Monday, September 28, 2015

Şüar - “Qarabağ dərdimiz”.

RƏSUL MÜRSƏLOV


Hər zaman hakimiyyət dalana dirənəndə istifadə etdiyi bir “kozer” var əlində - Qarabağ. Heç kəsə sirr deyil ki, Qarabağ münaqişəsi H.Əliyevin imzası ilə Rusiyaya peşkəş edilmiş Azərbaycan ərazisidir. Elə bu səbəbdən peşkəş edilmişdir – dar ayaqda istifadə üçün. Başqa məqsədlər və proyektlər də var Qarabağ savaşının altında yatan. Ancaq heç o qədər baş ağrıtmağa gərək yoxdur. Elə üzdə olan, sadə xalqın anlayacağı məsələni qabartsaq kifayət edəcək.

Hər beynəlxalq tədbirdə ölkəmizin bərbad durumu – insan haqları, təməl azadlıqların qısıtlanması, siyasi səhnənin yalnız hakim ailə tərəfindən qəsd edilməsi və professor Cəmil müəllimin deyimi ilə desək, xirttəyinə kimi korrupsiyaya bulaşmış hakim ailə problemləri qabardılır. Bu zaman Səməd Seyidov kimilər və sonradan hüquq adını zorlamış, onun, türklər demiş “ırzına keçmiş” dırnaq arası hüquq müdafiəçiləri Azər Həsrət və Əhməd Şahidov kimilər meydana çıxır, qaçqın problemi, əsirlər və Qarabağ məsələsi kimi “kozerdən” istifadəyə əl atır. Avropanın diplomatları, hüquq adamları da içində bu adamcıqlara gülür ki, “ay insan sən 5-10 nəfərdən danışırsan, biz sənin məhv edilmiş ölkənin milyonlarla insanından danışırıq. Ümumi problemi çözək ki, Qarabağ məsələsini də çözə bilək”. Amma kimə deyirsən? Kor tutduğunu buraxmayan kimi, bunlarda tutub, buraxmırlar.

Dərk etmək zor olmasa gərək ki, bu qədər ucuz, kiçik düşüncə yiyəsi olan kimsələr Azərbaycan “dərdlərini” qabartmaqla, əslində Qarabağ adından özlərinə qalxan kimi istifadə edir. Hakimiyyətin şüuru, dərk etdiyi və ya gücü çatan bu qədərdir, nə deyək? Bu düşüncə sahibləri, bu kiçik arzulu, cılız  insanlar idarə edir vətənimizi.

Adamlar deyir ölkədə azadlıq yoxdur, bunlar deyir bəs Qarabağ, bəs qaçqınlar, bəs əsirlər. Adamlar dəridən qabıqdan çıxır ki, anlata bilsin bu qalın qafa sahiblərinə - sən hələ ölkə içində azadlığı təmin et, sonra dışarıdan danış. Qarabağ artıq dışarıda olan yer kimi tanınır. Çünki hakimiyyət bu zamana kimi apardığı “siyasət” buralara gətirdi bizi.

 Həm Heydər Əliyev Bişkekdə imzaladığı atəşkəs müqaviləsində hansı yazının altına imzasını qoyub – “Dağlıq Qarabağ və Azərbaycan Respublikası arasında atəşkəs imzalanması haqqında sənəd”.

 Di get o yanda oyna. “Qarabağ Muxtar Respublikadır. Burda Ermənistanın nə günahı” deyərlər adama. Bir də dönüb deyərlər ki, “qadan alım, başına dönüm, Qarabağı atan Heydər azad deyə tanımadımı? Bizdən nə istəyirsən?” Atanın sağlığında onun boğazından yapışardın, elə çox Qarabağa canın yanırsa.

  Birdə işin bu yanı var - Putinin qoltuğuna sığınan bir kimsə, Avropadan Qarabağa ədalət istəyir. Bu hansı məntiq, hansı düşüncə? Qarabağı işğal edən Rusiyaya sığın, digər tərəfdən gəl Avropadan ədalət istə. Anlatmaqla da anlamırlar ki, sənin torpağını Rusiya işğal edib. Bizdən nə istəyirsən? Get Rusiyaya de sözünü? Əl çək yaxamızdan.

 Hələ bir də Rusiyaya inteqrasiya yolunda önəmli addım atıb rejim. Bakı-Moskva təyyarə reysində qiymət endirimi. Əvvəl 200 manat olan qiymət indi 95 manata endirilib. Ciddi adımdır, uğurlu inteqrasiyadır. Halal olsun bunu düşünən beyinə. Yəqin bununlada Qarabağda yaradılan süni savaşı, hər gün öldürülən gəncəcik əsgərləri unudar millət, bu qiymət endirimi ilə, deyə düşünüblər. Bu qədər düşünə bilirlər, qınamıram.

Fikrimcə buraya kimi belə özləri düşünmür. Putin qardaşı, ağası məsləhət verir. Daha doğrusu əmr veririr. Ötür –ötür oynayırlar. Adını dövlət idarəetmə qoyublar. Putin İlhama, İlham Əliyə, Əli Vəliyə, Vəli də əhmədlər, azərlər, səmədlərə əmr edir - "kim sizə demokratiya desə, ağlaşma qurun, ittiham edin ki, bizim Qarabağ boyda dərdimiz var”.

Elə Qarabağ boyda daş düşsün təpənizə. Bizimdə canımız qurtarsın, sizin də.

Cılız, kiçik düşüncə ilə bir yerlərə varmaq istəyir rejim, böyük, qlobal düşünən dünya gücləri qarşısında. Bir də avropalı kürü yeməyən diplomatlar bizim televiziyalara baxsalar dəhşətə gələrlər. Nə yaxşı ki, baxmırlar. Həm öz insanımız baxmayan televiziyaya, avropalı niyə baxsın ki? Aşağıda videosunu da yayımlayıram və ordan görüb bir daha əmin olacaqsız Əliyev əxlaqından. “Lider” ölkənin lider televiziyası Avropaya od püskürür. Əslində isə xalqımızı təhqir edir burada işlətdiyi təhqiramiz ifadələrlə. Adam tənqid deyil, açıqca təhqir edir. Kobud, heç bir əxlaqa sığmayan ifadələr işlədir efirdən. Hər halda, videodan özünüz görüb eşidəcəksiniz, bu hakimiyyətin əxlaqını, səviyyəsini, siyasi “savaşını”.

Hakimiyyətin əxlaqından bir parça, izləyin !



Şüar - "Qarabağ dərdimiz" » QaynarXeber.Az

No comments:

Post a Comment