Wednesday, April 10, 2019

Avropa Birliyi ilə gözlənilən saziş.




Avropa Birliyi və Azərbaycan arasında imzalanması gözlənilən "üzünmüddəli münasibətləri tənzimləyəcək sənəd" haqda maraqlı diskussiyalar gedir. Bu sənədi imzalayacaq tərəf - iqtidar tam səssizliyini qoruyur, müxalifət isə ikili yanaşma sərgiləyir. Bir tərəf sənədin bu  şərtlər altında imzalanmasını sonrakı dövrdə heç bir müsbət addım olmayacağı ilə açıqlayır. Digər tərəf isə bu sənədin imzalanmasından sonra siyasi açılımlar olacağına inamını bildirir. Əlbəttə hər iki tərəfin haqlı olduğu məqamlar var. Ancaq hansı tərəfin haqlı olduğunu aydınlaşdıracaq yeganə vasitə həmin sənədin içəriyidir ki, hələlik bunu iqtidardan başqa heç kim bilmir. 

Avropa Parlamenti 2018 ci ildə qətnamə qəbul etməklə bildirdi ki, siyasi məhbuslar məsələsi həllini tapmalı, demokratik açılımlar olmalı və yalnız bundan sonra Avropa Komissiyasının imzalayacağı sənəd qüvvəyə minə bilər. Burdan Avropa aşağıdakıları örnək ala bilər və bununlada tələblərinin qismən qarşılandığını əsas tutaraq sənədin imzalanmasına nail ola bilər.

1) "Əliyevin 52 nəfər siyasi məhbusu azad etməsi həmin qətnaməyə qismən cavab verir".
Biz bunun bilincindəyik ki, 52 nəfər siyasi məhbus azad edilsə belə, həbsdə hələ də 100 nəfərə yaxın siyasi məhbus qalır və həmin məhbuslar azad edilməyincə siyasi məhbus problemi həll olunmuş hesab edilə bilməz.  Ancaq kim qarant verə bilər ki, AB tərəfi 52 nəfərlə başlayan azadlıq yolunda "davamı da gələcək" prinsipi ilə marağında olduğu sazişin imzalanmasına razı olmayacaq? Və kim qarant verə bilər ki, sazişin imzalanmasından sonra digər məhbuslar "ardı da gələcək" sözünün qüvvəsi ilə azad olunacaq? 

2) "Məhkəmələrdə islahatların başlaması demokratik açılımda önəmli addımdır".
Bu fikrin tez-tez iqtidar tərəfindən gündəmə gətirilməsi də təsadüfü deyil. Bir neçə rayonda məhkəmə hakimi tutulub, vəzifəsindən kənarlaşdırılıb və.s. Ehtimal ki, bunu da Avropa siyasi açılımın bir hissəsi kimi dəyərləndirə bilər (yəni sərf edir deyə).

3) "Siyasi müxalifətə qarşı yumuşalma".
Burada AXCP sədrinin müşaviri Məmməd İbrahimin vaxtından əvvəl azadlığa buraxılması (hərçənd ki, M.İbrahimin şərlənməsi işinin - məhkumluğunun sonuna 12 gün qalmışdı), Mehman Hüseynovun işində  "prezidentin nəzarəti ilə barışıq təklifi", REAL Partiyası sədri İlqar Məmmədovun şərti cəzasının qalan hissəsindən azad edilməsi və.s. Yəni Avropa bunu müxalifətə qarşı yumuşalma kimi qəbul edə bilər (təbii ki, onlar da hər şeyin bilincindədir, sadəcə maraqlar bunu belə qəbul etməyə sövq edir).

indi bu durumda Avropa ilə Azərbaycan arasında, Əliyev rejiminin əlavə köklü məsələlərdə ciddi söz vermədiyi halda imzalanan saziş xeyirli olacaqmı? Məsələnin həllini bu sualda axtarmalıyıq.
 Ancaq bu sualda ciddi cavab verməli olan müxalif liderlər ya susur, ya da fikir yayındırır. Məsələn dəyərli İlqar Məmmədov öz yazısında etdiyi qeydə baxaq: "Gürcüstan, Ukrayna, Ermənistan, və Moldova ilə imzalanmış eyni növdən olan sazişdən SONRA bu ölkələrin heç birində “saxta” adlandıra biləcəyimiz seçki keçirilməyib. Orada seçki standartları ancaq yüksəliş yaşayıb və bunun bizdə də təkrarlanacağını düşünmək olar". Cənab Məmmədov burada məsələni kökündən yanlış istiqamətə yönləndirir. Adıçəkilən ölkələrdən Ermənistan istisna olmaqla digərləri 2014 cü ilin iyun ayında sazişi imzalayıb. Bu o deməkdir ki, Ukraynada inqilab sonrası prezident seçkiləri 2014 cü il may ayında olmuşdu və demokratik seçkilərdə Poroşenko qalib olmuş, bir ay sonra sözügedən sazişi imzalamışdı. Gürcüstan 2012 ci il seçkilərindən sonra hakimiyyətə gələn Bidzina İvanaşvili hökumətinin iki il sonra (artıq onun yerinə İrakli Garibaşvili idi baş nazir) imzaladığı sazişin seçkilərə aidiyyatı yox idi və sazişdən iki il öncə keçən seçkilər şəffaf olmuşdu. Moldovada seçki problemini xatırlamıram. Hələ sazişi imzalamazdan 3-4 il öncə Moldovada parlament hökumət qurmaqda çətinlik çəkirdi, bu dərəcədə demokratik seçkilər, seçkilərdə şəffaflıq vardı. Bu baxımdan hər hansı şərtdə sənəd imzalansın, sonra seçkilərdə şəffaflıq olacaq deyimi yanlışdır. Ancaq digər məsələrlə bağlı optimist olmaq hər kəsin öz işidir.

Şəxsi fikrim ondan ibarətdir ki, bu sazişin imzalanıb imzalanmamasına 1 ay qalıb və bu müddətdə hər hansı ciddi siyasi addımın atılması zaman etibarilə mümkün deyil, ancaq Avropa həqiqətən istəyərsə, o zaman Əliyevin qarşısına ciddi islahat (seçki, siyasi açılım, vətəndaş cəmiyyətinə əngəl olmama və.s) sözü qoya və bunu "çığırda-çıxırda" ondan ala bilər. Ancaq mən buna təəssüf ki, inanmıram. Əgər sadəcə söz qarşılığında sənəd imzalanarsa, o zaman müsbətə doğru dəyişiklik gözlənilməməlidir. Hər halda sənədin içəriyi bəlli olduqdan sonra daha ətraflı analiz etmək və fikir söyləmək mümkün olacaq. Ancaq biz sənədin içəriyini bilənə kimi bu imzalar atılacaqsa, o zaman ....


No comments:

Post a Comment