Thursday, July 25, 2019

Mühacirlərə təsir; söyüş və inqilab.



Mühacirlər arasında sürətlə yayılan söyüş ritorikası hardan qaynaqlanır?
İlk ağıla gələn cavab; hakimiyyət söyür, cavabını da alır” olacaq.
Mən isə bu fikirdə deyiləm. Əsaslandırmağa çalışaram.

İlham Əliyevin təyin etdiyi deputat Fuad Muradov, yenə İlham Əliyevin seçki sonrası sərəncamıyla 23 aprel 2018 ci il tarixində Diaspora Komitəsinin sədri təyin edildi. Bu tarixdən etibarən isə bir qrup “mühacirin” başlatdığı söyüş ritorikas işə düşdü. İddia etmirəm ki, söyüşçü mühacirlər birbaşa F.Muradovdan təlimat alıblar. Ancaq bu ritorikanı meydana gətirənin yeni diasporaçı olduğuna da şübhə etmirəm. O və ya bu yolla. İstər dolayı yolla bəzi mühacirləri söydürsün, istər Bakıdakı bəzi adamlara potensiyal söyüşlə cavab verəcək insanları söydürsün - fərq etmir, layihınin rəhbəri odur, Fuad Muradov.
Sual oluna bilər, niyə layihə rəhbəri özünü aparmaqda qüsuru olmayan insanları hədəf seçməyib? Nə üçün Mirşahin Ağayev və digər “bloggerlər” məhz o söyüşlə cavab verəcək, təkcə söyüş söyməkdən başqa potensialı olmayanları hədəf alır (istisnalar var)? Axı hədəf aldığı şəxslərin hakimiyyətə nə kimi təsiri ola bilər? Bu adamların bütün qayəsi Avropada oturma izni almaqdır.
Hakimiyyətə heç bir təhlükəsi olmayan insanların hakimiyyət tərəfindən məqsədli şəkildə söyülməsi, onların da qarşı tərəfə söyəcəyinin və bu yolla layihənin həyata keçəcəyinin göstəricisidir.

Məqsəd sürətlə Avropada sıraları genişlənən mühacirləri parçalamaqdır. Sual oluna bilər ki, bunun yolunu niyə məhz söyüş variantında gördülər?! O zaman cavabında deyərdim ki, tək söyüş variantı yox, həm də “inqilab çağırışı” variantı var və hər iki məsələ yuxarıda dediyim kimi, mühacirlərin böyük birliyini paçalamaq, mühacirət müxalifətinin ölkədə nüfuzuna zərbə endirməkdir.

Söyüş ritorikası - Bu vasitə xalqa və beynəlxalq qurumlara müxalifətin aciz, arqumentsiz, bacarıqsız olduğunu aşılamağa xidmət edir. Digər yandan mühacirlərin intelektual, özünə hörmət edən kəsimi ilə, söyüşçü, saxta yollarla Avropada “siyasi mühacir” adı altında özünə yer axtaran bir qrup şəxsi ayırmaq məqsədi güdür. Yəni ikincilərin birincilərə qoşulma və gücə çevrilmə ehtimalının qarşısını almaq.
ikincilərin böyük çoxluqda olmasını nəzərə aldıqda və o böyük çoxluğun ölkədəki hadisələrə təsir imkanın, buna potensialının olmadığını və həm də, bu kəsimin ölkədə demokratik dəyişikliyə maraqlı olmadığını və əksinə, mövcud rejimin qalmasından yana olduğunu düşünərsək, o zaman diasporanın bu “siaysəti” uğur əldə edə bilər.

İnqilaba çağırış - Hər halda üstündən bir il ötən Gəncə hadisələrini hər kəs xatırlayır. Həmin hadisəyə qədər olan 10-12 günlük vaxtda Gəncənin icra başçısına sui-qəsd oldu. Sui-qəsdçini bir çox insan qəhrəman hesab etdi (R.M - mən başından bu mövzuda həmin şəxsin terrorçu, hansısa dini qruplaşmanın təlimatı ilə bu hərəkəti etdiyi qənaətindəyəm və bunun üçün kifayət qədər səbəb var). Bu “qəhrəmanlıqdan” sonra Gəncə şəhərində mitinqə çağırış oldu. Çağırışı edən şəxsin kimliyi bəlli deyildi. Kimliyyi bəlli olmayan çağırışın nə qədər qeyri ciddi olmasını bilmək üçün siyasətçi, aktivist olmağa gərək yoxdu, iki vur iki, bərabərdi dörd misalı. Ancaq sadə insanların da bilərəkdən və ya bilməyərəkdən bu aksiyada iştirakı baş tutdu, nəticədə bir neçə polis nəfəri qabaqcadan planlanmış şəkildə öldürüldü. Hakimiyyət istədiyini etdi, istədiyi yerə mesajını çatdırdı. Öldürülən polislər dəfn edildi, bir sıra şəxslər sorğu sualsız qətl edildi (DTX tərəfindən), yüzlərlə vətəndaş zindana atıldı və məsələ bitdi.

İndi bir qrup, kimliyi bilinən və heç də birmənalı qarşılanmayan şəxs inqilaba tarix qoyub. Filan tarixdə mühacirlər vətənə dönsün və inqilab edək deyirlər. Bu qədər absurd olar?! Necə yəni?! İnsanları necə belə bir qırğına verə bilərsən?! Kim verir sənə bu haqqı?!
Və bu çağırışı edənlərin birincisi, yəni “ideoloqu” söyüş ritorikasının ən iyrənc formasını youtube kanalından yayan şəxsdir. Hətta həmin şəxs bu işi genişləndirib və bir başqa youtub kanalı açıb, iki kanaldan işini davam etdirir - birindən inqilab çağırışı, digərindən 18+ söyüşlər (özü bunu deyir ki, biri normal kanaldı, digəri söyüş üçün). Diqqət edin, bu şəxs yuxarıda qeyd etdiyim söyüş və inqilab məsələsinin hər ikisində var.
İşin maraqlı tərəfi isə bu çağırışı edənlərin heç biri insanları çağırdıqları inqilab üçün Azərbaycana dönməyəcəklər (birisi bunu özü etiraf edir).


Təbii ki, bu adamların inqilaba çağırışına ciddi adamlar reaksiya verməyəcək. Nəinki ciddi, qeyri ciddi saydığımız insanlar belə Bakıya dönürəm inqilaba deməyəcəklər. Bəs “ideoloq” bunun fərqində deyilmi? Fərqindədir. Mən getmirəm, siz gedin deyəndə bilir axı kimsə getməz.

Burda məqsəd insanların inamını sarsıtmaq, ümidləri qırmaq, mühacir müxaliflərin nüfuzuna xələl gətirməkdir.

Rəsul Mürsəlov
25 iyul 2019
Niderland.

No comments:

Post a Comment