Monday, June 29, 2015

Ermənistan-Azərbaycan, cəmiyyət fərqi.



  Ermənistan Republikası son günlər paytaxt Yerevandakı mitinglərlə gündəmdə - yəni haqqını tələb etməklə, ədalət istəməklə. Vətəndaş, xüsusilədə gənclər ölkəsinə, duruma biganə qalmır, dəyənək altında, meydanlarda gecələyir və haqqını sona qədər savunur.
  Azərbaycan Respublikası, vətənim isə AŞPA da qəbul edilən siyasi məhbusların siyahısı, pozulan insan haqları, Avropanın iştirak etmədiyi “Avropa Oyunları” və ora xərclənən 8 milyard vəsait ilə dünya mediyasında – yəni haqqını yedirtməklə bir rejimə, sülalə hakimiyyətinə. İnsanımız isə “bununla dünyaya ölkəmizi tanıdırıq” deyib cahilliyini nümayiş etdirir.

Qarabağ niyə Azərbaycanın nəzarətinə qayıda bilmir?

  Mən Qarabağ Ermənisi olsam kimin yanında yer almaq istərdim- bu sualı versin bir vicdan sahibi özünə - Ermənistanın, yoxsa Azərbaycanın? Bu sualdan yola çıxan Qarabağ erməniləri ayağını bir başmağa dirəyiblər və 20 ildir mücadələ verirlər. Təbii ki, bunun pərdəarxası olayı Rusiya ilə bağlıdır, ancaq görüntüdə var ortada – elə yuxarıda qoyduğum sual.
  Qarabağ erməniləri əlbəttə ki, əzilən, kor olmuş, təhsilsiz və təhqir olunmuş cəmiyyətdə deyil. Hakimiyyəti Rusiyanın boyunduruğu altında olsa belə cəmiyyət olaraq irəli görüşlü, təhsilə, Avropa mədəniyyətinə və haqqı uğruna birləşə biləcəək, meydanlarda yataraq etirazını bildirəcək və nəticədə haqqına sahib çıxacaq cəmiyyətin yanında yer alardım deyir və buna doğru sürətlə gedir. Necə ki, bu gün Qarabağ öz azadlığını qismən qəbul elətdirir dünyaya və yaxın gələcəkdə bu gedişatla buna nail olacaq da. Çünki Qarabağ erməniləri İlham Əliyevi “öcü” kimi göstərir barmaqla və dünyaya səs sala bilir ki, bu adam özününkilərə divan tutur, bizə gör neyləyər.
  Dünyanın güc sahibləri də görür ki, öz insanına zülm edən, həbsxanaları vicdanlı insanlara məskən seçən, xalqın sərvətini talayıb cibinə dolduran rejim, Qarabağda ermənilərə divan tutması istisna edilmir və bu səbəbdən Qarabağın Azərbaycana verilməsində sərt mövge tutmur, tutmayacaq da. Həm bu ölkənin insan haqları, korrupsiya və özbaşınalıq durumu o qədər qabarıq şəkildə gündəmdə ki, artıq başqa yerə fikir vermək mümkünsüzdür. Yəni bütün bu halların qarşısında durub da Qarabağ məsələsini gündəmə gətirmək olmur, olmayacaq. Bizim “şanlı”, “regionda lider” dövlətimizin diktatoru İlham Əliyev isə barmağı qapı arasında sıxışan kimi cumur Avropanın üstünə ki, “bizim Qarabağ boyda dərdimiz var”. Onlarda bunu başa salmağa çalışır ki, ay atasının oğlu, bir dur hələ, sənin Qarabağın sənin ölkənə ziyandırsa, sənin dünya dəyərlərini tapdalamağın bütün bəşəriyyətə ziyandır və ilk öncə biz bunu həll etməliyik. İlham ağa da iciyir, küsür bunlardan ki, bəs mənim oğurladığım 3-5 manata göz dikmisiz, ancaq mən sizə sərvət yedirdirəm.

Gələk xalqların məsələsinə. Hansı cəmiyyət, xalq daha irəlidədir deyə baxaq.

  Regionda lider dövlət olmasını Prezident Aparatı və AZTV dən o yanda danışa bilməyən Əliyev rejiminin köləsi olmuş, təhsilsizlik və cahiliyyətin qurbanına çevrilmiş, Avropanın olmadığı “Avropa Oyunlarına” göbək atıb sevinən cəmiyyət irəlidədir?
  Yoxsa Avropa mədəniyyətini özündə cəmləyən, ölkə mədəniyyətini qoruyub saxlayan və hətta sizin “sarı gəlini” belə -sırf sizin acığınıza- öz adına dünyaya göstərəcək qədər güclü olan, elektrik enerjisinin qiyməti artıb deyə meydanlarda yatan və etirazını bildirən toplum, cəmiyyətmi daha üstündür?
  Ermənistan Rusiyanın boyunduruğu altında bu gerçək və bunu heç erməni də danmır. Bəs Azərbaycan harda, kimin boyunduruğunda? Bu da gerçək və danmırıq – Əliyev rejiminin, dolayısı ilə Rusiyanın.

  Demək məsələ həm də cəmiyyətdədir, rejim qədər. Yəni cəmiyyət də özünü tez kölə edib, tez boyunduruq altına salıb “rahatı” üçün. Amma bu rahat boyunduruğu keçirənə qədər olan zamandır və bundan sonra ömürlük boynunda olacaq zülmdür ki, bunu dərk etmək üçün də dünyagörüşü, biraz ağıl lazım idi. Nə acıdır ki, bunu tez itirdik. Ancaq ermənilər Rusiyaya boyun əydiklərini göstərsə də, təhsilini, mədəniyyətini, dəyərlərini qoruyub saxlayıb və bu gün bir araya toplaşa, səsini duyura bilir. Bəs Sarkisyan niyə öz xalqını kölə edə bilmir? Hə, Sarkisyan Əliyev qədər “ağıllı” deyilmi desəniz, məncə, elə hər yandan göründüyü kimi İlham Əliyevdən çox-çox ağıllıdır. Ən azından Rusiyadan illik büdcəsinin yarısını alıb xalqını yedirtdiyi üçün. Əliyev isə öz ölkəsindən oğurlayıb Avropanın bəzi satılmışlarına və Rusiyaya verir. Atası kimi kreslo və sərvət hərisliyini doyurmaq üçün. 

No comments:

Post a Comment