Sunday, September 6, 2015

Avropanı fəth edən Suriya əxlaqı.


Rəsul Mürsəlov 

Suriyalı qaçqınlar. Son dönəm Dəniz sahilinə vuran körpənin cansız bədəni ilə daha çox gündəmə gəldi.

Mənim bu mövzudan danışmaq niyyətim yox. Sözümün canı ayrıdır. Dolayısı ilə elə bu mövzunu da əhatə edir.

Suriyadan, müharibədən qaçan qaçqınlar sözün əsl mənasında artıq qudurduqlarını gizlətmirlər.  Müharibədən qaçmısız, təhlükəsiz yaşayış, normal həyatistəyirsiz və bu sizin insan olaraq haqqınızdır. Kimsə buna başqa cür yanaşa bilməz. Bura kimi anlayırıq. Deməli sizə savaş olmayan, bir tikə çörəyinizi yeyə biləcəyiniz azad yer lazım, elə deyilmi?

Bəs bu qudurğanlıq nədir? Ölkə, şəhər seçməyinizə, Avropaya yayılmış tərbiyyəsizliyinizə necə anlam verək.
Suriyanı zorlu şərtlər altında tərk edən qaçqınlara, təhlükəsiz ölkələr qəbul edir, yeməyini, yaşayış şəraitini təmin edir. Amma qaçqınlar daha artığına iddia edir. Bunun adı qudurğanlıq, harınlamaqdır.

* * *

Başımdan keçən Suriya qaçqını ilə olan qısa dialoqumu bu yerdə xatırlamaq yerinə düşər.

Hollandiyaya gəldiyim 4 gün idi. Bunun 3 gününü beynəlxalq konfransda keçirmiş, son günü isə “Qaçqınların Qəbulu Mərkəzi”nə getmək üçün paytaxtdan yola çıxdım. Son stansiyada dəmiryol vağzalından çıxıb son marşrutu avtobusla getmək üçün dayanacaqda durmuşdum. Bir nəfər yaxınlaşdı. Məndən ünvan soruşdu. Getdiyim ünvan idi və ona izah etdim. Ardınca siqaret istədi, verdim. Siqareti sömürə-sömürə aramızda belə bir dialoq oldu. Sual verdi:
 - Haralısız?
 -  Azərbaycan.
 -  Müsəlmansız?

Hə demək bunun çənəsindən qurtula bilməmək, yox demək isə lənətlər yağdırması ilə nəticələnəcəkdi. Amma mən ikincini seçdim - Xeyr. Ardınca qəzəbli üz ifadəsi ilə:

 - Yeriniz cəhənnəmdir -dedi.

Bu qədər arsızlığa üzümdəki təbəssümlə cavab verdim. Susdu. Canım qurtardı deyə düşündüm. Az sonra siqaret yandırarkən ona da təklif etdim. Acıqlı üz ifadəsi ilə imtina etdi və ardınca açıqlamasını verdi: “Siz müsəlman deyilsiz, buna görə sizin siqaretinizi də çəkmərəm. Kafirlərdən heç nə almaq, vermək olmaz” deyə ciddi sifət görkəmi aldı. Təkrar gülümsədim. Arvadını çadıraya bürüyüb özü şortikdə gəzən bu “müsəlmana”, cahilə nə deyəcəkdim ki? Az sonra avtobus gəldi və yola düşdük. Avtobusdan enəndən sonra da kafirin (mənim) məsləhəti, yol göstərməsi ilə lazımi ünvana çatdı suriyalı müsəlman.

Bir gün həmin düşərgədə qaldım və azı 4-5 dəfə həmin müsəlman kafirdən (məndən) məcburi siqaret istədi, verdim.

* * *

Bunun kimi “müsəlmanlar” Avropanı fəth edib və axmaq düşüncə tərzi ilə yerli sakinləri də bezdirib, qorxu mühiti yaradıb. Maqazinlərdən oğurluq, dava-dalaş və bir sıra pisliklərlə Avropa insanında özlərinə qarşı acıma, yardım duyğusunu nifrətə çeviriblər. Bütün mədəniyyətsizliklər, tərbiyyəsiz, əxlaq dışı hərəkətlərə sahib bu “müsəlmanlar” nəinki mədəniyyətə inteqrasiya, hətta burdakı mədəniyyəti öz mədəniyyətsizlikləri ilə dəyişmək istəyirlər.

Suriya qaçqınları müharibədən qaçmalarına, Avropadan sözdə təhlükəsiz sığınmadan başqa heç nə istəmədiklərini deyirlər. Amma görünən o ki, bu qaçqınlar daha çox şey istəyirlər. Məsələn Avropanı Suriyaya döndərmək. Bu qədər cahil kütləni qəbul edib yer, yuva verən dövlətlərdən daha çox şey tələb edirlər. Mitinqlər, aksiyalar edirlər, qonaq gəldikləri ev sahibinə qarşı etiraz edirlər. Haqlı etiraz olsa dəstəkləyərəm, amma məsələ başqadır. Bunların tələblərinə baxın hələ.

Macarıstanda zorla sərhəddi qırıb keçirlər, sonra həmin ölkədə sənədləşməyə razı olmurlar və Almanyaya getmək istəyirik deyirlər. Niyə axı Almanya? Müharibədən qaçıb təhlükəsiz yer axtarmırsız? Bu nə küstahlıqdır, ölkə seçmək.

İndi də Yunanıstanda saxlandıqları yerdən Afinaya getmək üçünetiraz aksiyası ediblər. Polis zorla qarşılarını alıb. Hətta qarşıdurma yaşanıb, yaralananlar olub. Bunlar necə də qəhrəman imiş, qorxmurmuşlar heç nədən. Baxsaq görərik ki, öz ölkələrində heç vaxt nəyəsə etiraz etməyiblər. Bu qudurğan kütlə öz ölkəsində "mal" kimi yaşayıb, hakimiyyətə sözünü deyə bilməyib və bu günkü günə düşüb. İndi Avropaya çıxan kimi, söz azadlığı deyib qonaq olduqları, çörəyini yedikləri hökumətə tələblər qoyurlar, üsyan edirlər. Bu cahil kütlə “Afinaya istəyirik” deyə şüarlar səsləndirib. Tələbə baxın. Bunlar paytaxtda yaşamaq istəyir. Oranı zibilə döndərmək niyyətindələr. Axı siz kimsiniz ki, qonaq olduğunuz ölkənin paytaxtına gedib oranı da öz mədəniyyətsizliyinizlə bərbad edəsiz? Orda yaşayan yerli insanların rahatını pozasız?

Hələ bir ailə tanıyıram burda. İki ildən çoxdur düşərgədə qalır. Səbəb o deyil ki, bunları hökumət, miqrasiya idarəsi evsiz qoyub. Səbəb yenə qudurğanlıqdır. Adama gəldiyindən bir müddət sonra ev veriblər. Bəyənməyib şəhəri, evi. Deyib ki, paytaxt Amsterdamda ev verin mənə. Deyiblər baş üstə, otur düşərgədə, olan kimi xəbər edəcəyik. İki ildi gözləyir.

Adama deyərlər qələtinizi edib oturun yerinizdə, harda yer veriblər orda.

Bu cahil kütlə burda “kafir” çörəyi yeyib, evində yaşayıb, maşınını sürür. Sonra deyir ki, Avropa yolunu azıb, kafirdi, cəhənnəmdə yanacaqlar. Adamı “cəhənnəmdən əvvəl” bu düşüncələri, sözləri yandırıb tökür. Yolunu azan kimdir görəsən? Komfort içində, mehriban yaşayan, bütün insanlığını 
ortaya qoyan Avropa insanı, yoxsa hər getdiyi yeri zibilə çevirən bu cahil kütlə?


QaynarXeber.Az -  köşə 

No comments:

Post a Comment