Showing posts with label Azərbaycan. Show all posts
Showing posts with label Azərbaycan. Show all posts

Saturday, August 15, 2015

Despot rejim hara gedir


Rəsul Mürsəlov





  Azərbaycan despot rejimi artıq bütün dünyada diktatorluq kimi tanınır və burada insan haqları mövzusunda Əliyevin tutumundan xəbardardır. Buna görə hazırda dünyanın gözü bu rejimin necə devriləcəyindədir.

 Artıq dünya güclərinin Əliyevin çirkli nefti və kürüsü maraqlandırmır. Necə olsa bu ölkənin nə qədər təhlükəli olduğunun bilincindələr və İranla yumuşalan münasibətlərdən sonra artıq Əliyevlə “qaçdı-tutdu” oynamayacaqlar. Təbii Əliyev də bunun fərqindədir. Bundandır ki, günü-gündən azalan gəlirlərin qarşısında ölkənin iş adamlarını həbs edir və onlardan xərac toplayır – azadlığa buraxmaq müqabilində. Ancaq Əliyev dərk etməlidir ki, bununla oyunun sonuna doğru gedir. Axı tutub əlindən aldığı pullar bir neçə faiz yerli xalqın iş yerlərinə sərf edilirdi. İndi isə sənə verdikləri pulları iş yerlərinə sərf edə bilməyəcəklər və nəticədə sosial problemlər daha da qabaracaq. Necə ki artıq ciddi ölçüdə qabarıb. Bu misal həm də neftin dəyər itirilməsində özünü göstərir. Yəni məlumdur ki, büdcənin 85 % neft (bunun 20 % neft məhsulları) gəlirləri hesabına formalaşır. Bu durumda neftin dəyər itirməsi əslində bir başa xalqa təsir edir və daha da edəcək. Büdcədən ayrılan vəsaitlər azaldıqca xalqın sosial durumu daha da ağırlaşacaq.

  Əliyev diktatoru düşünmədən addım atmağa məcbur qalıb ki, bu da onun son addımları olacaq – gedişat bunu açıqca göstərir.

  Bir cibindən alıb digər cibinə qoymaqla iş bitmir. Hələ ki, bir cibindən digərinə ötürdükdə üstündən itirirsə, bu daha böyük fəlakət olacaq. Yəni həbs edib iş adamının pulunu əlindən almaqla, əslində onun vergilərinin qarşısını alır və nəticədə dövlət itirir. Pul dövriyyəsi dayanır. Bu isə xalqa çatan cüzi miqdarda gəlirlərin də dayanması deməkdir.

  İndi diktator çıxılmaz durumda qalıb. Qarşıdan parlament seçkiləri yaxınlaşır. Seçkilərdə mandat satmaqla da durumdan çıxmaq olmaz. Hərçənd ki, artıq Prezident Adminstrasiyasında “alver” açıq elan edilib. əli həsənovlar “klientləri” qəbul edir, hansı dairədən namizəd olacaqlarını müəyyənləşdirir. Qarşılığında bölgəyə görə qiymətini deyir. Ancaq durum o qədər açıq şəkildə mənfiyə doğru gedir ki, hətta mandata yüz minlərlə pulu verməyə də çəkinir “klientlər”. Onlarda durumun zor olduğunun fərqindələr. Yəni mandatı alan “klient” təbi ki, bu qədər pulu verir ki, qarşılığında 5 ildə çapıb talasın və verdiyi pulun 3-4 mislini çıxarsın. Ancaq bu durumda “klient” düşünür – bu durumda 1-1.5 milyon verməyə dəyərmi? Axı neft günü –gündən düşür, ölkədə soyacaq yer qalmayıb və.s Buna görə Adminstrasiyada mandat qiymətlərinə endirim edilməsi gözlənilir. Çünki “klient” verdiyi pulu çıxarma ehtimalının az olduğunun bilincindədir. Adminstrasiyada eynilə. Bundan başqa durum o qədər ciddiləşib ki, bu hakimiyyətin daha 5 il qalmasına qarant yoxdur. Hakimiyyət dəyişəndə isə saxta parlament buraxılacaq və “klientlərin” pulu batacaq. Yəni bu riskdə var. Ona görə endirim şərti irəli sürülüb qocaman qumarbaz tərəfindən. Hər halda əlində 125 bilet var və bunu necə olsa satıb əldən çıxarmalıdır.

  Ancaq bu seçkilər digər seçkilərə bənzəməyəcək. Bu dəfə həm qərbin ciddi təzyiqi olacaq, həm də və əsası ölkədə çaxnaşma olacağı gözlənilir. Bu çaxnaşmaya zəmini isə mövcud diktatura yaradıb. Belə ki, bütün azadlıqlar qısıtlananda, vətəndaş cəmiyyəti yox ediləndə, ortaya radikal qruplar çıxır ki, bunun qarşısı alınmaz fəlakətlərlə nəticələnəcəyi qaçınılmazdır.

  Artıq bölgələrdə belə qruplaşmalar son hazırlıqlarını görür və yaxın zamanda hər birimiz bunun şahidi olacağıq. Milli Təhlükəsizlik Nazirliyinin başı isə tarixçi Arif Yunus, jurnalist Rauf Mirqədirovu tutmaq və onları zorla cinayətkar adlandırmaqla, hətta saxta narkomanlar düzəldib onlardan xərac yığmağa qarışıb. Bu sturktur öz mahiyyətindən başqa hər cür işlə məşğul olur. Məsələn “obyektlərdən” “dolya” yığmaq və.s

  Əliyevin və adminstrasiyanın başı mandat alverinə, MTN-in başı isə “dolya” yığmağa qarışan ölkədə mütləqdir ki, xaos olsun.

  Əliyev həm də iki daşın arasında qalıb. Bir yandan neftin qiyməti dünya bazarında hər gün biraz daha düşür, digər yandan qərb İranla razılıq əldə edib və Əliyevin milyardlar xərcləyib Avropaya neft, qaz kəmərləri çəkməsindən sonra lazımsız (və ya az faizlə lazım olacaq) bir şey kimi baxılması, başqa tərəfdən isə bunların fonunda qərbin artıq kürü deyil də, demokratiya istəməsidir.

  Hə, indi çıx işin içindən, görüm necə çıxırsan. Əliyev bu işdən çıxa bilməyəcək, əmin olun. Ona görədə işdən çıxacaq. Daha doğrusu qaçacaq.


Sunday, July 26, 2015

Beynəlxalq araşdırmada Azərbaycanın yeri.



Avstraliyanın “İnstitute for Economics and Peace” analitik təşkilatı sakit və sülh içində yaşayan ölkələrin reytinq cədvəlini tərtib edib. Təşkilat cədvəli zorakılıq və cinayət sayı, müdafiə və hərbi xərclər, qonşu dövlətlərlə münasibətlər, qaçqın sayı və insan hüquqları sahəsindəki vəziyyət, özbaşınalıq və.s bu kimi 23 ayrı-ayrı kriteriyalar üzrə tərtib edib. 

“İnstitute for Economics and Peace” təşkilatı Şimali Afrika və Yaxın Şərq ölkələrini yaşayış üçün ən təhlükəli ölkələr siyahısına daxil edib. Təssüfedici məqam isə Azərbaycanın da bu siyahıda son yerlərdə olmasıdır. Sıralama sakit ölkərdən başlayır və sırası ilə zorakılıq olan ölkələrin adı ilə davam edir. Sülhün, sabitlik və yaşam səviyyəsinin yüksək olmasına görə ilk pillələri Avropa ölkələri tutur. 

Azərbaycan hakimiyyəti tez-tez sabitlik, regionun inkişaf etmiş ölkəsi nağıllarını darma-dağın edən bu analitik araşdırmada ölkəmizi üstələyən elə dövlətlər var ki, ölkəmizin durumunu açıq aydın anlamağa və əslində bərbad olan durumumuzu gözlər önünə sərməyə yardımçı olur bizə.

Bu sıralamada Moldova (70), Gürcüstan (79), Qazaxıstan (79), Ermənistan (91), Türkmənistan (106), Tacikistan (108), Özbəkistan (113), Qırğızıstan (121), Çin (124) kimi ölkələr Azərbaycandan daha humanist, daha qayda qanunlara hörmət edən və sabit ölkələr kimi açıqlanır.

Təsəvvür edin ki, Çin son aylarda daha çox uyğur türklərinin qətli və onlara qarşı zorakılıqla gündəmdə olduğu halda, digər şərq ölkələri diktatura, yoxluq və səfalətin tüğyan etdiyi halda, hətta işğalçı Ermənistan belə bizdən öndədir.

Siyahının son üç pilləsində isə sırası ilə Əfqanıstan (160), İraq (161) və Suriya (162) qərarlaşıb.

Siyahıda əsas maraqlı ola biləcək ölkələr aşağıdakılardır. Bu siyahıya görə özünüz Azərbaycanın durumunu düşün artıq.



1. İslandiya
2. Danimarka
3. Avstriya
4. Yeni Zellandiya
5. İsveçrə
6. Finlandiya
7. Kanada
8. Yaponiya
9. Avstraliya
10. Çexiya
55. Vyetnam
60. Argentina
70. Moldova
79. Gürcüstan
82. Kuba
87. Qazaxıstan
91. Ermənistan
95. Səudiyyə Ərəbistanı
103. Braziliya
106. Türkmənistan
108. Tacikistan
113. Özbəkistan
121. Qızğızıstan
124. Çin
132. Azərbaycan
138. İran
143. Hindistan
153. Şimali Koreya
154. Pakistan
157. Somali
160. Əfqanıstan
161. İraq
162. Suriya

Monday, July 20, 2015

STALİN REJİMİ GERİ DÖNDÜ.


 STALİN REJİMİ GERİ DÖNDÜ - İLHAM ƏLİYEVİN TƏQDİMATINDA.

  Azərbaycan diktatoru İlham Əliyev atasından, atası Heydər Əliyev isə Stalindən örnək alır, onun yolu ilə öz dikta rejimini qururdu. Amma ilham ağa daha da irəli getdi. Hər zaman qumar masalarında olan İlham ağa hökumət yönətimini də bu üsulla həyata keçirir. Birazda Stalindən örnəklərlə 60 il öncəni yaşayan, ağlı hələ də 50-60 cı illərdə olan İlham ağa repressiyaları görülməmiş həddə çatmışdır. Siyasi rəqiblərini pul ilə, vəzifə və sonda isə buna nail olmadıqda həbslə qorxudan Əliyev yapokratiyası yenə də aciz qalır. Ölkədə mübarizə insanları hər türlü repressiyalara qarşı gəlməkdə, əqidəsi ilə mübarizədən qopmamaqdadır.

  Diktator Əliyevi isə bu daha çox hiddətləndirir və nəticədə Stalin rejimindən qalma repressiya sistemini işə salır. Tuta bildiyini tutur, qaça bilən qaçır və bundan sonra rəqibinin ailəsi, qohumları ilə təhdidlər başlayır, sonda isə həbsləri ilə bitir. Bu haqda onlarla misal çəkmək olar. Yaxın zamana baxdığımızda Rafiq Daşdəmirlinin oğlunun, Natiq Ədilovun qardaşının həbslərini görürük.

Bunu daha öncə bəndəniz də yaşadım. Necə?

  9 ay idi ki sürgün həyatı yaşayırdım. Barəmdə iki maddə ilə (CM-nin 274 və 178 ci) açılan cinayət işindən gecə ilə yaxa qurtarmış, qaçmağa nail olmuşdum. Gürcüstana, ordan isə Türkiyəyə gedib yerləşmişdim. Sonra Azərbaycanın Türkiyədəki səfirliyi, əsas da səfir Faiq Bağırovun təşəbbüsü ilə Türkiyə Dış İşleri Bakanlığına (Xarici İşlər Nazirliyi) mənim "vətən xayini" olduğum və ölkəmdə axtarıldığım haqda müraciət ünvanlanır və saxlanılaraq Azərbaycana ekstadisiya edilməm istənilir. Bunun üzərinə İstanbul Emniyyet Müdürlüyünə aparılır və hüquqi işləmlər başlatılır. Bu olay 22 oktyabrda baş verir. Emniyyetde olduğum zaman isə imdadıma Amnesty İnternational Təşkilatı Türkiyə ofisi yetişir və bunun insan haqlarına zidd olduğunu bildirir, bu yöndə danışıqlara başlayır. 24 oktyabrda isə qərar verilir - 48 saat içində ölkəni tərk et.

  26 oktyabrda, səhər saatlarında Atatürk Hava Limanından ayrılır (Hava Limanında isə bir daha bu ölkəyə girişim mümkün deyil deyə açıqlama verilir - girişimə siyasi yasaq qoyulur) və Ukraynaya, oradan isə qatarla Belarusiya Minskə gedirəm. Belarusiya sərhəddində isə qatardan endirilir və 24 saata yaxın Polis Bölməsi Müvəqqəti saxlama Təcridxanasında saxlanılıram. Məlum olur ki, bu ölkədə adım qara siyahıya salınıb (sonradan Rusiya, Qazaxıstan kimi ölkələrdə də adımın qara siyahıda olduğu bilinir), istənməyən şəxs elan edilmişəm və girişim yasaqdır. Gəldiyim ölkə olan Ukraynaya deport edilir və bir sürə orada yaşayır, süi qəsdə məruz qalır və 22 mart 2015 də oranı da məcburi tərk edirəm. Növbəti yolçuluq Moldova Kişinovadır. İki ay yaşadığım Kişinovda olduğum zaman, may ayının əvvəllərində Hollandiya Amsterdama bir konfransa dəvət alıram. Bu dəvət, beynəlxalq təşkilatların barəmdə yazdığı məktublar və yerli Human Rights Embassy Təşkilatının yardımı ilə Moldovadan viza almağa nail oluram. Növbəti və son yolçuluq Avropa, Hollandiyayadır. 19 may tarixində vizam və təyyarə biletim hazır olur və 26 may tarixində Amsterdam yolu başlayacağı bilinir, dəqiqləşir.

  Bu günlərdə isə Bakıda hakimiyyətin oğrun, quldur və həris siyasəti üzündən bina yanğını baş verir ki, orada da çox sayda insan həyatını itirir. Bu yanğın hadisəsi haqda Türkiyə televiziyası məndən müsahibə istəyir və 8 dəqiqəlik çıxışımla bu yanğın olayının bir başa diktator Əliyevin əli ilə olmasını açıqlayır, dəlillər gətirirəm. Bu müsahibə yayımlanandan sonra isə ailəmə təzyiq başlayır. ardınca bir video müraciətlə Zaqatala əhalisini mitingə səsləyirəm ki, bu da rayonda rezonans doğurur və atamın həbs edilməsi ilə hədələnmələr başlayır.

Həbs edilən bacım qızı Yasmin.
  21 may tarixində isə sosial şəbəkə vasitəsi ilə "Yandıran Olimpiadaya YOX" şüarı altında Bakıda miting çağırışı edirəm ki, bu artıq son nöqtə olur. Zaqatala şəhərində yaşayan bütün ailə üzvülərim və qohumlarım polis tərəfindən saxlanılır. Hansı ki onların içində 5 yaşı tamam olmayan bacım qızı, bacım, atam, yeznəm, bibilərim, xalalarım, xalamın oğlu və yoldaşı, bibimin yeznəsi kimi uzaq qohumlar da var. Bu rəsmən dövlətin cinayəti idi və polis mənimlə terroristə xas olan əməllə danışıqlara başlayır. Skayp üzərindən polislə danışıqlar gedir. Polisin tələbi yaratdığım miting çağırışı eventini bağlamağımdır. Razılaşmıram. çünki bunları tanıyıram. Bir tələblə razılaşsam ardı kəsilməyəcək, məlum. Bunu da polis rəisinə açıq deyirəm. O isə and aman edir ki, "bu ilk və son tələbdir. Bakıdan tapşırıq var, hər necə olsa onu susdurun". Bunu silməyimin vacib olduğunu, əks təqdirdə saxlanılanları azad etməyəcəklərini bildirirlər. Yenə də razılaşmıram.

  Beynəlxalq Təşkilatları xəbərdar edirəm, qazetlər falan yazır bunu. Bir neçə təşkilat bəyanat verir və s. Sonda hakimiyyət xakerləri Facebook profilimi ələ keçirməyə müvəffəq olur və eventi silməklə yanaşı, həm də profilimi bağlayır. Daha sonra isə ailəm "müvəqqətidir" deyilərək sərbəst buraxılır.

Buna bənzər olayı isə təkrarən bu gün yaşadıq- Qənimət Zahidovun ailəsinin timsalında.

  Bu gün Azadlıq qəzeti baş redaktoru, "Azərbaycan Saatı" programı qurucusu və aparıcısı Qənimət bəy Zahidovun ailəsinə qarşı repressiya siyasəti hərəkətə keçib. Onun Şamaxıda yaşayan yaşlı anasının evinə polis gedib və təzyiq edib. Ardınca dünən həbs edilərək barəsində 30 sutka həbs cəzası verilən qardaşı oğlundan başqa, bu gün əmisi oğlu da həbs edilib. Bundan əlavə digər qardaşı oğlu isə Bakıda iş yerindən saxlanılaraq aparılıb və hələlik ondan bir xəbər yoxdur. Güman edilir ki son saxlanılan qardaşoğlu haqda qondarma cinayət işi açılacaq. Repressiya ölkəsində Jurnalist Gününü qeyd edən diktator simvolik olaraq bu günü seçməsi və ölkənin ən dəyərli jurnalistinə qarşı repressiya siyasəti yürütməsi təsadüfi deyil. Əliyevin bu gün bir sıra hakimiyyət yanlısı "jurnalistə" mükafat verərək, digər jurnalistin ailəsini həbs etməsi onun qisascıl xislətindən irəli gəlməkdədir.

Monday, June 29, 2015

Ermənistan-Azərbaycan, cəmiyyət fərqi.



  Ermənistan Republikası son günlər paytaxt Yerevandakı mitinglərlə gündəmdə - yəni haqqını tələb etməklə, ədalət istəməklə. Vətəndaş, xüsusilədə gənclər ölkəsinə, duruma biganə qalmır, dəyənək altında, meydanlarda gecələyir və haqqını sona qədər savunur.
  Azərbaycan Respublikası, vətənim isə AŞPA da qəbul edilən siyasi məhbusların siyahısı, pozulan insan haqları, Avropanın iştirak etmədiyi “Avropa Oyunları” və ora xərclənən 8 milyard vəsait ilə dünya mediyasında – yəni haqqını yedirtməklə bir rejimə, sülalə hakimiyyətinə. İnsanımız isə “bununla dünyaya ölkəmizi tanıdırıq” deyib cahilliyini nümayiş etdirir.

Qarabağ niyə Azərbaycanın nəzarətinə qayıda bilmir?

  Mən Qarabağ Ermənisi olsam kimin yanında yer almaq istərdim- bu sualı versin bir vicdan sahibi özünə - Ermənistanın, yoxsa Azərbaycanın? Bu sualdan yola çıxan Qarabağ erməniləri ayağını bir başmağa dirəyiblər və 20 ildir mücadələ verirlər. Təbii ki, bunun pərdəarxası olayı Rusiya ilə bağlıdır, ancaq görüntüdə var ortada – elə yuxarıda qoyduğum sual.
  Qarabağ erməniləri əlbəttə ki, əzilən, kor olmuş, təhsilsiz və təhqir olunmuş cəmiyyətdə deyil. Hakimiyyəti Rusiyanın boyunduruğu altında olsa belə cəmiyyət olaraq irəli görüşlü, təhsilə, Avropa mədəniyyətinə və haqqı uğruna birləşə biləcəək, meydanlarda yataraq etirazını bildirəcək və nəticədə haqqına sahib çıxacaq cəmiyyətin yanında yer alardım deyir və buna doğru sürətlə gedir. Necə ki, bu gün Qarabağ öz azadlığını qismən qəbul elətdirir dünyaya və yaxın gələcəkdə bu gedişatla buna nail olacaq da. Çünki Qarabağ erməniləri İlham Əliyevi “öcü” kimi göstərir barmaqla və dünyaya səs sala bilir ki, bu adam özününkilərə divan tutur, bizə gör neyləyər.
  Dünyanın güc sahibləri də görür ki, öz insanına zülm edən, həbsxanaları vicdanlı insanlara məskən seçən, xalqın sərvətini talayıb cibinə dolduran rejim, Qarabağda ermənilərə divan tutması istisna edilmir və bu səbəbdən Qarabağın Azərbaycana verilməsində sərt mövge tutmur, tutmayacaq da. Həm bu ölkənin insan haqları, korrupsiya və özbaşınalıq durumu o qədər qabarıq şəkildə gündəmdə ki, artıq başqa yerə fikir vermək mümkünsüzdür. Yəni bütün bu halların qarşısında durub da Qarabağ məsələsini gündəmə gətirmək olmur, olmayacaq. Bizim “şanlı”, “regionda lider” dövlətimizin diktatoru İlham Əliyev isə barmağı qapı arasında sıxışan kimi cumur Avropanın üstünə ki, “bizim Qarabağ boyda dərdimiz var”. Onlarda bunu başa salmağa çalışır ki, ay atasının oğlu, bir dur hələ, sənin Qarabağın sənin ölkənə ziyandırsa, sənin dünya dəyərlərini tapdalamağın bütün bəşəriyyətə ziyandır və ilk öncə biz bunu həll etməliyik. İlham ağa da iciyir, küsür bunlardan ki, bəs mənim oğurladığım 3-5 manata göz dikmisiz, ancaq mən sizə sərvət yedirdirəm.

Gələk xalqların məsələsinə. Hansı cəmiyyət, xalq daha irəlidədir deyə baxaq.

  Regionda lider dövlət olmasını Prezident Aparatı və AZTV dən o yanda danışa bilməyən Əliyev rejiminin köləsi olmuş, təhsilsizlik və cahiliyyətin qurbanına çevrilmiş, Avropanın olmadığı “Avropa Oyunlarına” göbək atıb sevinən cəmiyyət irəlidədir?
  Yoxsa Avropa mədəniyyətini özündə cəmləyən, ölkə mədəniyyətini qoruyub saxlayan və hətta sizin “sarı gəlini” belə -sırf sizin acığınıza- öz adına dünyaya göstərəcək qədər güclü olan, elektrik enerjisinin qiyməti artıb deyə meydanlarda yatan və etirazını bildirən toplum, cəmiyyətmi daha üstündür?
  Ermənistan Rusiyanın boyunduruğu altında bu gerçək və bunu heç erməni də danmır. Bəs Azərbaycan harda, kimin boyunduruğunda? Bu da gerçək və danmırıq – Əliyev rejiminin, dolayısı ilə Rusiyanın.

  Demək məsələ həm də cəmiyyətdədir, rejim qədər. Yəni cəmiyyət də özünü tez kölə edib, tez boyunduruq altına salıb “rahatı” üçün. Amma bu rahat boyunduruğu keçirənə qədər olan zamandır və bundan sonra ömürlük boynunda olacaq zülmdür ki, bunu dərk etmək üçün də dünyagörüşü, biraz ağıl lazım idi. Nə acıdır ki, bunu tez itirdik. Ancaq ermənilər Rusiyaya boyun əydiklərini göstərsə də, təhsilini, mədəniyyətini, dəyərlərini qoruyub saxlayıb və bu gün bir araya toplaşa, səsini duyura bilir. Bəs Sarkisyan niyə öz xalqını kölə edə bilmir? Hə, Sarkisyan Əliyev qədər “ağıllı” deyilmi desəniz, məncə, elə hər yandan göründüyü kimi İlham Əliyevdən çox-çox ağıllıdır. Ən azından Rusiyadan illik büdcəsinin yarısını alıb xalqını yedirtdiyi üçün. Əliyev isə öz ölkəsindən oğurlayıb Avropanın bəzi satılmışlarına və Rusiyaya verir. Atası kimi kreslo və sərvət hərisliyini doyurmaq üçün.