Showing posts with label Qarabağ. Show all posts
Showing posts with label Qarabağ. Show all posts

Saturday, July 25, 2015

SON HƏDD - ETİRAZ ZAMANI.

Nədir bu Qarabağ müharibə xəbərləri?

  Yenə hökumət mətbuatı Qarabağı alır. Yenə vətənpərvər, amma vətən anlayışından xəbərsiz, cahil kütlə bu xəbərə sevinir. Normal düşüncəli insan necə sevinə bilər müharibəyə, ölümə, öldürülən gənclərə? Cümlənin başında işlətdiyim “normal düşüncəli insan” deyimindən uzaq olan hər kəs sevinəcək əlbət. Bəli, normal düşüncəli insan bunlara sevinməz, üzülər, qarşı çıxar. Amma qarşı çıxmaq nə həddlərinə, onlar siyasətə qarışmır. Siyasət isə onlara elə qarışıb ki, maaşlarından tutur, pensiyalarından tutur, tələbələrin pulunu yığır, büdcə təşkilatlarından xərac toplayır, asır, kəsir, həbs edir və.s İndi də cəbhədə gənc övladlarının canını alır, qanını axıdır – onlar isə hələ də siyasətə qarışmır. Axı ğvladdan o yana yol yoxdur. Övladını alacaq qədər siyasət sənə qarışdığı halda daha nəyi gözləyirsən, ey kölə !

  Hökumət yenə deputat və mətbuat arsenalını xoda salıb, təbliğat aparır. Başında duran isim isə bəlli – İlham Əliyev. “Ermənilər hücum edir”, “düşməni cavab atəşi ilə susdururuq” kimi gülünc iddialar həm deputatların, həm də hakimiyyətin kğləsi olmuş media və mətbuatın təkrar-təkrar söylədiyi fikirlər. Ara sıra xalqdan kimsənidə danışdırırlar – “ali baş komandanımız əmr versin, gedib vuruşaq, Qarabağı alaq düşməndən”. Bəsdirin yalançı, qorxaq, riyakarlar.

  Ermənilər niyə, nəyə görə hücum edir? Səbəb nə? Ümumilikdə Azərbaycana iddialıdırlar? Yoxsa 20 ildir oturduqları 20% bəs eləmir? Bəsdirin bu qədər oyun oynadınız cahilləşdirdiyiniz insanlar üzərində.

  Erməninin hücum adına zərrə qədər istəyi, gücü, ya da niyyəti yoxdur. Lazımı yerləri Heydər Əliyevdən götürüblər. Həm bunu ermənilər deyil, Rusiya götürüb. O torpaqlar isə Ermənistan deyil, Rusiyanın nəzarətindədir – bunu bilməyənmi var. Bütün tarix boyu belə olub – ruslar ermənilərin adından və özlərindən istifadə edib, siyasətini yeridib. Yaxın tariximizdəki Qarabağ məsələsi də eynilə, həmin siyasətin tərkib hissəsidir. Hər dəfə də sıxışanda Qarabağda müharibə oyunu, uşaqlıqda oynadığımız “dava-dava” oynayırlar. Arada o tərəf və bu tərəfdən insanlar, gənclər ölür. Niyə sizin siyasətiniz, kreslonuz uğruna bu qədər gənci gülləyə verirsiz? Bütün bu oyunlar rusiyanın, Putinin istəyi və senaryosu. Əliyev və Sarkisyan isə onun kğləsi. Təbii olaraq ağa deyir belədir – Əliyev və Sarkisyanın nə həddinə cavab vermək. Həm onlara sərf edən də budur. Diqqət edin, bütün zamanlarda kölələşdirilmiş insanların dilində bir söz var – “sabitlikdir”. Al sənə sabitlik – Qarabağda gənclər öldürülür, həm də bilə-bilə, qurulmuş senari üzrə. Sabitlikdir hə? Onda balanı yolla Qarabağa, getsin sabitliyə.

  Birdə keçən il eynən bu tarixi düşünün. Həmin vaxt da hərbi xidməti bitirən əsgərlər təxris edilmir, ehtiyatda olan gənclər hərbi çağırış məntəqələrinə toplanır, müharibə vahiməsi yaradılırdı. Sonra kiçik-kiçik atışmalar və 1 avqustda alovlanan savaş, 16 əsgərin Azərbaycan tərəfindən, bir o qədər (sayı yadımda deyil) Ermənistan tərəfindən ölümü. 4-5 gün davam edən savaş, xalq arasında qorxu, həyəcan və kədər.

  Eyni ssenari təkrarlanır, yenə eyni tarixdə. Amma bunun siqnalları daha əvvəldən verilirdi – rusiya kəşfiyyatının fəaliyyəti ilə. Nə idi bu siqnallar, xatırlayaq.

Gürcüstanda futbol oyunu sırasında gürcü fanatların “Zaqatala, Qax bizimdi” plakatı açması.
Azərbaycanlı futbol fanatlarının “Borçalı bizimdir” şüarı səsləndirməsi.
Separatçı “DQR rəhbərinin” London səfəri.
Almanya Bundesqanının Qarabağı tanımaması və Ermənistan təcavüzünü pisləməsi.
Rusiya telekanallarında Qarabağdan çəkilişlərin verilməsi.
Azərbaycanda əsgərlərin təxrisinin yubadılması və.s

  Bütün bunlar qabaqcadan verilən siqnallar idi – müharibə başlayır, Rusiya bölgədə gərginlik yaradır.

Nəyə və kimə lazım süni müharibə?

  İlk başda bunu Rusiya edir, necə olsa iki tərəf də onun əlaltısı. Amma əlaltılarla xalq bir deyil. Xalqı qorxu və xof altında, hakimiyyətə boyun əymiş durumda saxlamaq lazım. Əks halda xalq hakimiyyəti devirməyə fürsət axtarır. Bu isə Rusiyaya, elə Əliyev və Sarkisyan despotlarına da sərf etməyən variantdır. Bunun üçün də Rusiya əlindəki Qarabağ kartından və əlaltıları olan Sarkisyan və Əliyevi beləcə oynadır.

  Baxın bu gün müharibə oyunları ilə xalqı şantaj edib kreslosunu güdən Əliyev, sabah bu ölkəni Rusiyaya “of” demədən satacaq. Bir zamanlar Nərimanovun etdiyini təkrarlayacaq. Demədi deməyin. Bu ölkənin müstəqilliyi təhdid altında. Müstəqillik itirilib Rusiyanın müstəmləkəsi olduqdan sonra isə Əliyevi devirməkdən də zor olacaq bizə. Onun üçün bu savaş oyunlarına vaxtında etiraz edilməli, meydanlara çıxılmalı və hakimiyyətdən bu oyuna son verməsi tələb olunmalıdır. Rusiyanın hər çaldığı havaya oynayan Əliyevə göstərmək lazım ki, bizi müharibə ilə hər dəfə şantaj edib hökmranlığını uzatmaq istəmən boşuna, səni bir dəfəlik devirəcəyik və hər il “Qarabağda savaş başlaya bilər” başlıqlı qorxu, həyəcanı yaşamayacağıq.

  Buradan bütün Azərbaycan xalqına səslənirəm:
1. Qarabağı müharibə yolu ilə qaytarmaq mümkün deyil. Yalandan özünü vətənpərvər göstərməyə dəyməz.
2. Qarabağı əgər müharibə ilə qaytarmaq olsa idi, o zaman Avropa, NATO Rusiya ilə savaşar, Krımı qaytarardı.
3. Müharibə hər bir halda daha çox ziyan vuracaq və nəticəsi olmayacaq, balalarınıza yazığınız gəlsin.
4. Yalandan dildə Qarabağ deyib, arxada mən uşağımı pul verib saxlatacam fikri ilə yaşamaqdan vaz keçin.
5. Əgər müharibə istəmirsizsə Əliyev rejiminə ciddi müqavimət göstərmək üçün ayaqlanın.
a) yaşlı, gənc, qadın, uşaq – hər kəs meydanlara axışmalı və Əliyevin süni müharibə oyununa “dur” deməlidir.
b) bunu öz övladlarınız, qohumlarınız ölməsin, gənc yaşda onları torpağa qoymayın deyə etməlisiz.
c) həyatda övladdan sonra daha nə üçün yaşayar ki insan, qorxmağın yeri qalmayıb artıq, ciddi-ciddi düşünün.
6. Qarabağı qaytarmanın yolu müharibə deyil, qərbə inteqrasiyadır. Bu isə Əliyevlə mümkün deyil.  Deməli Qarabağ üçün, övladlarımız ölməsin deyə Əliyevi devirmək şərtdir.


  Artıq sözüm bitdi. Geri qalanı sizin biləcəyiniz iş – ya kğlə kimi övladlarınızı Əliyevin siyasətinə, kreslosuna qurban verin,  balalarınızın məzarı üstündə göz yaşı tökün. Ya da ayaqlanın, ayaqlanaq və meydanlara çıxaq, YOX deyək saxta, ssenari üzrə qurulmuş müharibəyə.




Baxın bu fotoya. Bu ikilik niyə gülür, sevinir bilirsiz?
Onlar sizin öldürülmüş gənc övladlarınızın qanı üzərində qurulmuş və davam edən kreslolarında rahat əyləşdikləri üçün gülürlər. Bu ikilik sizə gülür əziz, kölə edilmiş xalqım. Məncə düşünməyə dəyər. Nə qədər çox qan axmayıb - meydan zamanı, etiraz və bu rejimi devirmə zamanı. inanın ki, sıra sizin övladlarınızada gələcək.

Monday, June 29, 2015

Ermənistan-Azərbaycan, cəmiyyət fərqi.



  Ermənistan Republikası son günlər paytaxt Yerevandakı mitinglərlə gündəmdə - yəni haqqını tələb etməklə, ədalət istəməklə. Vətəndaş, xüsusilədə gənclər ölkəsinə, duruma biganə qalmır, dəyənək altında, meydanlarda gecələyir və haqqını sona qədər savunur.
  Azərbaycan Respublikası, vətənim isə AŞPA da qəbul edilən siyasi məhbusların siyahısı, pozulan insan haqları, Avropanın iştirak etmədiyi “Avropa Oyunları” və ora xərclənən 8 milyard vəsait ilə dünya mediyasında – yəni haqqını yedirtməklə bir rejimə, sülalə hakimiyyətinə. İnsanımız isə “bununla dünyaya ölkəmizi tanıdırıq” deyib cahilliyini nümayiş etdirir.

Qarabağ niyə Azərbaycanın nəzarətinə qayıda bilmir?

  Mən Qarabağ Ermənisi olsam kimin yanında yer almaq istərdim- bu sualı versin bir vicdan sahibi özünə - Ermənistanın, yoxsa Azərbaycanın? Bu sualdan yola çıxan Qarabağ erməniləri ayağını bir başmağa dirəyiblər və 20 ildir mücadələ verirlər. Təbii ki, bunun pərdəarxası olayı Rusiya ilə bağlıdır, ancaq görüntüdə var ortada – elə yuxarıda qoyduğum sual.
  Qarabağ erməniləri əlbəttə ki, əzilən, kor olmuş, təhsilsiz və təhqir olunmuş cəmiyyətdə deyil. Hakimiyyəti Rusiyanın boyunduruğu altında olsa belə cəmiyyət olaraq irəli görüşlü, təhsilə, Avropa mədəniyyətinə və haqqı uğruna birləşə biləcəək, meydanlarda yataraq etirazını bildirəcək və nəticədə haqqına sahib çıxacaq cəmiyyətin yanında yer alardım deyir və buna doğru sürətlə gedir. Necə ki, bu gün Qarabağ öz azadlığını qismən qəbul elətdirir dünyaya və yaxın gələcəkdə bu gedişatla buna nail olacaq da. Çünki Qarabağ erməniləri İlham Əliyevi “öcü” kimi göstərir barmaqla və dünyaya səs sala bilir ki, bu adam özününkilərə divan tutur, bizə gör neyləyər.
  Dünyanın güc sahibləri də görür ki, öz insanına zülm edən, həbsxanaları vicdanlı insanlara məskən seçən, xalqın sərvətini talayıb cibinə dolduran rejim, Qarabağda ermənilərə divan tutması istisna edilmir və bu səbəbdən Qarabağın Azərbaycana verilməsində sərt mövge tutmur, tutmayacaq da. Həm bu ölkənin insan haqları, korrupsiya və özbaşınalıq durumu o qədər qabarıq şəkildə gündəmdə ki, artıq başqa yerə fikir vermək mümkünsüzdür. Yəni bütün bu halların qarşısında durub da Qarabağ məsələsini gündəmə gətirmək olmur, olmayacaq. Bizim “şanlı”, “regionda lider” dövlətimizin diktatoru İlham Əliyev isə barmağı qapı arasında sıxışan kimi cumur Avropanın üstünə ki, “bizim Qarabağ boyda dərdimiz var”. Onlarda bunu başa salmağa çalışır ki, ay atasının oğlu, bir dur hələ, sənin Qarabağın sənin ölkənə ziyandırsa, sənin dünya dəyərlərini tapdalamağın bütün bəşəriyyətə ziyandır və ilk öncə biz bunu həll etməliyik. İlham ağa da iciyir, küsür bunlardan ki, bəs mənim oğurladığım 3-5 manata göz dikmisiz, ancaq mən sizə sərvət yedirdirəm.

Gələk xalqların məsələsinə. Hansı cəmiyyət, xalq daha irəlidədir deyə baxaq.

  Regionda lider dövlət olmasını Prezident Aparatı və AZTV dən o yanda danışa bilməyən Əliyev rejiminin köləsi olmuş, təhsilsizlik və cahiliyyətin qurbanına çevrilmiş, Avropanın olmadığı “Avropa Oyunlarına” göbək atıb sevinən cəmiyyət irəlidədir?
  Yoxsa Avropa mədəniyyətini özündə cəmləyən, ölkə mədəniyyətini qoruyub saxlayan və hətta sizin “sarı gəlini” belə -sırf sizin acığınıza- öz adına dünyaya göstərəcək qədər güclü olan, elektrik enerjisinin qiyməti artıb deyə meydanlarda yatan və etirazını bildirən toplum, cəmiyyətmi daha üstündür?
  Ermənistan Rusiyanın boyunduruğu altında bu gerçək və bunu heç erməni də danmır. Bəs Azərbaycan harda, kimin boyunduruğunda? Bu da gerçək və danmırıq – Əliyev rejiminin, dolayısı ilə Rusiyanın.

  Demək məsələ həm də cəmiyyətdədir, rejim qədər. Yəni cəmiyyət də özünü tez kölə edib, tez boyunduruq altına salıb “rahatı” üçün. Amma bu rahat boyunduruğu keçirənə qədər olan zamandır və bundan sonra ömürlük boynunda olacaq zülmdür ki, bunu dərk etmək üçün də dünyagörüşü, biraz ağıl lazım idi. Nə acıdır ki, bunu tez itirdik. Ancaq ermənilər Rusiyaya boyun əydiklərini göstərsə də, təhsilini, mədəniyyətini, dəyərlərini qoruyub saxlayıb və bu gün bir araya toplaşa, səsini duyura bilir. Bəs Sarkisyan niyə öz xalqını kölə edə bilmir? Hə, Sarkisyan Əliyev qədər “ağıllı” deyilmi desəniz, məncə, elə hər yandan göründüyü kimi İlham Əliyevdən çox-çox ağıllıdır. Ən azından Rusiyadan illik büdcəsinin yarısını alıb xalqını yedirtdiyi üçün. Əliyev isə öz ölkəsindən oğurlayıb Avropanın bəzi satılmışlarına və Rusiyaya verir. Atası kimi kreslo və sərvət hərisliyini doyurmaq üçün. 

Saturday, May 9, 2015

Anti -ABŞ kampanyası nəyə hesablanıb?

                                                                                                                         pressdent.org
                                                                                                                     09-05-2015  17:16

İctimai-siyasi fəal Rəsul Mürsəlovdan Azərbaycan iqtidarının son günlər ABŞəleyhinə qara kampaniya aparmasına, bunun kökündə duran məsələlərə münasibət öyrəndik. Müsahibəni sizə təqdim edirik.

  R.Mürsəlov: “hakimiyyət manevr etməyə çalışır

-  Rəsul bəy, bildiyiniz kimi son günlər Azərbaycan iqtidarı əlində olan mətbuat və televiziyalar vasitisi ilə ABŞ –a qarşı hücuma keçib. Bu mövzu haqda nə deyə bilərsiz?

  Dediyiniz kimi iqtidar ABŞ-a qarşı kampaniya aparır. Bunu açıq –aşkar bütün vasitələrlə çatdırır. Hesab edirəm ki, bu da hər zaman yürütdüyü kimi yanlış siyasətin bir hissəsidir. Bununla nə demək, nə əldə etmək istəyir? Yoxsa ABŞ – Rusiya gərginliyində rəsmi Moskvanı dəstəklədiyini “oynamaqla” gələcəyə doğru həmləmi edir? Hesab edirəm ki, AB ilə asossasiya sazişinin vaxtı yaxınlaşdığı üçün iqtidar hər zaman istifadə etdiyi Qarabağ müharibəsi kartını oynamaqdan vaz keçmiş və bu dəfə Rusiyanın yanında olmaqla qərbə oyun oynayır. Öz deyimləri ilə desək “balans siyasətini” biraz daha uzatmağa çaba göstərir. Bildiyimiz kimi balans siyasəti dedikləri isə hər iki tərəfə “gülümsəyərək” öz anti demokratik, avtoritar rejiminin ömrünü uzatmaq niyyətidir. ABŞ –a qarşı hücumlada sözdə manevr edirlər.

- Amma iqtidar məsələni ayrı cür təqdim edir. Hər vasitə ilə ABŞ –ın ölkəmizdə çevriliş etməsindən danışır.

  Əlbətdə iqtidar olayı fərqli yönə çəkməyə çalışacaq. Bu hər zaman etdikləri işdir və təəccüblənməmək lazım. Olayın kökündə duran məsələyə baxmaq, ordan yola çıxmaq lazım deyə düşünürəm. Olayın pərdə arxası isə düşündüyüm, yuxarıda anlatdığım AB ilə yaxınlaşan sazişin zamanı məsələsidir. Hər halda bu mənim fikrimdir.
Həm ABŞ ölkəmizdə çevriliş hazırlayır deyən iqtidar bar-bar bağırmırdımı ki, “biz regionda lider dövlətik, iqtisadiyyatımız güclüdür, xalq bizi dəstəkləyir” və.s Bunca güclü, lider dövlətdə kim çevriliş hazırlaya bilər. Hələ ki, “lider” dövlətin başçısı 90 % səslə “seçilibsə”! (?) Bu iqtidar bu gün dediyini sabah təkzib edir, özü belə bilmədən. Bu yerdə onlarla sual çıxır meydana. Axı sən xalqına güvənirdin, onlar səni seçmişdi? İndi ABŞ sənin xalqının əli ilə çevriliş edəcək? Nədən bu qorxu, təlaş? Bəlkə biraz özündə də nə isə axtarasan? İnsan haqları, demokratiya deyilən kimi ermənipərəst olur hamı. Budur bu iqtidarın iç üzü.

- Prezident Adminstrasiyası şöbə müdiri Novruz Məmmədov bir neçə gün öncə açıqlamasında ABŞ dövlət katibi Kerrinin otağında çevriliş planı hazırladığını iddia etmiş, hətta bu haqda məlumatın onlarda olduğunu açıqlamışdı. Şöbə müdiri yalanmı deyir?

  Novruz Məmmədovda hakimiyyətin yuxarı başında təmsil olunan birisidir və əlbət hər tərəfdə aparılan kampanyada olduğu kimi danışacaq. Bu normaldır. Amma “yalanmı deyir” dedikdə isə, bu hakimiyyətin siyasətidir – yəni yalan demək onlarda normal hal hesab olunur. Çünki hakimiyyətləri belə yalan üzərində qurulub.

- Anti-ABŞ kampaniyası çərçivəsində təbliğat aparılır ki, ABŞ Qarabağ münaqişəsində Azərbaycanı geri durmağa çağırır. Bu haqda nə deyə bilərsiz? Həqiqətən bu ola bilərmi?

Bilirsiz bunlar başını itirib və hər vəchlə avtoritar hakimiyyətlərini qorumağa çalışırlar. Bu fonda da nə desən danışa bilir, hər tərəfə “diş atmaqdan” çəkinmirlər. Əlbətdə bu heç bir məntiqə uyğun deyil. ABŞ niyə bunun marağında olsun ki? Hər kəsə məlumdur ki, Dağlıq Qarabağın işğalı və hələdə həll olunmaması bir başa Rusiya ilə bağlıdır. Yəni münaqişəni əlində siyasi alət edən tərəf Rusiyadır. O da bəlli ki, ABŞ və Rusiya arasında ciddi gərginlik uzun illərdən sonra hazırda daha da kəskinləşib. ABŞ hər cür iqtisadi və siyasi yollarla Rusiyanı çökdürmə planı qurur. Artıq iqtisadi çöküşü hardasa yaşamaqdadır Rusiya. İndi sual çıxır ki, bu hücumun fonunda niyə ABŞ Azərbaycana Qarabağdan əl çəkməsini istəsin. Axı Qarabağın Ermənistanda olması bir başa Rusiyanın Cənubi Qafqazda güclənməsi deməkdir. Məlum ki, Ermənistan Rusiyanın bir parçasıdır. Bu hansı ağıla, məntiqə sığır ki, ABŞ Rusiyanın Cənubi Qafqazda güclənməsini istəsin? Bu söhbətləri, təbliğatları da hakimiyyətləri kimidir – məntiqsizlik, yalan dolan.

- Avropa Oyunları ərəfəsində rəsmi Bakının anti-ABŞ siyasəti və bu fonda Avropanı qonaq etmək nə demək?

  Bunun adı bəlli deyilmi sizə? İkiüzlülük, saxtakarlıq. Məlum ki, Qərb dedikdə həm ABŞ, həm Avropa ağıla gəlir. Yəni bunların ikisini bir birindən ayırmaq olmur. Eyni siyasət. Eyni məntiq daşıyıcıları. Bəs ABŞ pisdirsə, niyə onun müttəfiqi Avropanı baş tacı kimi qəbul edirsən? Niyə səndən dəfələrlə varlı ölkələrə pul yedirirsən? Onları rahat etdirmək üçün öz xalqından xərac toplayırsan? Bəs Qərb pis idi, ermənipərəst idi? Bayaqda dediyim kimi - bu iqtidar bu gün dediklərini sabah unudur. Çünki yalan danışır. Yalan isə yadda qalmır və sabah başqa yalan danışır.

- Bu iqtidarın sonu yaxınlaşırmı bu qədər yalanla? Axı məsəl var “yalan 40 gün çəkər”.

  Heç bir diktatura bu qədər yaşamayıb. Bunların da sonunu bu qədər yalan və talan siyasəti gətirəcək. Artıq sonlarının başlanğıcıdır və bunca biri- birini təkzib edən açıqlamalar, çaşqınlıqda bunun göstəricisidir. Bu ili Azərbaycanın qurtuluşu kimi düşünürəm. Yəni bu rejimin son ili.


Saturday, October 11, 2014

Əsas düşmənimiz kimdir - rus, yoxsa erməni?

Cumhuriyyət qəzeti
11.11.2014 - 01:54


Azərbaycan hakimiyyəti televiziyalar vasitəsi ilə “erməni düşmənimizdir” yöndə təbliğat aparır 21 ildir, yeni nəsillərə bunu aşılayır, düşmənçilik ruhunda insanlara psixoloji təsir edir. Eyni təbliğat sistemi Ermənistanda da gedir, türk əleyhinə.
Və hər iki ölkədə bu təbliğatı həyata keçirtdirən qüvvə Rusiyadır. Məqsəd bəlli – düşmən baxışı özündən yayındırmaq.
İndi bu yazıdan sonra məni də ermənipərəst, türk düşməni və s. adlandırmaqla məsələni fərqli yerə yönlədirə bilər hakimiyyət. Necə ki bunu artıq ediblər və məni “vətənə xəyanət”də suçlayıb, barəmdə qondarma cinayət işi açıblar, sürgünə göndəriblər. “Qarabağ münaqişəsinin həlli sülhdədir” dediyim üçün. Olsun, zaman, tarix hər şeyi deyəcək. Kimdir xain görəcəyik, Rusiya agenti Əliyev, ya mən. Bunu biriləri deməlidir, deyirəm.
80- ci illərin sonuna baxdıqda erməni təcavüzü, torpaqların itirilməsi, soyqırım və s. baş verən qanlı olaylar yaddaşımızdadır- unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Burası tamam. Onu deyim ki, bunu edən erməni xalqı deyil, Ermənistan hakimiyyəti idi, bu da hər kəsə bəlli. Hər kəsə o da bəllidir ki, Rusiyanın göstərişi, sifarişi, yardımı ilə təcavüz edilib torpaqlarımıza. İndi mövzunu yayındırmaq üçün deyəcəklər ki tarixə nəzər salaq, əsrin əvvəllərində də ermənilərin bizə xəyanəti olub. Axı tarixə nəzər saldıqda belə yenə eyni situasiya ilə qarşılaşırıq. Yenə rus qüvvələri ermənilərdən istifadə etməklə bizlərə, türklərə qarşı qanlı hadisələr törətmişdi. Hansı tarixi araşdırsaq oradan mütləq rusun barmağı, kirli siyasəti, bir sözlə pisliyi çıxır qarşımıza. Deməli erməni xalqını hakimiyyətləri hər zaman satıb ruslara. Ruslar da bundan istifadə edib istədikləri kimi idarə edib onları. Onların üzərindən üstümüzə gəlib. Bir sözlə ermənilər hər zaman kənardan oynadılan bir dövlət olub, aciz olub, gücsüz olub. Niyə özümüzü o qədər aşağı səviyyəyə salaraq ermənilər düşmənimiz, rəqibimizdir deyirik? Axı bizim düşmənimiz də, rəqibimizdə rus olub əslində. Və ya niyə tarix boyu bizi əsarətinə alan, sömürən rusa qarşı heç bir düşmənçiliyimiz yoxdur? Əslində ermənidən çox rusa qarşı düşmən mövqedə durmalı deyilikmi? Necə olur ki, bildiyimiz halda rusun əli ilə erməni bizi qırıb, qanımızı axıdıb ona nifrət etmirik, onun köləsinə – erməniyə düşmən oluruq?
Məgər 90- cı ildə rus qoşunu Bakıda qanlı yanvar hadisəsini törətmədimi, niyə bunu unuduruq? Niyə erməniyə salam vermək belə olmaz, onlar bizim düşmənimizdir deyir, amma rusun dilini danışmayana “səviyyəsiz” kimi baxırıq? Bizim tarix boyu və indi də ən böyük düşmənimiz rusdur.
Tarix boyu ən böyük düşmənimiz rus olub və biz bunu qabartmırıq, qabartmaqdan qorxuruq, rahata qaşçaraq erməni düşmənimizdir deyirik. Kiçicik bir düşmənlə başımızı qatdığımız üçün kiçik ağılla düşünürük. Elə ki düşmənimizin böyük, qüvvətli olduğunu tam dərk edəcəyik o zaman böyük düşünəcək, böyük hərəkət edəcəyik. Amma hələ ki başımızın üstündə aciz, kiçik düşüncəli və ya xəyanətkar Əliyev rejimi var. İlk öncə bu rejimdən qurtulmalıyıq. Hansı ki, bu rejim ən böyük
düşmənimiz rusun əl altısıdır, qulu, köləsidir.
Burdan “vətənpərvərlərə” səslənirəm: 20 yanvar faciəsi səbəbkarının RUS olduğunu bildiyiniz halda necə olur ki rus dostumuz olur, Xocalı soyqırımını edən erməni düşmənimiz? Axı bu iki faciə arasındakı fərq nədir?

P.S Biriləri bu sualların cavabını versin. Sonra məni ittiham etsin.