Friday, May 15, 2015

Mübarizə simvolu - qadın siyasi məhbus

                                                                                                                                   pressdent.org                                                                                                                                         13-05-2015  21:33

RƏSUL MÜRSƏLOV

  Bu dəfə nə İlham Əliyevdən, nə onun despot rejimindən, nə də “olimpiyada” adına talan olmuş milyonlardan yazacam. Bu dəfə “siyasətə qarışmayan” xalqa, “vətənpərvər” oğullara bir mövzuda yazıb düşünmələrini istəyəcəm. Buna nə qədər nail olacam, bilmirəm. Amma mən üzərimə düşəni etməyə çalışacam. Nəticəni çıxarmaq artıq “vətənpərvərlərin” boynunun borcudur.

  Həmin “vətənpərvər” oğullara Azərbaycanın mübarizə tarixinə adını yazdıran mərd qadınlardan biri – Faina Kungurovadan bəhs edəcəm.

  Bu mübariz qadın 2000 ci illərdə, Heydər Əliyevin gur çağlayan zamanlarında meydanlarda tüğyan edirdi. Bu gün unudulsa da əminəm ki, tarixə adını qızıl hərflərlə yazdırmağı bacarmışdır və zamanla qiymətini alacaq. Həmin Faina ki, ata və oğul Əiyevlərin zindanını yaşayıb – siyasi məhbus kimi. Azərbaycanın ilk qadın siyasi məhbusu olmuş bu mübariz xanım, ikinci dəfə də həbs edildi və öz “statusunu” qorudu – Azərbaycanın siyasi məhbus qadını.

  İlk dəfə 2002 ci ildə xuliqanlıq adı altında (hazırda bu ittihamı oğul Əliyev “işlədir” siyasi həbslərdə) həbs edildi Faina. Həbsinin səbəbi isə sabiq spiker Rəsul Quliyevin (hansı ki, indi həmin Quliyev Fainanın adını belə xatırlamır) müdafiəsindəki aksiyalarda fəal olması idi. Birinci dəfə həbs ediləndə 2 il rejim zindanında yatdı. Avropanın ciddi basqılarından sonra hakimiyyətə yenicə yiyələnən İlham Əliyev atasının doğum günündə əfv imzaladı və Fainanı işləmədiyi cinayətə görə bağışladı - azadlığa buraxdı. Amma Faina durdumu, mübarizədən çəkildimi? Əsla yox. Daha da sarıldı haqlı davasına, xalqın mənafeyini müdafiəyə. Ardınca isə İlham Əliyev onu “əfv” etməsinə peşman oldu və Faina üçün təkrar zindan həyatı başladı. 2007 ci ildə növbəti dəfə həbs edilən Fainaya bu dəfə “klassik siyasi maddə” deyə tanıdığımız “narkotik” şərləməsi uyğun görüldü. Elə burada da Faina ilkə imzasını atdı. Belə ki, həmin həbsdən sonra “narkotik” şərləməsi ənənəvi siyasi həbs maddəsinə çevrildi. Qanunsuz həbsinə etiraz olaraq Faina həbsdə ölüm aclığına başladı. Qısa zaman sonra isə qürurundan, mübarizəsindən ölüm ayağında belə dönmədiyini sübut etdi – saxlandığı kamerada ölüm aclığında həyata gözlərini yumdu. Sübut etdi ki, ölüm belə yolundan, davasından döndürə bilməz insanı, əgər mübarizsənsə. Onun hələ 33 yaşı vardı və bir də övlad anası idi. Rəsmi diaqnozunda ürək çatışmazlığı və qida yetərsizliyi göstərildi. Və beləcə mübarizə qadını həyatla vidalaşdı.

  Faina Kungurovanı təəssüf ki, unutmuş, unutdurmuşuq. Ancaq bu kimi mübarizə simvolu olan qadını tez tez xatırlamalı, yad etməliyik. Çünki gələcək mübarizə yolumuz onların çiyinlərində bizə gəlmiş və bizdən gələcəyə gedir. Zənciri qırmaq isə yolverilməzdir.

  Faina haqda yazmaqda məqsədim həm onu yenidən xatırlamaq, həm xatırlatmaq, həm də başlanğıcda dediyim kimi, bunu “siyasətə qarışmayanlara” anlatmaq və onların biraz düşünməsini istəməyimdir. Biraz düşünsələr anlayacaqlar ki, Faina kimi qadınlar mübarizədə öndə getdiyi halda, özlərini “vətənpərvər” adlandıran kişilərin siyasətə qarışmaması əslində nə dərəcə üzücüdür. Faina Kungurova mübarizəsi, davası adına, xalqının gələcəyi adına canından keçdi. O bilə -bilə ölümə getdi, siz, “vətənpərvərlər” xoş gün görsün, normal, sivil cəmiyyətdə yaşasın deyə.

  Sən nə edirsən? Hələdə kölə kimi yaşamağı seçirsən, yoxsa haqlı mübarizəyə qoşulursan? Yoxsa bunların hamısından imtina edir və Fainadan – mübariz bir qadından əksik, qorxaq olduğunu qəbullanırsan? Seçim sənindir “siyasətə qarışmayan” “vətənpərvər” !


http://pressdent.org/sonxeber/189-mubarize-simvolu-qadin-siyasi-mehbus.html

No comments:

Post a Comment