Showing posts with label Leyla Yunus. Show all posts
Showing posts with label Leyla Yunus. Show all posts

Tuesday, October 21, 2014

Əfv yazananları bağışlamaq olarmı?

Cumhuriyyət qəzeti
 21.10.2014 - 10:55




  Son günlər gündəmin mövzusu olan əfv haqqında yazmağı düşündüm. Gündəmdən düşməyən əfv məsələsinə hərə bir cür baxış sərgilədi, “onları qınamayın” və s. tipli yazılar yazdı, paylaşdı, müzakirələr etdi. Hər kəs bir don geyindirdi əfv, peşmanlıq ərizələrinə.
Yazanları haqlı çıxartmaq istəkləri, onları “anlamaq” duyğuları və s. Axı nəyə görə düşünmürük ki, haqlı mübarizədə yarımçıq qaçmaq, yarı yoldan dönmək, dostlarını satmağın haqqı yoxdur?

  Kimsə 3- 5 il “srok” çəkməkdə acizdirsə, dözümü yoxdursa hansı mübarizədən danışır? Məgər bilmirdimi bu mübarizədə həbs də var, əziyyət də var, işgəncə də var, ailəyə təzyiq də var.

  Əgər bu sadaladıqlarım olmuşsa…

  İndi düşünün ki, əfv yazdırdıqları həmin gənclərə edilən təzyiqin nəticəsini almış hakimiyyət bundan məmnun olaraq eyni metodları digər siyasi məhbuslar üstündə dənəyəcək. Çünki nəticəsini almış oldu. Niyə, nəyə görə əqidəsindən dönməyən digər siyasi məhbuslar indi əqidəsini satan məhbuslara görə ikiqat əziyyət çəksin? Burda hansı ədalətdən söhbət gedə bilər? Bəs biz ədalət naminə mübarizə aparmırdıqmı? Bu haqsızlıq deyilmi?
  Kimsə deməsin ki, “onların nə çəkdiyini bilmək olmaz, necə təzyiq edildiyini bilmirik”. Bilirik, daha doğrusu bilirəm və deyim siz də bilin.

  Qayıdaq keçən ilə siyasi məhbuslardan əfv istəyən, partiyasından istefa verən və seçkilərdə İlham Əliyevi dəstəklədiyini bildirən Daşqın Məlikov, Rahib Hacıyev (AXCP), İlham Əmiraslanov (hüquq müdafiəçisi), Hilal Məmmədova (jurnalist). Onlarla eyni dönəmdə həbsdə olmuşam və hansı şəraitdə əfv yazdıqlarını bilirəm. Onu deyim ki, onların heç birinə barmaq ucuyla belə toxunulmayıb. Fiziki və mənəvi işgəncə verilməyib. Sadəcə həbsdən çıxacaqları müqabilində əfv yazmaları təklif edilib və yazıblar. Sadəcə Hilal Məmmədov azadlığa buraxılmayıb, onunla da 15 il əvəzinə 5 il hökm oxumaqla razılığa gəliblər.
  Bu əfv, yalvarış ərizələri Əliyevə seçki öncəsi lazım idi və yazdırdı. Yuxarıda adları çəkilən məhbuslar Əliyevə yardım etdilər beynəlxalq qürumlar qarşısında.

  Bununlada zərbə vurdular, xəyanət etdilər mübarizəyə…

  Gələk bu il başlanan siyasi məhbusların peşmanlıq, əfv ərizələrinə  ilk ərizə Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsəvər Mürsəllidən (NIDA) gəldi. Diqqət edin hansı ərəfədə yazıldığına. Yenə də beynəlxalq bir konfransa günlər qala. Hansı ki həmin konfransda Azərbaycanda siyasi məhbus məsələsi gündəmdə olacaq, beynəlxalq təzyiqlə hakimiyyətin önünə onları azadlığa buraxmaq şərti qoyulacaqdı. Azərbaycan hakimiyyəti bir çox siyasi məhbusu azadlığa buraxmağa məcbur olacaqdı. Hansı ki dünya gündəminə ən çox çıxarılan siyasi məhbuslar NIDA- çılar idi və onların da sərbəst buraxılması ilkin məsələ idi. Amma hakimiyyət daha ağıllı davrandı və həmin ərəfədə yazdırdığı əfvlə bütün siyasi məhbuslara zərbəni vurdu. Həmin zərbəni üç gəncin əli ilə, öz içimizdən olanlarla vurdu.

  Bundan sonra da əfv, peşmanlıq ərizələrinin ardı arxası kəsilmədi. Çünki son dönəmdə beynəlxalq təzyiq hakimiyyətin əleyhinə işləməkdə idi və siyasi məhbus məsələsi gündəmdən düşmürdü. Avropanın, hətta ABŞ- ın belə artıq açıq- aşkar Azərbaycandakı siyasi məhbusları müdafiə etməsi
İlham Əliyev rejiminin kabusuna çevrilmiş, siyasi məhbusları sərbəst buraxmamaq artıq mümkünsüzləşdiyi bir zamanda diğər siyasi məhbusların da əfv yazması artıq mübarizəyə, qələbəyə vurulan ən böyük zərbə idi. Sırası ilə Həsən Hüseynli (maarifçi) və Sərdar Əlibəyli (jurnalist) əfv yazdı və elə yazdı, ki sanki bu adamların həbs edilməsində günahkar müxalifətdi. Hətta yazılarında onları siyasi məhbus kimi tanıdığımız üçün bizləri də günahlandırdı, hakimiyyətin atdığı çamuru, iftiranı qəbul etdi və ictimaiyyəti “yalançı” adlandırdı. Yəni “biz cinayət etmişik, amma bəzi təşkilatlar bizi siyasi məhbus adlandırır” dedilər.

  Bundan sonra Əliyev diktaturası bir müddətlikdə saxta hakimiyyətini davam etdirdi və yenə də dalana dirənəndə qalan NIDA- çılara əfv yazdırmaqla yenə öz çirkin oyununa haqq qazandıra bildi.
  Sizləri əmin edirəm ki əfv yazanlara qarşı heç bir ciddi təzyiq olmayıb. Əfv yazdırdıqları məhbusları nə yanvar ayında açıq havada, “praqulda” geyimini əlindən alaraq bir gün saxlayıblar, nə ailəsi ilə görüşünə, telefon danışığına qadağa qoyublar, nə günlərcə “kars”a salıb ac- susuz saxlayıblar, nə yeməyinə zəhər qatıblar, nə də olmazın işgəncələr veriblər. Əfv yazanlara sadəcə azadlığa buraxmaq sözü veriblər. Çıxacaqları azadlıq nə qədər azadlıqdırsa…

  Əfv yazanlar heç olmasa onları, siyasi məhbusları müdafiə etdikləri üçün həbsə atılan Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərovu düşünərdilər. Onlar axı sizləri müdafiə etdikləri üçün bu gün həbsdədirlər. Etdiyiniz, əfv yazmağınız onlara xəyanət deyilmi?
  Son olaraq deyim ki, istənilən təzyiq qarşılığında yazılan peşmanlıq, əfv sınmaqdır, əqidəsini satmaq, mübarizəyə xəyanətdir…

http://cumhuriyyet.az/kose/12842-efv-olunanlari-bagishlamaq-olarmi.html

Tuesday, July 15, 2014

Həbs edilən hüquq

Cumhuriyyət qəzeti
 15.07.2014 - 17:11


köşə - RƏSUL MÜRSƏLOV


 Dünən Gəncə şəhər Nizami Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin növbəti və sonuncu məhkəmə prosesi keçirildi. Hakim Ayaz Mahmudovun sədrliyi ilə keçən prosesdə “təqsirləndirilən şəxs” qismində Həsən Hüseynli, yerli hüquq müdafiəçiləri və Həsən müəllimin tələbələri iştirak edirdi.

  Həsən Hüseynliyə Cinayət Məcəlləsinin 221 ci (xuliqanlıq) maddəsi ilə qondarma iş açılmışdı  martın
31 də və həbsinə hakimiyyət tərəfindən fərman verilən hüquq müdafiəçilərindən biri idi. Kimsə məhkəmədən ədalətli qərar gözləmirdi. 04 iyul tarixində dövlət ittihamçısı 7 il azadlıqdan məhrum etmə hökmü tələb etmişdi elm adamına. Və o zamandan hər kəs, elə Həsən müəllimin özü belə həbsə gedəcəyini bilirdi.
  Gözlənilən oldu, yenə sifarişlə hökm oxuyan məhkəmələr “qalib” gəldi. Dövlət ittihamçısının tələb etdiyi müddətdən 1 il 2 gün çıxmaqla hakim Ayaz Mahmudov Həsən müəllimə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə hökmü oxudu. Hökm oxunan kimi zalda əyləşən Həsən müəllimin tələbələri Dövlət himnini oxumaga başladılar. Polis müdaxilə etməkdə aciz qalmışdı o an. Sonra Həsən müəllim bir -bir tələbələri ilə və yaxınları ilə görüşdü, vidalaşdı. Məhkəmə zalından Həsən müəllimin qolları qandallandı və zindana aparıldı.
  Həsən Hüseynliyə vurulan qandal vicdana, elmə, biliyə, maariflənməyə, gənclərin təhsilinə vurulan qandaldır !
  Həsən Hüseynlinin zindana salınması insanlığın, azad düşüncənin, gənclərin elmə, təhsilə marağının və hüququn zindana salınmasıdır !
  Hüququn zindana salınması halı ilk deyildi və bu rejimin qalması ilə son olmayacağı görünməkdədir. Məlum, bu rejimə hüquq, elm, maarifləndirmə adamı lazım deyil – gənclərə elm öyrətmək, maarifləndirmək rejim qarşısına öz hüquqlarını bilən bir gənclik çıxartmaq, elə bu rejimə etiraz etmək deməkdir.
  Daha əvvəldən həbs edilmiş hüquq adamları, hüquq müdafiəçilərinə baxaq – Qurban Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı, Emil Məmmədov. Bu insanlar da hüquq adamlarıdır və bu səbəbdən həbsdədirlər.
  Hələ həbs təhlükəsi olan, pasportu qanunsuz olaraq əlindən alınan, təqib edilən hüquq müdafiəçisi də var – Leyla Yunus.
  Birdə həbs ediləcəyi kəskinləşən və bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalan hüquq müdafiəçisi də var – Mətanət Əzizova.
  Birdə var ki haqqı müdafiə etdiyi üçün Vəkillər Kollegiyasından uzaqlaşdırılan hüquq adamı – Aslan İsmayılov.
  Var, var, var. Saymaqla, yazmaqla bitmir bu ölkənin həbs edilmiş hüququ, hüquq adamı. Elə statistikaya baxmaq yetərlidir ki ölkədə hüququn hansı yerdə olduğunu biləsən. Statistikaya əsasən Azərbaycan Respublikasında Vəkillər Kollegiyasında rəsmi qeydiyyatla 800 vəkil fəaliyyət göstərir. Bu isə o deməkdir ki orta hesabla on min nəfərə bir vəkil düşür bu ölkədə. Məncə bu statistika hüquq adına hər şeyi açıqlayır.
Hüququn həbs edildiyi “çiçəklənən” Azərbaycan.
 http://cumhuriyyet.az/kose/9566-hebs-edilen-huquq.html