmədi?

Yox. Əslində verildi, ancaq başqa yolla.
-       
  
Necə yəni?

Deməli İcra Hakimiyyətinə müraciətdən bir gün sonra sosial şəbəkələrdə “Zaqatalalılar” adlı səhifədə mitinq təbliğatına başlamış, mitinqin dinc olacağını elan etmişdik. 14 yanvar tarixində həmin səhifənin admini polis tərəfindən saxlanılması xəbərini aldıq. Adminə təzyiq edilərək məni həmin qrupdan çıxarmış və icra hakimiyyətinin verdiyi yazını orada paylaşaraq barəmdə qaralama kampanyasına başlamaqla yanaşı, həm də qeyri rəsmi olaraq mitinqə icazə verilməyəcəyini bildirmişlər. Bu adamların rəsmi cavab “mədəniyyəti” budur.
-       
  
PR dedikdə, yəni nə yazılmışdı “cavabda”?

Zaqatalalıların çoxluqla izlədiyi qrupda məni təxribatçı, xayin kimi adlarla qaralamış, sonra isə böhtana keçmişdilər. Ancaq o qədər acizdirlər ki, böhtanı da ata bilmirlər. Böhtanda eynilə bu cür yazılmışdı “Rəsul Mürsəlov yeni il ərəfəsində öz yaxın ətrafından evlərinə şaxta baba gələcəyini vəd edərək küllü miqdarda pul almış və ölkədən qaçmışdır”. Təsəvvür edirsinizmi, bunlar hansı ağılın, məntiqin sahibləridir. Həm də bunu İcra hakimiyyəti yazır. Yəni bir rayonu idarə edən ən üst qürum.
“Yeni il ərəfəsində” sözündən başlasaq, bilirsiz ki, 2012 ci ildə siyasi fəaliyyətimdən dolayı qanunsuz olaraq həbs edilmişəm, 2014 cü ildə çıxmışam həbsdən. Eyni ildə sürgünə getmişəm və həmin yeni ili sürgündə, sonrakı, yəni keçdiyimiz son yeni ili isə hazırda yaşadığım Niderland Krallığında keçirmişəm. Yəni son 4 ildir yeni ildə ölkədə ya həbsdə olmuşam, ya da ümumiyyətlə ölkədə olmamışam.

İkinci yandan hansı ağılla “küllü miqdarda” sözü işlədilir, o da müəmmalıdır. Yəni adam bu qədər bisavad olar? Küllü miqdar bildiyim qədər 6 min manatdan yuxarı sayılır. Kim yeni ildə evinə şaxta baba gələr deyə - üstəlik bu böhranda – bu qədər pul verər? Heç xalqın milyardlarını oğrayan İlham Əliyev də bunu etməz.

Sonuc olaraq sözdə məni xalqın gözündən salmağa hesablanmış bu qara PR əslində onların savadsızlığını və səriştəsizliyini daha da qabarıq ortaya çıxardı.
-       
  
Bəs bu məlumatları yaydırdıqları admin necə oldu, onu azad etdilər?

Bəli, mənə həmin gün məlumat gəldi bu haqda. Ancaq onu azad etmədən öncə həmin qrupun adminliyini əlindən alıb başqa bir polisə verdilər. Ki, qrupa nəzarət etsin. Lakin həmin qrup hərlənib fırlanıb mənim əlimə düşdü, həm də bir başa admin olaraq (gülür).
-       
  
Necə yəni polisdə olan qrup sizin əlinizə düşür, həm də admin olaraq?

Əvvəl qrupda üzv idim, paylaşımlarım adminin süzgəcindən keçir, sonra yayımlanırdı. Ancaq polisin nəzarətində olan qrupa bu dəfə admin kimi döndüm və həmin polisi ordan uzaqlaşdırdım. Sonradan isə təbliğatımızı rahat şəkildə qrupda edirdik. Bunu sizə açıqlaya bilmərəm, necə olduğunu. Ancaq görünən o ki, Zaqatalada polisin deyil, mənim istəklərim keçərlidir.
-       
  
Sonra nələr baş verdi?

Sonradan başqa Zaqatalaya aid səhifələrdə xəbər yayıldı ki, kim Rəsul Mürsəlovun statusunu “like” etsə, onunla əlaqədə olsa həmin adam həbs ediləcək. Lakin təbliğat hər gün daha da artır, insanların mitinqə marağı çoxalırdı. Bundan sonra 19 yanvar tarixində Zaqatala İcra hakimiyyəti Mədəniyyət Evində təcili toplantı keçirərək sərt üsullara əl atacağını bildirdi. Həmin toplantıda dövlət işçilərinə tapşırıq verildi ki, kimin qohumu, ailə üzvü  həmin mitinqdə iştirak edərsə həmin adam işdən qovulacaq. Bununla yanaşı toplantıda şəhər polis şöbəsi rəisi Arif Babayev çıxış edərək tədbirlərin gücləndirildiyini, kəndlərin giriş çıxışında polis postları qurulduğunu, şəhərdə gecə 12 dən səhər saat 6 ya kimi komendat saatı tətbiq ediləcəyini açıqlayır.

Daha sonra isə kəndlərdə yerli icra nümayəndələri insanları qorxutmağa başlayır ki, həmin mitinq avarlarla azərbaycanlıları qarşı qarşıya gətirmək məqsədi güdür və kimsə ora getməsin. Həmin təbliğat ləzgilərə, zaxurlara və başqa azsaylı millətlərə də aparılırdı. Hətta orda mənim haqqımda deyilirmiş ki, Rəsul Mürsəlovu Hollandiya öyrədib göndərib, falan filan...
-       
  
Bu təbliğatdan sonra nələrsə dəyişdi?

Anti təbliğatın faydası olmadığını görən polis daha sonra repressiyaya əl atdı və bununlada həbs dalğası başladı. İlk öncə şəhər sakini Səid Qurbanov həbs edilir və ona polis şöbəsində ciddi təzyiq edilir. Ardınca Yuxarı Tala kənd sakinləri Vaqif Hüseynov və Səbuhi Nusalov saxlanılır və yerli məhkəmə hər ikisi haqqında polisə müqavimət adı ilə inzibati həbs qərarı çıxarır. Halbu ki, saxlanılanların hər biri “facebook” sosial şəbəkəsində 30 yanvar mitinqi haqqında yayımlanan şəkili paylaşdığı üçün həbs ediliblər.

Bundan sonra da həbs dalğası genişlənməyə davam etdi və sosial şəbəkə fəalı, Zaqatala şəhəri Danaçı kənd sakini Məhəmməd Ömərov və Muğanlı kənd sakini Rəhman Məmmədov saxlanıldı. Hər ikisi hazırda inzibati həbsdədir və hansı maddə ilə, neçə sutka həbs qərarı olduğu məlum deyil.
-       
  
Bu həbslərdən sonra biraz geri çəkildiz, yoxsa necə?

Bütün bu həbslərə rəğmən mitinq təbliğatı insanlar arasında geniş yayılırdı. Əlbəttə geri çəkilmədik. Şəhərdə mindən çox buklet paylamaqla insanları dinc etiraza səsləyir, mitinqin amalı, məqsədini açıqlayırdıq.
-       
  
Bəs bütün bu işləri kim edirdi, sizə həbslər və digər məlumatları kim verirdi?

Ad çəkim (gülür)?
Biz bir təşkilatıq və çox sayda üzvlərimiz, bizi dəstəkləyənlər var. Xüsusilə təşkilatın müavini Azərbaycanda yaşayır və bütün işləri o həll edir. Bizə dövlət işində işləyən müəllim də, həkim də, adi məmur da, elə polisin özü də məlumat verir. Bütün həbslərdən, yaşananlardan, polisin toplantılarından da xəbərimiz olur və yenə də olacaq.

Mənə qarşı təzyiqə gəldikdə, onlara da məlumdur ki, kimi isə tutarıq, işdən qovarıq və.s kimi söhbətlər məni yolumdan döndərmir, mümkün deyil. Mən bu yolda ölümü gözə almışam, indi kiminsə işdən qovulmasına görəmi yolumdan, sözümdən dönəcəm? Bunlar boş çeylərdi, heç fikir belə vermirəm. Həm ən yaxınım ailəm idi, onlara da keçən il zorla məndən imtina haqqında ərizə yazdırdılar.

Ancaq onu deyim ki, burada, mobil telefonuma zəng gəlmişdi və mənimlə görüşmək istəyiridi bir şəxs. Burada yaşayan bir iş adamı idi (onu burdakı dostlarımız da tanıdı). Dediyinə görə ona Zaqataladan çox hörmətli bir nəfər xahiş edib ki, mənimlə görüşsün və mitinqi ləğv etməmi istəsin. Ona da başa saldım ki, bu mövzuda görüşməyin anlamı yoxdur. Sizi heç tanımıram, tanıdığım necə adamlar məndən belə bir xahiş etməyə cürət etməz, siz də etməyin, onsuzda sözünüz yerə düşəcək. Yenə də xahiş etdi, fərqli yollar sundu önümə. Güldüm və keçdim.

Bilirsiz, insan anlamalıdır ki, insan həyatda öz canından çox nəyi isə sevə bilərmi? Mən canımı MTN Təcridxanasında qoyanda, ailəmə iztirablar veriləndə, sürgünlərdə olanda belə yolumdan, sözümdən dönməmişəm, indi kiminsə bir quru sözünə, ya da pul parasınamı dönəcəm. Özünə hörmət edən insan bunları düşünər, bilincli şəkildə söz deyər.
-       
  
Qayıdaq yenidən mitinq söhbətinə, daha sonra nələr baş verdi. Polis hansı tədbirləri görmüşdü?

Bakının xüsusi təlimatı vardı: mitinq olmasın Zaqatalada. Buna görə də daxili qoşunların şəhər mərkəzinə nəzarət etməsi, kəndlərə girən və çıxan maşınlara polis nəzarəti gücləndi.

27 yanvar tarixində sosial şəbəkə fəalları, şəhər sakinləri Emin Məmmədov və Zair Osmanov da polis tərəfindən saxlanılaraq yerli məhkəmə tərəfindən inzibati həbsə məhkum edildilər.

Zaqatala şəhər İcra hakimiyyəti qanunları pozaraq mitinq haqqında rəsmi müraciətə qanunla nəzərdə tutulmuş müddətə, ümumilikdə isə heç cavab vermədi.

Mitinq günü, yəni 30 yanvar tarixində kəndlərdən çıxışlar polis tərəfindən bağlandı, şəhərə daxili qoşunlar yeridildi və şəhər mərkəzi ümumilikdə insanlara qarşı bağlandı. DTX (Dövlət Təhlükəsizlik Xidməti) rəisi Mədət Quliyev Zaqatala şəhərinə gələrək, mitinqin olacağı ərazidə şəhər rəhbərliyi ilə görüş keçirdi. Şəhər boyu mülki güyimli DTX və Polis əməkdaşları nəzarəti ələ aldı və insanların şəhər içində passportlarını yoxlamağa başladı.

Həmin gün kəndlərdən birindən gələn mikroavtobus şəhər girişində (Eroil yanacaqdoldurma məntəqəsi qarşısında) polis tərəfindən saxlanılmış, sürücünün yerinə polis əyləşərək sərnişinləri (təxminən 20 nəfər) geriyə, gəldikləri kəndə geri aparıb.

Bununlada Zaqatalada təşkil olunan dinc etiraz aksiyası çoxsaylı həbslər və zorakılıq, qorxu hesabına baş tutmayıb.
-       
  
Saxlanılanların tam siyahısını deyə bilərsiz?

Saxlanılanlardan 7 nəfərin adı dəqiq məlum olsada, geri qalanlarının adlarını hələlik müəyyən etmək olmayıb. Barələrində inzibati həbs qərarı verilənlər gənclər Zaqatala Polis Şöbəsi MST də (Müvəqqəti Saxlama Təcridxanası) saxlanılırlar. Onlara qarşı hər hansı işgəncə faktı haqqında əlimizdə bilgi yoxdur. Saxlanılanların heç birinə yaxınları, ailə üzvüləri ilə görüşə icazə verilmir və bu da işgəncə şübhəsini artırır. Hətta saxlanılanlardan çoxu məhkəməyə belə çıxarılmayıb. Zaqatala Məhkəməsinin hakimi Arif İsmayılov polisin tapşırığı ilə saxlanılanların üzünü belə görmədən (yalnızca iki nəfər məhkəməyə çıxarılıb – S.Nusalov və V.Hüseynov) inzibati həbs haqqında qərar çıxarıb.

Həbs edilmiş gənclər:

     1. Səbuhi Nusalov (Yuxarı Tala)  2. Məhəmməd Ömərov (Danaçı kəndi)  3.Vaqif Hüseynov (Yuxarı Tala)  4. Emin Məmmədov (blogger, şəhər)  5.Zair Osmanov (şəhər)
  6. 
Rəhman Məmmədov (Muğanlı)  7.Telman Mahmudcanov (şəhər)

-          Sonda əlavə etmək istədiyiniz nə isə var?

Bir məqam var ki, onu demək istəyirəm. DTX rəisi səviyyəsində diqqət ayrılan Zaqatala mitinqinə, şəhərdə 12 gün (19 -31 yanvar) gecə komendat saatı elan edilməsinə, həbs edilən onlarla gəncə qarşı mətbuat tam səssizlik nümayiş etdirdi. Hətta sosial şəbəkələrdə həbs edilən gənclərin fotosunu yaydıq, amma diqqət sıfır. Hər kəs gözünü yumub, sanki belə də olmalı idi. Sanki həbs edilən gənclər bu ölkənin, bu gəncliyin bir parçası deyil. Xatırladım ki, onlar sadəcə sosial şəbəkələrdə mitinq şəkli paylaşdıqları üçün həbs ediliblər. Ona da diqqət edin ki, həbs edilənlər fərqli kəndlərdəndir. Yəni insanları qorxutmaq məqsədilə əllərinə keçəni tutublar. Bu gənclərə sahib çıxmaq lazım. Onları heçnə olmamış kimi yox saya bilmərik.


06 fevral 2016 aktualxeber.info/musahibe

No comments:

Post a Comment