Monday, July 25, 2016

Xalq Məhkəməsi


Konistitutsiyaya yenə mürtəce dəyişiklik istəyir Əliyev. Bu istəyin arxasında duran krallıq xəyalları, oğurluğa, talançılığa, xalqa zülmə davam və.s haqda yazmayacam. Konstitusiyaya dəyişiklik ərəfəsində mən də öz xəyalımı yazacam.

Könül istərdi ki, açılsın Azadlıq meydanın qapıları. Diktator Əliyev, ölkəni şəxsi şirkətinə çevirən ailəsi, nazirlər, deputatlar, prokurlar, hakimlər, polislər, tumanında bülleten daşıyan müəllimlər, xəstələri qətlə yetirən həkimlər və.s bu kimi kateqoriyadan və rejimə xidmətdə qüsursuz olan bir sıra insan meydanın ortasında qurulmuş stullarda otursun. Onların əhatəsində isə ölkənin siyasətçiləri, iqtisatçıları, gənc fəallar, rejimin zindanlara atdığı siyasilər, jurnalistlər, mülkiyyəti başlarına uçurulan insanlar yerləşsin. Hər kəsin önündə mikrofon olsun. Jurnalistlər bir kənarda qeydlərini aparsın, fotoreportyorlar durmadan şəkillər çəksin, televiziyalar bunu canlı yayımda xalqa və dünyaya çatdırsın...

Tamaşaçılardan biri üzünü diktatora, müdafiə nazirinə tutub sualını versin; “niyə mənim 18 yaşlı övladım qeyri döyüş şəraitində qətlə yetirildi, niyə qatili cəzalandırılmadı ?”. Televiziya kameraları bir övladını itirmiş valideyini, bir diktatoru, bir də müdafiə nazirini çəksin. Müdafiə Naziri əllərini qaldırıb cavab versin ki, mənim suçum yoxdu, təlimat yuxarıdan, Ali Baş Kamandandan gəlmişdi deyib barmağı ilə İlham Əliyevi tuşlasın.

İlham Əliyev sussun...                                                        

Daha bir tamaşaçı polis bölməsində öldürülən övladının qatili kimdir deyə sual etsin baş prokurora, kameralar tuşlansın iyirmi illik baş prokurorun üzünə. Baş prokuror dodaqları əsə -əsə cavab versin; “Mən nə edə bilərdim, prezident özü demədi ki, mən heç bir halda polisi cəzalandırmayacam. Prezident cəzalandırma deyəndən sonra mən nə edə bilərdim. Axı mən də əmr quluyam”.

Bir başqası, kredit borcundan intihar edən gəncin xanımı, qucağında körpəsini yırğalayaraq üzünü Milli Bankın sədrinə tutsun; “axı nə üçün bizi bu qədər kreditlə yüklədiniz? Biz borcumuzu ödəyib qurtarmağa 1 ay qalmış devalvasiya oldu, dedilər borcunuz ikiqat olub, ödəyin. Necə ödəyək? Həyat yoldaşım çarəsizlikdən intihar etdi, kimdir günahkar?”  desin.

Baş bankir yarı rusdilli, yarı hecalayaraq cavab versin; “mən dedim Əliyevə, dedim Belarusa 1 % lə kredit veririk, ancaq xalqa 27-30 % lə. Bu belə getməz, insanlar ödənişdə zorlanır. Ancaq o məni dinləmədi. Daha da mülklər almaq üçün pula ehtiyacı vardı. Ardınca isə tapşırıq verdi, manatı dəyərdən salın, saxlamaq olmur. Mən nə edə bilərdim, əmr quluyam”.

İqtisatçılardan biri dillənsin; “niyə ölkə iqtisadiyyatını neftdən asılı duruma saldız, niyə qeyri neft sektorunu inkişaf etdirmədiz, niyə kənd təsərrüfatını xaricdən asılı etdiniz, inkişaf etdirmədiniz?”
Əliyev dillənsin ki, mən bu qədər körpü tikmişəm, “abilsofkalı” binalar inşa etmişəm, daha nə istəyirsiz. Ölkədə hansı ərzaq qıtlığı yaşanıb ki, indi siz məndən kənd təsərrüfatının inkişafını soruşursuz.

İqtisadçı cavab vermədən, yerdən bir qadın dillənsin; “Tikdiyin körpünün altında illərlə günəmuzd fəhlə işi üçün dayandı oğlum, sonunda da həmin körpüdən özünü ataraq intihar etdi. Kimə lazım sənin körpün. Üstündən yalnız sənin yaxın ətrafın ciplərdə keçir” desin.

Əliyev sussun...

İllərini rejim zindanında keçirmiş keçmiş siyasi məhbus üzünü diktatora tutsun, məni niyə həbs etdiz, sadəcə azad sözümü dedim deyə sual etsin. Əliyev də cavabında “mən kiməm ki, Rusiya istədi” deyə mırıldansın.

Bir qazi qoltuq ağacına söykənərək ayağa qalxsın. Üzünü Əliyevə tutub “mən kimin üçün canımın yarısını vermişəm” desin.

Əliyev cavab versin ki, “mən kiməm ki, atam etdi hamısını, Qarabağı atam verdi Ermənistana, hakimiyyətə gəlmək üçün”...

Və 12 yaşlı bir uşaq qalxsın ayağa, “necə olur mənim yaşımda olan oğlunun Dubayda 9 villası olur, mən isə uçuq daxmada yaşayıram” desin.

Əliyev sussun, xanımına baxsın, gözünü döyərək...

Beləcə davam etsin sorğu, sual, ittiham, yarımçıq cavablar. Jurnalistlər çəksin bunu, dünya baxsın.


Rəsul Mürsəlov                                   Xalq Məhkəməsi » www.PressDent.Info

No comments:

Post a Comment