Tuesday, July 15, 2014

Həbs edilən hüquq

Cumhuriyyət qəzeti
 15.07.2014 - 17:11


köşə - RƏSUL MÜRSƏLOV


 Dünən Gəncə şəhər Nizami Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin növbəti və sonuncu məhkəmə prosesi keçirildi. Hakim Ayaz Mahmudovun sədrliyi ilə keçən prosesdə “təqsirləndirilən şəxs” qismində Həsən Hüseynli, yerli hüquq müdafiəçiləri və Həsən müəllimin tələbələri iştirak edirdi.

  Həsən Hüseynliyə Cinayət Məcəlləsinin 221 ci (xuliqanlıq) maddəsi ilə qondarma iş açılmışdı  martın
31 də və həbsinə hakimiyyət tərəfindən fərman verilən hüquq müdafiəçilərindən biri idi. Kimsə məhkəmədən ədalətli qərar gözləmirdi. 04 iyul tarixində dövlət ittihamçısı 7 il azadlıqdan məhrum etmə hökmü tələb etmişdi elm adamına. Və o zamandan hər kəs, elə Həsən müəllimin özü belə həbsə gedəcəyini bilirdi.
  Gözlənilən oldu, yenə sifarişlə hökm oxuyan məhkəmələr “qalib” gəldi. Dövlət ittihamçısının tələb etdiyi müddətdən 1 il 2 gün çıxmaqla hakim Ayaz Mahmudov Həsən müəllimə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə hökmü oxudu. Hökm oxunan kimi zalda əyləşən Həsən müəllimin tələbələri Dövlət himnini oxumaga başladılar. Polis müdaxilə etməkdə aciz qalmışdı o an. Sonra Həsən müəllim bir -bir tələbələri ilə və yaxınları ilə görüşdü, vidalaşdı. Məhkəmə zalından Həsən müəllimin qolları qandallandı və zindana aparıldı.
  Həsən Hüseynliyə vurulan qandal vicdana, elmə, biliyə, maariflənməyə, gənclərin təhsilinə vurulan qandaldır !
  Həsən Hüseynlinin zindana salınması insanlığın, azad düşüncənin, gənclərin elmə, təhsilə marağının və hüququn zindana salınmasıdır !
  Hüququn zindana salınması halı ilk deyildi və bu rejimin qalması ilə son olmayacağı görünməkdədir. Məlum, bu rejimə hüquq, elm, maarifləndirmə adamı lazım deyil – gənclərə elm öyrətmək, maarifləndirmək rejim qarşısına öz hüquqlarını bilən bir gənclik çıxartmaq, elə bu rejimə etiraz etmək deməkdir.
  Daha əvvəldən həbs edilmiş hüquq adamları, hüquq müdafiəçilərinə baxaq – Qurban Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı, Emil Məmmədov. Bu insanlar da hüquq adamlarıdır və bu səbəbdən həbsdədirlər.
  Hələ həbs təhlükəsi olan, pasportu qanunsuz olaraq əlindən alınan, təqib edilən hüquq müdafiəçisi də var – Leyla Yunus.
  Birdə həbs ediləcəyi kəskinləşən və bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalan hüquq müdafiəçisi də var – Mətanət Əzizova.
  Birdə var ki haqqı müdafiə etdiyi üçün Vəkillər Kollegiyasından uzaqlaşdırılan hüquq adamı – Aslan İsmayılov.
  Var, var, var. Saymaqla, yazmaqla bitmir bu ölkənin həbs edilmiş hüququ, hüquq adamı. Elə statistikaya baxmaq yetərlidir ki ölkədə hüququn hansı yerdə olduğunu biləsən. Statistikaya əsasən Azərbaycan Respublikasında Vəkillər Kollegiyasında rəsmi qeydiyyatla 800 vəkil fəaliyyət göstərir. Bu isə o deməkdir ki orta hesabla on min nəfərə bir vəkil düşür bu ölkədə. Məncə bu statistika hüquq adına hər şeyi açıqlayır.
Hüququn həbs edildiyi “çiçəklənən” Azərbaycan.
 http://cumhuriyyet.az/kose/9566-hebs-edilen-huquq.html

Tuesday, July 1, 2014

Zaqatala icra başçısının korrupsiya imperiyas

Cumhuriyyət qəzeti
 01.07.2014 - 17:47
   araşdırma - RƏSUL MÜRSƏLOV




  Zaqatala icra başçısı Mübariz Əhmədzadənin daha əvvəl də mülkləri, obyektləri, bayragı təhqir
etməsi haqda yazmışdıq. Cumhuriyyet.az olaraq bu dəfəki mövzumuz büdcəni necə  ozününküləşdirməsi, talan etməsi haqda olan araşdırmamızdır. Belə ki Zaqatala şəhəri icra başçısı, “Su Melorasiya” ASC nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdıgı şirkətlərə köçürməklə mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir.


  Zaqatala şəhəri küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin abadlaşdırılması” qoyulur. Həmin divarlara vurulan üzlük daşlarının haradan və neçəyə gətirildiyini araşdırdıqda maraqlı bir mənzərə ilə üzləşdik. Büdcədən 1 kv.m çay daşı üçün 50 manat civarında pul icra başçısının inhisarında olan şirkətlərə köçürülür. Halbu ki həmin çay daşı Əhmədzadə qardaşlarının böyük biznesinin yerləşdiyi Qax şəhəri İlisu kəndi ərazisində şəlalə ətrafındakı qayalardan hazırlanır. Həmin ərazidə Mübariz Əhmədzadə kənd əhalisindən bir neçə nəfəri günlük 10 manat müqabilində işlədir və hər bir işçi qazanacagı 10 manat üçün 50 kv.m çay daşı hazırlamalıdır. Sonra bu daşlar Zaqatala şəhərinə daşınır və burda şəhərin divarlarını “bəzəyir”.  Daha bir maraqlı məqamı orda işləyən fəhlələr bildirdi. Belə ki fəhlə “Əhmədzadənin fəhlələrindən başqa kimsə, hətta kənd sakini belə özü üçün çay daşı apara bilməz -başçı buna izin vermir” deyə bildirdi. Görünür Əhmədzadə kəndi, şəhəri özəlləşdirməsi azmış kimi dagları, qayaları belə mənimsəyib və özünün icazəsi olmadan kimsə daşa, qayaya belə toxuna bilməz.

  Zaqatala şəhərinə təyinatından əvvəl Qax şəhəri  icra başçısı olan Mübariz Əhmədzadə eyni üsulla orda da həmin “əməliyyatı” etməsi gözümüzdən qaçmadı – Qaxın hər küçəsi çay daşları ilə örtülmüşdü. Həmin dönəmdə Qaxın yarısını, İlisu kəndinin yarıdan çoxunu özəlləşdirməsi hər yerdə gözə çarpırdı. Bunların sırasında Qax şəhər Avtovagzalı, şəhərin müxtəlif yerlərində villalar, böyük obyektlər, “El Resort” otel kompleksi, turistik yer olan İlisu kəndində “Yaşıl Park” otel kompleksi, “Səngər Qala” otel kompleksi,  “Ulu Dag” oteli, torpaq (1 sotu 3000 – 5000 manat qiyməti olan) sahələri, kəndin mərkəzində bir neşə villa və.s.

  Bu qədər talama, ozəlləşdirmə, korrupsiyaya bulaşmış Mübariz Əhmədzadə hazırda böyrək çatışmazlıgından əziyyət çəkir. Varidatının saysız – hesabsız olmasına baxmayaraq əməliyyat oluna bilməməsinin səbəbi şəkərli diabet xəstəsi olmasıdır və buna görə həkimlər əməliyyata icazə vermir. Mübariz Əhmədzadənin işə çıxa bilməməsi və ya büdcə üzərində “əməliyyata” başının qarışmasının nəticəsidir ki Zaqatala şəhərində məmur özbaşınalıgı, bayragı tərs asmaqla dövləti, milləti təhqir etməsi davam etməkdədir.

http://cumhuriyyet.az/sonxeber/9075-mubariz-ehmedzade-budceni-nece-talayir.html