Sunday, April 23, 2017

14 cü kalon - yaşam qiymətləri.


Birqayda olaraq "az-ağır cinayətdə" suçlanan siyasi məhbuslar 14 cü kalona köçürülür.
Bunun əsası hələ Sovet vaxtında qoyulub - milli azadlıq hərəkatı lideri Əbülfəz Elçibəydə bu kalona saxlanılıb.
Adıçəkilən cəzaçəkmə müəssisəsində digər bir çox siyasi məhbus kimi mən də bir ildən çox saxlanılmışam. Orda xatırladığım şərait və biznes aşağıda ətraflı qeyd edirəm:
Kalon dörd bir yandan daş karxanaları ilə əhatə edilib. Düzənlik ərazidə azca külək əsəndə hər yanı daş tozu bürüyür. Şərait olduqca ağırdır.
Gecə yatıb səhər duranda "barak"ı tamamilə ağlara bürünmüş görürsən. Gecə əsən külək daş tozunu barakın içinə kimi üfürür. Toz hər yanı bəyaza bürüyür. Gündüz külək bir az çox olanda isə həyətdə qalmaq mümkün olmur. Tozdan görüş məsafəsi 3-4 metrə kimi düşür.
Ancaq bu rəisə sərf edir. Belə ki, alt paltarına kimi toza bürünən məhkum təbii olaraq duş almaq istəyir. Duşda isə su heç vaxt qurtarmır. Duş biznesi haqqında "hamam" bölümündə.
Bundan başqa su ən çox yaşanan sıxıntılardan biridir. Yüzdən çox məhkumun saxlanıldığı bir barak üçün cəmi 3-4 su krantı var ki, burdan süzülən su ilə qane olmağa məcbursan.
Susuzluğun başlıca səbəbi rəisin kalona gələn su borusunu yaxınlıqdakı daş karxanasına satmasıdır. Yəni zonun suyu minə yaxın məhkuma verilmədən daş karxanasına satılır
Hamam.
20 dəq. 0.8 manatdır. Hələ müştəri məmnuniyyəti üçün resepsion'da üzqırxan stanok da tedilif edilir. Tam xidmət (üzqırxan stanokla birgə + 10 dəq bonus) 1.2 manatdır. Gün ərzində min dustaqdan 200 nəfəri duşa girsə ən aşağısı 160 manat edir - aylıq 4800 AZN.
Telefon otağı.
Bir "vzv" (çağrı) 1 manatdır. Gündə təxminən 200 nəfər telefondan istifadə edir. 200 man× 30 günə = 6000 AZN.
Görüş otağı.
Məhkum qanuni haqqı olan valideyni ilə görüşməyə görə rəhbərliyə 5-20 manat pul ödəməlidir. Bu görüşə gələn qohumun sayına görə artır. Gündə təxminən 50 görüş olur ki, bu da orta hesabla (15 manat) 750 manat edir. Aya vursaq 22.500 AZN edir.
Kompyuter otağı.
Təhsil Nazirliyi və Penitensiar Xidmətin birgə layihəsi olan məhkumlara təhsil xidməti üçün CÇM dövlət hesabından kompyuterlərlə təchiz edilib. Müəyyən bir otaqda müəyyən saatlarda keçilməsi nəzərdə tutulan "təhsil ocağı"nda məhkumlar üçün "iqra salonu" fəaliyyət göstərir.
30 dəq. 1 manatdır. Porno videolara baxmaq ikiqat qiymətədir.
Təxminən gün ərzində 100 manatdan çox xeyir verən "təhsil ocağı" ay ərzində 3000 AZN gəlir gətirən sahədir.
Saç qırxımı.
Ayda bir sıra baxışı zamanı məhkumların saç kontrolu olur. Keçəl qırxılmamaq üçün ödəniləcək məbləğ 5 mantdır.
Qırxımın səhəri günü yarım saat göz gəzdirməklə cari ayın gəlirini hesablamaq mümkündür. Təxminən 200 məhkum 5 manat verib qırxımdan yaxa qurtarırsa bu aylıq 1000 AZN edir.
Bu hələ biznesin tamamı deyil.
Ən çox gəlirli sahə olan məhkəmə sisteminə keçək.
Qanunla az-ağır cinayət törətmiş məhkum cəzasının 1/3 hissəsini çəkdikdən sonra, saxlanıldığı cəzaçəkmə müəssisəsinin mülahizəsinə əsasən, CÇM yerləşdiyi əraziyə uyğun olaraq yerli Məhkəmədə işə baxılır. 14 saylı CÇM də bu görəv Qaradağ rayon məhkəməsinin üzərindədir.

Bununla yanaşı cəzasının 2/3 hissəni çəkən məhkum da eyni proseduranı - məhkəməni keçməklə şərti azadlığa çıxa bilər. Ancaq bütün bu saydığım kağız üzərində olan qanundur.

Əslində isə bu ən gəlirli sahədir.
Qiymət cədvəli isə belədir: Məhkum cəzasının 1/3 hissəsini çəkdikdən sonra məntəqə tipli CÇM yə keçmək üçün qalan müddətinin hər ayı üçün 200 manat müəssisə rəhbərliyinə pul ödəməlidir (təbii ki, bunun yarısı məhkəmə ilə bölüşdürülür). Məsələn: "A" adlı məhkumun barəsində məhkəmə hökmü ilə 3 il azadlıqdan məhrum etmə hökmü var və o bu cəzanın 1 ilini çəkib. Geri qalan iki ilini, yəni 24 ayını məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirmək üçün "A" həbsxana rəisinə hər ay üçün 200 manat, ümumilikdə 4800 manat verməlidir (biraz aşağı salmaq olur qiyməti. yaxşı danışanda. ancaq bu iri summalarda mümkündür - 300-400 civarında).
Cəzasının 2/3 hissəsini çəkən məhkum: "B" adlı məhkumun barəsində də 3 il azadlıqdan məhrumetmə hökmü var, o cəzasının 2 ilini çəkib. "B" cəzasının qalan 1 ilini şərti azadlıqda keçirmək istəyir. bu zaman "B" hər ay üçün 300 manat, ümumilikdə isə 3600 manat ödəməlidir.
Müşahidələrimə əsaslanaraq rahatlıqla deyə bilərəm ki, məhkəmə oyunu ilə aylıq minimum 30 min manatlıq dövriyyədən söhbət gedir.
Bütün bunları hesabladıqda isə aylıq 70 min manat kimi bir məbləğ çıxır qarşımıza. Hələ bura ərzaq məhsullarının satışı, həbsxana daxili mağazanın üçqat qiymətinə satdığı və ordan əldə edilən gəlir, kafedən gələn gəlir və digər bir sıra sahələr aid edilmir.

Sözdə 14 cü kalon haqqında “ən kasıb zon” deyirlər. bu ən kasıb zonun gəliri 70 min manatdırsa digərlərini siz düşünün.

Rəsul Mürsəlov.
23.04.2017

No comments:

Post a Comment